“EtnoMir” dünyasından “Azərbaycana” ekskursiya


               

                                    Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara

Nizami Gəncəvi

Gün Rusiyada “Həkimlər günü”, il “Müəllimlər ili” və sabahında, düşmənin əzəbərini pozub qorxulu yuxusu olan,  “ölmək nədir ki, yaşatmaq varkən” deyərək təkbətək savaşın qalibi, adının missiyasını gerçəkləşdirən Azırbaycanın Milli Qəhrəmanı Mübariz İbarhimovun şəhadətə yüksəldiyi gündü. Və son 30 ildə hər bir azərbaycanlı  gündəmində Qarabağ yanğısını, içində Qarabağ  təəssübünü böyütmüşdü. Buna görə  günün gündəmə təsiri özünü göstərəcəyi də gözləniləndi…  

Elə də oldu…

Aşağıda paylaşacağım təəssüratı Nizami Gəncəvinin bu müdrik kəlamı ilə bağlamağım təsadüfi deyil. Bizə məskən olan Rusiyanın simvolu Matryoşkanın kəsb etdiyi mənalardan biri də dünyanın vahid olması ilə bərabər çoxtəzahürlülüyünü göstərməsidir. Gedəcəyimiz yer məhz dünya iiçində bir dünyanın kiçik bir miqyasa sığışdırılmış canlı rəsminin açıq havada sərgisidir.

Bizi  özlüyündə müxtəlif olan dünya mədəniyyətlərinin bütünləşdirilidyi açıq səma altındakı sərgi muzeyində   ilk qarşılayan Azərbaycanımızın dahi şairi Nizami Gəncəvinin heykəli oldu.

Dünya mədəniyyətlərinə gedən yolun Nizamidən başlayaraq keçməsindən təbii nə ola bilər ki?!

Hələlik o sirli-sehrli dünyaya girişə başlamazdan əvvəl bizi ora götürən ilk nöqtəyə geri dönürəm.

Moskva Azərbaycanlılarının Millli Mədəni Muxtariyyəti Qadınlar Şurasının təşkil etdiyi bu ekskursiya “Molodyojnaya” metrosundan başladı.Gənclik”dən  (Molodyojnaya) başlamışdı “EtnoMir” dünyasına  girişin ilk təməli. Ölkəsindən uzaqda öz Vətəninin milli-mədəni irsini bir meynüyə yerləşdirib insanlara təqdim etməklə fərqlilik içində ortaqlığı göstərmək hissindən yaranmışdı bu layihə. Və nə təsadüf ki, (əslində təsadüf deyildi) “Tramplin” ticarət kompleksində  təşkil olunur ilk dəfə bu pavilyon-güşə.

Tramplinlə addım-addım...

 Dünyadan kosmosa ilk  səyahəti gerçəkləşdirən  Yuru Qaqarinin  səfər etdiyi   kosmonavtikanın beşiyi sayılan Kaluqanın   “Dünya Mədəniyyətlərini birləşdirən park muzeyi”nə məskən olacağı isə artıq Tanrının qismətiydi.

Molodyojnyadan yola şıxan 55 nəfərlik heyət avtobus tərpənər-tərpənməz canlandı. Qadınlar şurasının yetkilisi- tur rəhbəri Leyla Fərəcova 2 saatlıq yola körpünü   Azərbaycan  musiqisinin sədaları altında “Qarabağ Azərbaycandır” motivinə kökləyərək saldı. Yolboyu bütün  səfər iştirakçıları 44 günlük Qarabağ savaşı zamanı olduğu kimi səfərbər  görünürdülər.

Gülnur Alışovanın  solistliyi ilə hamı əllərində Azərbaycan bayrağını dalğalandıraraq sanki Şuşaya, Qarabağa gedirmişlər duyğusuyla  vətənpərvər manhı və şeirləri ardarda qoşur,  bir-biriylə yarışırdılar.  Mənzil başına nə zaman çatdığımızı  belə unutmuşduq.

