Doxsan üç min sözdən ibarət “Azərbaycan dilinin izahlı lüğəti”” çap olunub”


Doxsan üç min sözdən ibarət "Azərbaycan dilinin   izahlı  lüğəti" çap olunub
Bugünlərdə İstanbulda “Azərbaycan dilinin izahlı lüğəti” işıq üzü görüb.

Beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir.

Xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn “Azərbaycan dilinin izahlı lüğəti” doxsan üç min sözdən ibarətdir.

Lüğət Azərbaycan dilinin orfoqrafiya qaydaları əsasında ərəb qrafikası ilə tərtib olunub. Hər bir sözə həm Quzey, həm də Güney Azərbaycanın, qədimdən ta bu günə qədər, tanınmış şair və yazıçılarının əsərlərindən nümunələr verilib, sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilib.

Dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların bir çoxu bu əlifbayla yazıb-oxuduğundan, onların ana dilimizi qoruyub saxlamaları baxımından “Azərbaycan dilinin izahlı lüğəti”nin nəşr olunması mühüm rol oynayır.

Birinci cilddəki giriş sözündə Məmmədəli Tacəhmədi lüğətin ərsəyə gəlməsində Parisdəki Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun keçmiş rəhbəri mərhum professor Lui Bazenə və UNESCO katibliyinin keçmiş əməkdaşı Ramiz Abutalıbova mənəvi dəstəyə görə öz minnətdarlığını bildirir.

Şəhla AĞALAROVA


Bir cavab yazın