Elşən Qəni – 55 – Olduğu kimi görünən adam…


Tanınmış jurnalist, yazıçı-ssenarist
Elşən Qəniyevin 55 yaşına dost sözü

… Deyirlər, hər bir insan həyatda öz taleyini yaşayır. Zaman isə hər kəsə qiymət verməyi bacaran müəllim rolunda çıxış edir. Xoşbəxt o insandı ki, zamanın süzgəcindən keçir, işlədiyi hər yerdə xoş təəssürat yaradır, insanların sevgisini qazanır, sədaqətli dostluğu və öz sahəsində peşəkarlığı ilə seçilir, müəyyən iz qoyur. Tanınmış jurnalist, qələm dostumuz, yazıçı-publisist, ssenarist Elşən Qəniyev (Elşən Qəni) də məhz belə yaradıcı insanlarımızdandır.

Bu böyük qəlbli peşəkar qələm adamının və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığım tələbəlik illərindən – BDU-nin tələbəsi olduğumuz 1983-cü ildən başlanır.

****

Elşən mənim üçün çox dogma, əziz bir insandı. Ona görə yox ki, həmkarıq, ikimiz də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişik, eyni azman müəllimlərdən həyat və peşə dərsləri almışıq, uzun illərdi eyni sahədə işləyirik, xoş gündə, çətin məqamda hər zaman bir-birimizə arxa-dayağıq. Yox, təkcə bu deyil…

Elşən 55 il əvvəl Ucar rayonunun Qazyan kəndində ziyalı, nurlu bir ailədə dünyaya gəlib. Ucar… İsmayıllı… Ulu Şirvanın hər iki məkanı hamımız üçün Azərbaycanın bir parçası kimi doğmadı, əzizdi. Amma bizim üçün ikiqat doğma, ürəyimizdə məxsusi yeri olan şəhərlərdir. Doğulduğumuz yurd yeri kimi ruhən bağlandığımız bu rayonlar bizim üçün müqəddəsdi, fərqli bir məkandı. Spesifik evləri, dalanları, küçələri, məhəllələri, məscidləri, təbiət guşələri hər an gözlərimizin önündədir. Allah adamı olan, hədsiz dərəcədə saf, ürəyigeniş, mehriban, yanımcıl sakinlərinin də sözlə ifadə olunmayacaq dərəcədə yeri var ürəyimizdə…
***
Elşən Qəninin tərcümeyi-halından:

1982-ci ildə Qazyan kəndindəki Nizami adına kolxozda kolxozçu kimi ilk əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə o zamankı Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə (qiyabi) daxil olub. 1984-1986-cı illərdə Rusiyanın Çita vilayətində Sovet ordusu sıralarında xidmət edib. Orduda nümunəvi xidmətinə görə o zamankı SSRİ-nin Müdafiə Nazirliyi tərəfindən “Əla hərbi inşaatçı” döş nişanı, qiymətli hədiyyələr, eləcə də ÜİLKGİ MK-nın laureatı adına layiq görülüb. 1986-cı ildə Sovet ordusundan tərxis olunduqdan sonra Ucar rayonunun “Nizami” kolxozunda komsomol komitəsinin katibi işləyib.

E.Qəni 1987-ci ilin oktyabr ayından 1991-ci ilin avqust ayına kimi Ucar rayonunda çıxan “Yeni söz” qəzetində Yerli radio verilişlərinin diktoru, Teletaypçı müxbir, kiçik ədəbi işçi, ədəbi işçi, müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. O, daha sonra 1991-ci ilin avqust ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanı olan “Ülfət” qəzetinə işə dəvət olunub və 1992-ci ilin avqust ayına kimi orada müxbir vəzifəsində işləyib.

Elşən Qəni 1992-ci ilin avqust ayından 1994-cü ilin fevralına kimi Ucar rayon İcra Hakimiyyəti başçısının köməkçisi və müavini vəzifələrində çalışıb. 1994-cü ildən 2000-ci ilə kimi təsərrüfat fəaliyyəti ilə məşğul olub. “Rəmzi” Kəndli fermer təsərrüfatının və “Rəmzi İstehsalat ticarət firması”nın təsisçisi və direktoru olub.

2000-ci ildən 2003-cü ilə kimi ”Şirvanın səsi” MMC-ni təsis etməklə, eyni adlı regional qəzetin baş redaktoru vəzifələrində çalışıb.

2003-cü ildən 2010-cu ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olub.

E. Qəni 2010-cu ildən 2014-cü ilə kimi Bakı şəhərində yaşamaqla təsisçisi və baş redaktoru olduğu “Demokrat” qəzetində çalışıb.