Və  əvvəldə işarət elədiyim o məqam. Girişdə bizi  gidimiz Anna xanım qarşıladı.

Sərgiyə girişin ilk anında qarşımızda açılan mənzərənin və ya dünyanın Rusiya torpağındakı açıq-hava kompleksindəki yığcam  Evində Nizami Gəncəvinin bir əlində qələm-birində dəftər ilə qarşılaması azərbaycanlı olaraq insanda qürurqarışıq kövrək hisslər yaratdığını sözlə təsvir etmək çətindir

Sonrası: artıq söz gidimiz  Annada idi.  Sərgini bizə bizimkini tanıtmaqla başladı.

“Bilirisiniz ki, “EtnoMir”in yaradıcısı  Azərbaycan əsilli Ruslan Bayramovdur…”.

Bunu Rusiyada yaşayan hər bir azərbaycanlı bilsə də,  o məkanda qapısı üzünə dahi Nizami ilə açılan “geniş dünyanın bir parçası da sən ol”- şüarı ilə mədəniyyətlərin nümayişinə meydan olan yeri bütünləşdirənin  də soydaşımız olması həyəcanına həyəcan qatır.

Başında da söylədiyim kimi, Matryoşka kimi içini açdıqca içindən bir dahası çıxan- Hindistan, Çin, Nepal, Şri-Lanka, bizə yaxın Orta Asiya və s. müxtəlif ölkələrə məxsus  mədəniyyətlərini əsk etdirən xüsusi evlərlə tanış olduq. Və hər kəsin gözü  “Azərbaycan Evi”ni axtarırdı.

Onu da deyim ki,ekskusiyada iştirak edən qadın və gəclərimizin aralarında şairlər, müəllimlər, həkimlər və bu sənətin davamçıları olan tələbə-gənclərimiz vardı. Hər birinin də “Azərbaycan Evi”ni görmək təlaşı.

Lakin…

Bu sırada görüşün təşkilatçılığı və digər xərclərini üzərinə götürən Moska şəhəri üzrə Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin  sədri Bəxtiyar Həsənov və müavini Həşim Əliyev də qatılmışdılar.

“EtnoMir” dünya mədəniyytərinin sərgisi müzeyinin bir parçası olmaq sadəcə kiçik bir  pavilyonla məhdudlaşmışdı.

Niyə yoxdur?-Bu sualı hələlik açıq buraxıram. Yəqin ki, cavab verən tapılacaq.

Ekuskusiya dünya filosoflarının bir yerə toplandığı  büstlərinin nümayiş etdirildiyi sərgi salonunda davam edir. Və burada yenə Nizami Gəncəvinin büstü o sıralarda yerini alıb.

Bir haşiyə də çıxım ki, Azərbaycan Mədəniyyət Mərkəzinin olmamasından əhvalı bir az korlanmış gəzinti iştirakçılarıni ikinci narahat edən məqan da Nizamini  tanıdan löhvədə  onun Azərbaycanla yanaşı fars  şairi kimi göstərilməsiydi.

Görüş iştirakçıları bu yanlışlığın düzəldilməsini gid-Anna xanıma  bildirdilər. Şairə Afaq Şıxlı- “YUNESKO-nun Nizami Gəncəvini rəsmi olaraq Azərbaycan şairi olaraq tanıdığını və yaşadığı müddətdə doğulduğu Gəncə şəhərindən  kənara çıxmayan, lakin poetik zəkası, fəlsəfi düşüncəsi ilə dünyaya sığmayan  dahimizin  farsınkı kimi göstərilməsi böyük bir yanlışdlıqdır”deyə Qadınlar təşkilatı adından bunu rəhbərliyin diqqətinə çatdırılmasını söylədi.  Və o da  löhvənin yenilənəcəyini və məlumat mətninin daha da təkmilləşdirilmiş və geniş şəkildə olacağını dedi.

