Hələ Şuşanın işğalına … vardı — (minus) 28+



Günlər ayları, aylar illəri sayırdı…

Bu gün nə öyrəndin dərsindən, bala?
– Çöp saymaq, ata! (M. Araz)

Çöpü saymaqla illəri çöpə saymağı öyrəndik…

Məni bağışla, Şuşa! Hələ səni harayladığım sətirlərin nəmi qurumayıb. Hələ o yazının təsiri bitməyib. Hələ sənli xatirələr səni yaşadanların ürəyində itməyib.

Məni bağışla, Şuşa! Bitməyən, itməyən xatirələrlə hər ilin bu günündən dünəninə boylanıb yaşını, yasını yenidən saydığm üçün. Yerimdə saydığm üçün, məni bağışla. Yerində sayan geriyə sayar. Və sən yenə o sayın dünənində qaldın! Səni nə geriyə götürə, nə özümə gətirə bilmədim.

O gerinin dünəndə hələ Şuşağın işğalına … vardı. Həm də düz 28 il vardı. Düz 28 il oldu. Nə yeni tarixdir, nə köhnə. Sadalanan Şuşanın dünəni, keçmişi deyil, geridə qalanıdır. Əldə nə var-bu gün üçün 28 il. Həm də o sonranın sonrasında bada verilən 28 il. Saya alınmadan çopə sayılan 28 il.

Biz sayı çöp saymaqla deyil, bir də saymamaqla öyrəndik. Ona görə çox şeyi saya-hesaba alammadıq. Paşinyanın Şuşada oynamağını da, Dağlq Qarabağın Arsaxa dönüşməsini, seçki keçirməsini də saymazlıqdan gəldik. Dünya saymır, biz niyə sayaq ki… Dünya saydı, saymadı, bizimkidir hesab etdi-etmədi, nəticədə hesab dəyişdimi? Bir zamanlar Şuşanın da Alınmaz Qala olduğunu bilib onun işğalını da hesaba almamışdıq. O zamandan bu zamana hesab dəyişdi və indi Şuşa “hələ Şuşanın işğalına… vardı” ağrısıyla var. Əslində Şuşa (bizdə deyil) yoxdur, işğalı var. Və yenə yanlış hesablardayıq. Nə oldu? Hesablarmı qarışdı?

Məni bağışla, Şuşa! Ya da yox, bağışlama! Çünki əvf edilməyəcək səbəblər çoxdur. Alınmazlıq simvolunu əlindən aldığımız üçün. O rayondan olmasam da, oraları tək bir dəfə görsəm də, bütövun bir parçası olaraq mənimdin! Sənin tarixini gerindən sayıb hesablamaq ağrıdır mənı.

Məni bağışlama, Şuşa! Mənim hesabımda bu günün, bir də 28 itirilmiş ilin var. Hamı olan kəslərin hesabıyla mənim hesabım arasındaki körpü başqa məqsədlər üçün inşa edilirmiş… bilməmişəm. O hesabla “Aramıza Araz boyda şırım açdı”-dediyimiz çayın üzərindəki körpü AŞDI. Bu körpü altndan axıdılan “sulara” Araz belə çaşdı… çaşqındır…

Bu günə gələn yolun dünəninin dünənində Şuşanın işğalına …hələ illər vardı. Sayı artıqca utancı altında qaldığımız illər. O illər ki, neçə vaxtdır onun gerisindəyik. İrəlisində isə Ümidləri sınmış Körpülər və… üzümüzə utanc kimi vurulan 28+ … Bax, bu sırada sayılan olduğun üçün, bağışlama!

P.S. İllər rəqəmləşib sadəcə tarix, yaddaş olaraq geri sayılar, amma geri dönməz! Minuslaşan (+28) tarixdə çıxılan böyüdükcə azalan daha da kiçilir, nə yazıq ki.((

Tünzalə Vəliqızı, Moskva
08.05.2020


Bir cavab yazın