Deyingən —ZİBİL ZİBİLİN ÜSTÜNÜ AÇDI


Əli qələm, dili söz tutan kim varsa bu rəzalətdən danışdı, hiddətləndi, əsdi, guruldadı. Nə dəyişdi? Heç nə. Amma dəyişməlidi!

Koronavirus, zibil, zorakılıq. Nə əlaqəsi var? Dövlət, əhalisinin sağlamlığı qeydinə qalaraq küçəyə çıxmağa qadağa qoyur. Ki, küçəyə çıxan vətəndaş, iraq olsun, xəstəliyə tutular və dövlət onu qoruya bilmədiyinə görə xəcalət çəkər. Bu arada evdə qalan zibilin daha çox xəstəlik yarada biləcəyini düşünən (düşüncəsiz!) vətəndaş qərara gəlir ki, küçədə bir kimsə yoxkən evdəki zibili atsın. Bu niyyətlə evinin önünə çıxan vətəndaş onun sağlamlığı üçün məsul olan ən az dörd polislə rastlaşır (əstəşfürüllah, bu hesabla ölkə əhalisinin beşdə dördü polis olmalıdı ki, qalan beşdə birinin hərəsinə dörd polis düşsün—olmaz belə şey!) O dörd qayğıkeş polis bir düşüncəsiz vətəndaşı nəzakətlə öz maşınlarına “yükləyir” ki, şöbədə qadağanın zəruriliyini ətraflı izah etsin. Zibil torbası ilə küçəyə çıxmağın necə təhlükə yaratdığını görən vətəndaşlar polislə üzləşməmək və qadağaları pozmamaq üçün torbaları yuxarı mərtəbələrdən aşağı atırlar (düşüncəsizliyin kvadratı!!) Polis vətəndaşların bu hərəkətini qayğıkeşliyə nankorluq kimi qiymətləndirərək hər zibil torbasına adekvat tədbir görməyi qərarlaşdırır. Elmin ən son nailiyyətlərinin tətbiq olunduğu şəhərdə bir-iki çoxmərtəbəli binada zibilatanı tapmaq son dərəcə asan işdir. Yəni işğal və zəbt olunmuş rayonlarımızın açıq ərazisində günün günortasında əsgərimizi şəhid edən düşməni tapmaq kimi çətin bir şey deyil ki. Bir günün içində dünən qorunması üçün küçəyə çıxma qadağası qoyulan qədirbilməz vətəndaşlar təsbit edilir və otaqlarına 15, 37, 56, 28 dəbilqəli polislər “təşrif buyururlar”. Arvad-uşağın gözü önündə ailə başçısını çılpaq vəziyyətdə dəhlizə, oradan da “başını sığallaya-sığallaya” küçəyə çıxarırlar. Bu arada bir düşüncəsizlik də ortaya çıxır: evlərdə zibili kişilər atırmış!

Yoruldum səfeh şeylər uydurmaqdan! Bir adamın zibil atması elə bir zibilin üstünü açdı ki, üfunəti ölkəni rəzalətə sürüklədi. Hər iki gündə bir sosial şəbəkələrdə şəkilləri qoyulub altında “Allah rəhmət eləsin” yazılan şəhidlərin və nataraz gövdəsi ilə zibil atanları ailəsinin yanında sürükləyən polislərin eyni Vətənə qulluq etdikləri, eyni təknədən yemək yedikləri böyük şübhə doğurur. Bir tərəfdə düşmən gülləsinin hədəfi olan arıq, çəlimsiz, amma gözlərində Vətən eşqi donmuş yeniyetmə, digər tərəfdə zibil atmaq üstündə öz vətəndaşını yeddi-səkkizi bir araya gəlib kötəkləyən xüsusi təlim görmüş yetkin idmançılar.

Dövlət özünü qorumalıdır!

Polis dövlətin özünüqoruma vasitələrindən biridir.
Ən başlıcası isə polis də, polisin vasitəsi ilə dövlət də VƏTƏNDAŞI qorumalıdır. Bu bəsit “qaydaları” bilə-bilə vətəndaşını alçaldan polisə öz yerini bildirməyən, bildirə bilməyən dövlət özünü çox böyük təhlükə ilə üz-üzə qoyur…

Cəfər Sadıq,
12 iyun 2020-ci il,
Moskva

P.S. Bu yazını bitirməmişdim ki, Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevin naməlüm şəxs (şəxslər?) tərəfindən hücuma məruz qaldığı, bədən xəsarəti aldığı xəbərini eşitdim. Bu deyingənlik mövzusu deyil, faciədir!


Bir cavab yazın