***Deyingən*** VƏKİL BİZİ NİYƏ CIRNATDI?
Yeni il qabağı bütün sosial şəbəkələri, kütləvi informasiya vasitələrini işğal edən mövzu Azərbaycan parlamentinin millət vəkili Astan Şahverdiyevin ölkədən kənara getmiş həmyerliləri haqqında düşünüb-daşınmadan dediyi sözlərə cavab vermək, təhqirə dəfələrlə sərt qarşılıq vermək oldu. İndiyədək geniş kütlənin tanımadığı, deputat olduğunu belə çoxlarının bilmədiyi bir adamın uğursuz çıxışından sonra elmi dərəcələri, titulları ilə vəziyyəti xilas etmək istəməsi, qohumunun deputatı düşdüyü bataqlıqdan çıxarmaq üçün sərxoşluğunu bəhanə etməsi vəziyyəti lap quyunun dibinə çatdırdı. Partiya həmkarlarının çıxışın “təhrif olunmasında” jurnalistləri günahlandırmaq istəməsi, prezident aparatı məsulunun deputatı müdafiə etmədən “dediyinə özü məsuldur” kimi ifadə işlətməsi birdən-birə binəva durumuna düşmüş deputatı cıxılmaz vəziyyətə saldı. Artıq gərilmiş əsəblər üzr istəməyi belə haqlı olaraq təhqirin ekvivalent “müalicəsi” kimi qəbul etmir, mandatın təhvil verilməsini tələb edir.
Deputatın sözlərinin əks-sədası proqnozlaşdırıla bilən olsa da bu qədər emosional böhran hərarətinin səbəbi nədir? Əvvəla onu demək yerinə düşər ki, etiraz səslərini ucaldanlar arasında emosional çıxışlar olsa da, indiyədək başını yazı masasından qaldırmadan vicdanla öz işini görən və ücüz populyarlıqdan uzaq alimlərdən tutmuş gecə-gündüz bilmədən fiziki işlərdə çalışıb Azərbaycandakı və Rusiyadakı (Hollandiyadakı, Amerikadakı) ailələrini saxlamağa çalışan, təhsilində və qabiliyyətində, tərbiyəsində və nitqində bədnam deputatdan çox-çox üstün adamlar çıxdı sosial şəbəkələrə. Tarixi vətəndən kənarda necə böyük potensialın olduğunu indiyədək dağınıq diaspor təşkilatları üzə çıxara bilməmişdi və bir deputatın səhvi həmin məsələnı bir neçə gündə həll etdi. İndiyə qədər vətəndən uzaqdakı həmyerlilərimiz deputatların “Qərb gəlsin demokratiyanı bizdən öyrənsin”, “Onlar (başqa dövlətlərin vətəndaşları) bizim prezidentimiz kimi prezidentləri yoxdur deyə bizə paxıllıq edir”, “Azərbaycanda bir kişi var”, “Biz erməni kilsələrinə pulsuz qaz veririk”, “Müəllimlər dərs deyəndən sonra təsərrüfatda çalışsınlar”” kimi ifadələrini gülüşlə, rişxəndlə, anlaşılan narazılıqla qarşılasalar da dişlərini sıxıb başqa dövlətlərdəki məhrumiyyətlərə sinə gərərək özlərini isbat etməyə, istəmədikləri halda inteqrasiya olmağa, orada ala bilmədikləri haqlara burada yiyələnməyə çalışırdılar və çalışmaqda davam edirlər. Onların böyük əksəriyyəti vəziyyətlə barışıb və başqa ölkələrdəki firavan həyat tərzini gördükcə vaxtından əvvəl qocalmağı, infark olmağı, əzilməyi, üzülməyi gözə alıblar. Deputatın hesab sayğacı nə qədər yanlış işləyir-işləsin, Azərbaycandan kənarda çörək qazanmağa məcbur olanların böyük əksəriyyəti açıq mənbələrdən aldıqları məlumatla Azərbaycana nə qədər neft-qaz sərvətinin gəldiyini, məmurların hansı bölmələrə, bölgələrə, sahələrə inhisarlıqla rəhbərlik etdiyini, xalqın güzəranı üçün ayrılan dövlət vəsaitinin xalqdan nə qədər uzaq banklarda saxlandığını, işğal altında ərazisi olan dövlət məmurlarının hansı dəbdəbə içərisində yaşadığını çox aydın görür. Bütün ümidlərini respublika prezidentinə bağlamış insanların çoxu indiyədək bu fikirdədir ki, bu gün olmasa da sabah prezident məmur özbaşınalığına, talana, rüşvətə son qoyacaq. Həqiqətən bu inamın özülü-söykənəcəyi varsa da ayrı-ayrı sahələrə rəhbərlik edənlərin kənardan görünən nüfuzü elə miqyaslıdır ki, bəzən onlar keçmiş əsrlərdəki xanlıqları xatırladır. Sanki onların hər birinin öz dövləti var. Bu barədə söz açanı da olmazın ittihamlar gözləyir. Bunu dərk edən və qəribliyi özünə labud yol kimi seçmiş insanlar üstəlik sərxoşluqda, tullantılıqda ittiham ediləndə həqiqətən sinirlərə hakim olmaq müşkülləşir. Vəziyyət elə şəkil aldı ki, həqiqətən qanunla problemi olanlar da, hüquq-mühavizə orqanlarının “müştərisi” olanlar da “aydan-arı, sudan duru” kateqoriyasına girdilər. Sanki vətəndən uzaqda yaşayanların hamısı bir mələkdir, sanki Rusiyada və başqa ölkələrdə öz həmvətənlərini aldadan, maddi zərər vuran, ehtikarlıq, möhtəkirlik edən yoxdur. Bu xoşagəlməz hadisə daha qəribə bir vəziyyəti ortaya çıxardı. Deputatın yanlışını sırf azərbaycanlılara aid edən talış qardaşlarımız arasında rusların “moya xata s krayu” (“bunun mənə dəxli yoxdur” mənasında) deyimini əsas tutub özlərini yana çəkənləri tapıldı.
Xülasə, millət vəkili özü də istəmədən elə sarı simə toxundu ki, onun sədası uzun müddət qulaqlardan çəkilməyəcək. Hər halda xalqla, onun ölkədən kənardakı nümayəndələri ilə ikinci, üçüncü növ insanlar havasında danışmaq istəyən vəkillər və məmurlar da yəqin ki, yuxularını bir neçə günlük qarışdırdılar.
Yeni ilin astanasında, hər il böyük fəxrlə qeyd etdiyimiz dünya azərbaycanlılarının həmrəylik günü ərəfəsində meydana gəlmiş bu anlaşılmazlığın tarixi vətənimizin inkişafı yolunda faydalı dəyişikliklərə vəsilə olacağı ümidi ilə bütün xalqımızı təbrik edirəm!
Cəfər Sadıq,
Moskva, 28 dekabr 2016-cı il“