Həvva Nazimdən şeirlər


Alıyeva Həvva Nazim qızı 1980-ci ildə Gədəbəy rayonunun Çanaqçı (Ağamalı) kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə, ali təhsilini isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində alıb. Uşaq yaşlarından ədəbiyyata bağlı olan Həvva Nazim 2021-ci ildən duyğularını nəzmə çevirməyə, şeirlər yazmağa başlayıb. Onun bir neçə şeirini oxucularımıza təqdim edirik.

——

Müharibə olmasın

Sülh olsun istəyirəm, qan-qada istəmirəm,
Yox! Getməsin bu qədər can bada, istəmirəm,
Düşməsin savaş, dava heç yada, istəmirəm,
Müharibə olmasın…

Hər əsgər anasının səksəkədə ürəyi,
Övladıdır evinin tək sütunu, dirəyi,
Saçından bir tel düşsə, od alacaq kürəyi,
Müharibə olmasın…

Haray salar laylası, ağılarla dil deyər,
“Vağzalı”sı ağlayar, xınası qara geyər,
Arzuların qəddini bala dərdi, qəm əyər,
Müharibə olmasın…

Güllələrin açdığı hər dəlikdən, deşikdən,
Gələn səslər nə deyir hər qapıdan, eşikdən?
Hər körpə qığıltısı pıçıldayır beşikdən
Müharibə olmasın…
Müharibə olmasın!!!

——

Ay aman

Xəzan gəldi bağça-bağa deyəsən,
Tək-tək solan gülləriymiş, ay aman!
Vərəq-vərəq yandırdığım ovucda
Ömrün-günün külləriymiş, ay aman!
*
Dəfələrlə arxasından vurulan,
Ruhum idi cəngə çıxıb yorulan,
Zaman-zaman, bölük-bölük qırılan,
Ürəyimin telləriymiş, ay aman!
*
Həvva desin sözlərini bu başdan,
Ömür keçdi, çörək çıxdı sal daşdan.
Sığal çəkən saçlarıma yavaşdan,
Ötən günün əlləriymiş, ay aman!

——

Nağıla inanmıram

Gözlərim ümidin gözündə qalıb,
Böyüdüm, nağıla inanmıram mən.
Üç alma göylərin üzündə qalıb
Böyüdüm, nağıla inanmıram mən.

Bir vaxtlar xəyal da nağıl doluydu,
Arzu da, amal da nağıl doluydu,
Baxdığım hilal da nağıl doluydu,
Böyüdüm, nağıla inanmıram mən.

Qorxumdan “ağ qoça” minmərəm daha,
Kəndirlə quyuya enmərəm daha,
Qızıl almalarla dönmərəm daha,
Böyüdüm, nağıla inanmıram mən.

Sehirli xalçanın sehri qaldımı?
Bayquşlar şahları başa saldımı?
Adamlar nağıldan dərsin aldımı?
Böyüdüm, nağıla inanmıram mən.

Nağıltək zənn etdim qoca dünyanı,
Qan-qada bürümüş, ancaq hər yanı.
Şüşədə deyilmiş divlərin canı,
Böyüdüm, nağıla inanmıram mən.


Həvva Nazim


Bir cavab yazın