Elə “otxod””, belə “”podxod”””
Rusiyada yaşayan azərbaycanlıdan
Oğul, fayda yoxdur, mən qoyan addan,
Çalış, hünər göstər, özün ad qazan.
O. Sarıvəlli
Bəzən qazandığımızda uduzduğumuzu bilsəydik…
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili Azərbaycan dili göstərilir. O dövlətin qanunverici orqanı olan Ali məclisində həmin maddəyə əməl etmək birinici orada oturanlara düşər- o cümlədən Sizə. “Otxod”- yad kəlməsi ilə dilimizi zibilləyən, deputat…
Üç nöqtənin yerinə qoyulacaq ifadəni tapmaq o qədər də çətin deyil. Hətta Rusiyaya gedənlərə təhqir sayılan o tör-töküntü sözündən hiddətlənənlərdən fərqli sizə qəzəbli də deyiləm. Sadəcə…
Sadəcə dilimi dolaşdırıb, fikirlərimi qarışdıran, məni çətinə salan bilirsinizmi nədir, deputat…?
Heç həyatımda bu qədər fikir get-gəli arasında qalmamışdım. Təhqir etməyə tərəddüd etməyən – Siz bilməzsiniz. Nəyi? Mənim beynimdəki bu get-gəlin səbəbini.
Mənə sizin yüksək tribunasında oturduğunuz doğulduğum o məmləkətdə böyüyə hörmət etməyi öyrətməklə yanaşı, bir də böyükdən öyrənmək öyrədiblər. Deyirlər düşdüyü mühit insanı dəyişir. (Sizi də bəlkə məclis havası dəyişib-T.V.) Bəli, biz Rusiyaya gələnləri buranın sərt iqlimi ilə bərabər, sərt insanı, yad baxışı da dəyişdirdi. Oradakı keçinməzlikdən –ailəsini keçindirmək üçün gələnlər yaşamaq uğrunda savaş verərək çabaladılar, çalışdılar və bu gün də o mücadilə davam edir. Sadəcə onlar üçün bir şey dəyişmədi. Milli mentalitet. O milli mentalitet ki, sizin oturduğunuz Milli Məclisin çıxardığı qanunlarında hökm kimi yazılmır. O insanla birgə doğulan, genindən gələn insanlığın meyarı, ölçüsü olandır- adına milli mənəvi dəyər deyirik. Onun sinif, mərtəbə fərqi yoxdur. Onun varlığı ilə insan mərtəbələnər.
Deputat…
Mən-biz Rusiyaya gələnlər sadaladığım o dəyərləri insan beyninin ən yüksək tribunası olan ağılın, düşüncənin baş köşəsində oturtduq. O üç nöqtənin yerinə hər hansı bir təyini qoymağa imkan verməyən də odur.
Deputat…
Əslində o sözün ağırılığı deyil, bir “ağsaqqalın” özünə rəva gördüyü bu durumun xəcaləti incidir məni. “Ağsaqqal” sözünü dirnaq arasında yazmağa məcbur qoymağınız qəlbimi parçalayır. Siz bizi parçalamanızla müqayisədə inanın, bu daha əzabvericisidir.
Deputat…
Birinin süfrəsinin qırıntılarından imtina edib, qabarlı əlləri ilə ailəsinə çörək qazananlar millətin tör-töküntüsü ola bilməz. Sizlərin 100 kvadratmetrlik qapı kandarınızın 4 mislindən də kiçik -darısqal otaqda ailə saxlayan-o bazardakıların dizlərini parta edən övladları burada orta məktəbi qızıl medalla bitirir, ali məktəblərdə ən yüksək qiymətlərlə oxuyurlar.
Millətin gələcəyini təyin edən gənclər yetişdirənlərin bunu haqq etmədiklərini bilirkən, bunu sizə sübut etməyə niyə çalışım, niyə qəzəblənim ki…
Deputat…
Baxın, yazının sonuna kimi adınız, soyadınızla müraciət etmədim sizə. Sizə hörmətdə də qüsur etmədim. Çünki hər kəs özünə yaraşan kimi davranar. Bu günə kimi sizi tanımırdım. Siz adda bir deputatın olduğundan da xəbərim yoxdu. Və bəlkə bundan sonra da olmaycaqdı. Çünki təmsil etməli olduğunuz xalqdan o qədər uzaqsınız ki… İnformasiya üçün oxucunu məlumatlandırmağa isə… məncə, “otxod” sözü yetərlidir.
Nə yazıq ki…
Bəlkə də o xalqa yaxınlaşmaq, ünsiyyətdə olmaq şansını yaxaladınız o çıxışınızla. Və xalqın xəbəri olmayan simanızı nümayiş etdirdiniz.
Deputat…
O üç nöqtənin yerinə qoymağa epitet, (etiket) möhürü boş verək getsin. Əsas odur ki, uzun bir yolun üfüqündə kimsə belə bir təyinlə xatırlanmaq istəməzdi. Bu gündən sonra hansı adla, ayama, ləqəblə çağırılmaq qazancının ziyanı yetər. Özünü bilənə, məncə, bundan böyük cəza olmaz.
Bir də ona yazıq.
Tünzalə Vəliqızı
Moskva
P.S. Elə “otxod”a da belə “podxod” yaraşar.