2014-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, Rəmzi və Türkay adlı iki övladı var.

***

Hər dəfə Elşənlə həmsöhbət olanda böyük Mövlananın bir məşhur düsturunu xatırlayıram: Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol, və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Elşən “olduğu kimi görünən, göründüyü kimi olan adam”dır. Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini sevə-sevə görən Elşən təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb və yaşayır. Çox uzun olsun bu ömür…

Həyatda Elşən kimi qaynar, ünsiyyətcil insanlara çox az rast gəlmişəm, o, ilk dəfə gördüyü adamla ilk ünsiyyətdcə dostlaşa bilir, bir az sonra isə uzun illərin dostları kimi ayrılırlar və bu görüş heç zaman unudulmur. Şirin danışığı, duzlu, məzəli söhbətləri ilə hamıda özünə qarşı rəğbət hissi oyada bilir. Onun güclü yaddaşına isə ancaq həsəd aparmaq olar. Hərdən 30 -35 il əvvəllərdə olmuş hadisələrdən, birgə görüşlərdən bəhs edəndə elə xırda detalları xatırlayır ki, adam onda olan dəmir yaddaşa heyrət edir.

55 yaş isə… Deyəsən, çox tez gəldi. Neyləməli, artıq vaxtla, zamanla ayaqlaşmaq olmur, vaxt yel qanadlıdı, “uçur”, bizə ancaq onun arxasınca baxmaq qalır. Amma 55-i yola salmaq, şübhəsiz ki, çox xoşdur Elşən üçün. Çünki illəri havayı xərcləməyib. Qazandığı mövqe və hörmət, “olduğu kimi görünən, göründüyü kimi olan adam” kimi tanınıb qəbul edilməsi, gözəl ailəsi, övladları, … Ən vacib olanı bax, budur, məncə…

***

Elşən Qəni olduqca səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirlidir. Vəzifədə işlədiyi dövrlədə doğulduğu bölgəni, adamları yetərincə tanıyıb, hər kəslə “öz dili”ndə, səviyyəsində danışıb. İstər ucqar kənddə sadə zəhmət adamı, yaxud yaylaqda çoban olsun, istərsə də rayon mərkəzində, şəhərdə müəllim, qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu, hamısı ilə ünsiyyət, işgüzar münasibət yarada bilib. Elşən tələbkar olduğu qədər də qayğıkeş və diqqətcil olub. Yüksək mədəniyyəti, mərifəti, insani keyfiyyətləri adamlarda xoş ovqat yaradıb. Həmişə kabinetinin qapısı onların üzünə açıq olub. Özü də tez-tez yerlərə gedib, camaatın dərd-sərinə qalıb, irili-xırdalı problemlərinin həllinə çalışıb, köməyini əsirgəməyib.

Xoşuma gələn xüsusi bir cəhəti ilə də xatirimdə qalıb Elşən Qəni – bu da onun maaarifçilik fəaliyyəti, maarifçilik missiyasıdır! Maarifçiliyinin məqsədi isə xalqa təmənnasız xidmət etməkdir.

Heç şübhəsiz, Elşən Qəninin yaradıcılıq fəaliyyəti daha böyük söhbətin mövzusudu. Ancaq 55 ilin hesabatında az da olsa, bəhs etmək pis olmaz məncə…
Yaşadığı illərdə bir sıra mətbuat orqanlarında “Azadlıq hökmü” adlı povesti, “İki tale” hekayəsi, onlarca publisistik məqalələri dərc olunub. “Ağarəhim yaradıcılığının özəllikləri” adlı monoqrafiyası çap olunub.

Yazıçı-ssenarist Elşən Qəni həmçinin “Xalqa həsr olunmuş ömür” (2016-cı il), “Səngərdə açılan səhər” (2017-ci il), “Ruhum sözümdür” (2017-ci il), “Qəhrəman Tərtər” (2018-ci il), ”Zirvəyə doğru” (2018-ci il), “Sumqayıt-Xəyalların gerçəkləşdiyi şəhər” (2018-ci il), “Zirvədən zirvəyə” (2018-ci il), “Qələbəyə gedən yol-Müsüslü döyüşləri” (2018-ci il), ”Vətən üçün yaşanmış ömür” (2019-cu il) sənədli filmlərinin müəllifidir.