Günün birinci hissəsində  Qadınlar Şurasının üzvü və eləcə də ictimai fəal  olan qadınlar  muzeydə keçmişə səyahət etmək imkanı da qazandılar. Qalstuklu pioner, döş nişanlı komsomol şagirdli  sovet məktəbinin sinif otağında o dövrü yaşamışlar parta arxasına keçdilər. Bənövşə müəllimə isə  lövhədə asılmış böyük SSSRİ xəritəsinin qarşısına keçib dərsə başladı.  Əl qaldıranlar və onları seyr edən yeni nəslin çaşqın baxışları…

Yenidən gəldiyimiz qapıya dönürük. Çıxışda da bizi yenə  Nizami Gəncəvi (heykəli) yola  salır.

Amma tələsmirik. Moskva üzrə Azərbaycanlıların  Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar  Həsənov  Qadınlar  Şurası və onun üzvlərinə, eləcə də ekskursiyaya qatılanlara təşəkkür edir və  heyətin yüksək səviyyədə qarşılanmasına xüsusi diqqət yetirən “EtnoMir”in yaradıcısı Ruslan Bayramova minnətdarlığını çatdırsıqdan sonra  ekskursiyanın yekunlaşacağı gözlənilirdi.

Amma.. Doğma heykəlin ətrafında  günün  hesabatını verir qadınlarımız. Şairə Afaq Şıxlı Nizami Gəncəvinin “Sevgili Canan” qəzəlini  söyləyir və səyahətlə bağlı qısa təəssüratını dilə gətirir,  Leyla Fərəcova  “Sənsiz” qəzəlini ifa edir, Gülnur Alışova  gözəl səsi ilə oxuyur.

Sonra müəllimlər- İradə Məmmədova, Bənövşə Məmmədova, Sevda Camalxanova diasporun fəaliyyətindən, Rusiya məktəblərində Azərbaycan tarixi və dilinin  tədrisinin vacibliyindən söz açdılar.

“Rus dilində çıxış etmək məcburiyyətində qaldığım üçün üzr istəyirəm, amma dilimizdə mükəmməl danışa bilməmiz, tariximiz, ədəbiyyatımızla yaxından tanış olmağımız üçün gənclərimizlə iş aparmaq lazımdır və kollektiv şəkildə belə öyrədici görüşlərin faydalı olacağını düşünürəm”-deyir bir tələbə qızımız.

Nizaminin aurası sirayət etmişdi səyahətçilərimizə. Dil, tarix mövzusunu  Nizamini tanıdan löhvədə  fars şairi yazılması, Gürcüstan və Ermənistanla bağlı məlumatın yenə eyni löhvədə yer alması doğurmuşdu.

Ekskursiya  bizə doğma  -Azərbaycan pavliyonunda çay süfrəsi arxasında Azərbaycan milli musiqilərinin  sədası və milli rəqsi ilə başa çatmaq üzrəydi.

Yenidən o məkandan ayrılıb evə dönürük. Hər kəsin üzündə  bir məmnunluq var. Coşan enerjini hiss etdirən isə yenə şeir, mahnı, birlikdə “Azərbaycan himni”nin oxunmasıdır.

Reportajın sonunda Nizaminin hikmətli sözləylə başladığım  xatırlatmama dönürəm. Əməliylə xalqının işinə yarayan hər bir azərbaycanlı  Azərbaycan deməkdir! Millətinin dünya mədəniyyətlərini birləşdirən o Matryoşkanın içindən çlxan bir Matryoşkası – (Matryeşkanın bir başqa anlamı da  “Ana” , “Vətən” deməkdir) olması üçün  əməlini zərə, xaraya döndərmək hər birimizin borcu olmalıdır.

Tünzalə Vəliqızı,
Moskva-Kaluqa, Borovsk rayonu “EtnoMir”- Moskva
19.06.2023


Bir cavab yazın