Bütün bu əziyyətlərinin, yuxusuz gecələrinin nəticəsi kimi, mətbuatda çoxillik səmərəli fəaliyyətinə görə 2012-ci ildə Azərbaycan jurnalistlərinin “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.
***

Yazıçı-ssenarist Elşən Qəninin 55 illik yubileyi ilə bağlı, onun şəxsiyyəti, publisistik fəaliyyəti və bədii yaradıçılığı haqqında danışmaq ürəkaçandır. Elşənin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Sirr deyil ki, Elşən bəzi həmkarlarından fərqli olaraq, sözün həqiqi mənasında, cəmiyyətdə geniş tanınan, sevilən və hörmət bəslənilən ziyalıdır. O, jurnalist kimi də nüfuz qazanıb, publisist kimi də qəlblərə yol tapıb, ssenarist kimi də vaxtilə çəkdiyi filmlərdən tamaşaçıların sevimlisinə çevrilib, nəhayət, yetkin vətəndaş kimi də özünü təsdiqləyib və s. Hesab edirəm ki, çoxsahəli yaradıcılıq istiqamətlərində peşəkarlıq nümayiş etdirməyin kökündə iki vacib şərt dayanır: İstedad və zəhmət. Əgər bunlar olmasa, yaradıcı insan məqsədinə çata bilməz. Elşən Qəninin xoşbəxtliyi və uğurlarının səbəbi ondadı ki, ona Allah tərəfindən istedad bəxş edilib. Nəzərə alsaq ki, Elşən istedadı zəhmətdən güc alır, bu zaman onun uğurlarının səbəbi bizim üçün tam açıqlanar…

***

Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, –
Yarı yazdı, yarı payız, yarı qış.

Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.


Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadarıq, yaşarıq, –
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz…

İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkarımız Nəriman Həsənzadə bu gözəl şeirə müəlliflik edəndə elə bil dostumuz Elşən Qənini nəzərdə tutub. Çünki Elşənin sinəsində həmişə azərbaycanlı ürəyi döyünür…

İnsan Allahın ona bəxş etdiyi ömrü şərəflə yaşamaq üçün bu dünyaya gəlib və bu şərəfi daşımaq insanın adi borclarından biridir. Həmçinin, insanın içində daim bir ölməzlik arzusu, əbədilik istəyi də var. Həyatda həm şərəflə yaşamaq, həm də ölməzlik qazanmaq səlahiyyəti isə sənət adamlarının, sənətkarların çiyninə düşən yaradıcılıq yüküdür… Elşən Qəni bu yükü çiynində şərəflə, ləyaqətlə və bacarıqla daşıyan ziyalılarımızdandır.

Hərdən adama elə gəlir ki, “insanı ölümsüzliy”ə qovuşduran “dirilik suyu” elə sənətin bulağından axan büllur, saf, bütün könüllərin yanğısını söndürən “dirilik suyudur…” Və belə bir “dirilik suyu” bulağı Elşən Qəninin çoxsahəli yaradıcılığı ilə sevdalanan könül bulağından 55 ildir ki, axmaqda, çağlamaqdadır…

Kim nə düşünür-düşünsün, yaradıcılıq, düşüncə, jurnalistin – yaradıcı insanın həyatından, tərcümeyi-halindan keçən işıqlı, nurlu bir yoldur. Elşən Qəninin yazıçı-jurnalist şəxsiyyətində sözə sahib çıxan kəslərin işığı, nuru var. Əsrlər boyu böyük şəxsiyyətlərdən, ustad sənətkarlardan, həmyaşıdlarından, qələm dostlarının hərəsindən bir zərrə qopub onun yaradıcılıq şəxsiyyətinə hopan bir işıq. Bir nur…Və bu, hər kəsə nəsib olmur.

Belə baxanda, onun bir insan və jurnalist kimi həyatını nəzərdən keçirəndə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elşən Qəninin çox xoşbəxt bir jurnalist olduğunu görürük.

Bəli, çoxlarına nəsib olmayan şərəfli bir ömür yaşayır Elşən Qəni…

Bu gün hörmətli dostum, qardaşım Elşən Qəni yaradıcılığının ən gözəl çağlarını yaşayır. Yaşı 55-ə çatsa da, ürəyi hələ ki, cavandır. Yaşamaq eşqi, yazıb-yaratmaq əzmi aşıb-daşır. Onun yaradıcılığı yuxarıda qeyd etdiyim kimi hərtərəfli və zəngindir.

Sonda Elşən qardaşıma 100 il ömür arzulayıram ki, hələ uzun illər uca Allah tərəfindən ona bəxş edilmiş istedadı onun yaşayıb-yaratmaq eşqindən, yaradıcılıq əzmindən, cəfasından və zəhmətindən güc-qüvvət alsın və bizi yeni-yeni əsərlərilə sevindirsin.

Uzun ömür və yaradıvcılıq uğurları arzusuyla

Daşdəmir ƏJDƏROĞLU


Bir cavab yazın