HAFİZ HACXALİL Şeirlər


HAFİZ HACXALİL  Şeirlər

Məktub

Yavaş ol, əllərin alışa bilər,
Fikrin bir -birinə qarışa bilər.
Sətirlər dil açıb danışa bilər .
Söz-söz, kəlmə-kəlmə oxu məktubu.
Gülüm, qaytarmazlar axı məktubu.

Daha soyulmağa dərim yox mənim.
Minim əldən gedib, birim yox mənim.
Səndən gizlədəsi sirrim yox mənim.
Söz-söz, kəlmə-kəlmə oxu məktubu.
Gülüm, qaytarmazlar axı məktubu.

Könlü talan, bəxti kəm var içində.
Gecə-gündüz gözü nəm var içində.
Bir yığın həsrət var, qəm var içində.
Söz-söz, kəlmə-kəlmə oxu məktubu.
Gülüm, qaytarmazlar axı məktubu.

Gizlət, görməsinər, bir yerə saxla.
Aramızda olan xətirə saxla.
Onu məndən sənə xatirə saxla.
Söz-söz, kəlmə-kəlmə oxu məktubu.
Gülüm, qaytarmazlar axı məktubu.

Özüm də bilmirəm nə sirdi səndə.
Fikrim də, ruhum da əsirdi sənə.
Bir şair ürəyi düşüb qəfəsə
Çıxmağa bir ümid gəzirdi səndə.
Günəşi can verən sabah eşqinə.
Peyğəmbər xətrinə, Allah eşqinə.
Söz-söz, kəlmə-kəlmə oxu məktubu.
Gülüm, qaytarmazlar axı məktubu.

Həsrət

Ya quma dönəcək, ya daş olacaq.
Üzüm bu həsrətin sonuna kimi.
Yola baxış döyən nəqqaş olacaq.
Gözüm bu həsrətin sonuna kimi.

Nələr öyrətmədi ayrılıq mənə.
Nə xoş üz göstərdi, nə qılıq mənə.
Göndərin ay dostlar, bir qayıq mənə,
Üzüm bu həsrətin sonuna kimi.

Mən nələr çəkirəm, çəksəm ah bilər.
Min ah çəkdiyimi hər sabah bilər.
Ya qala, qalmaya bir Allah bilər.
İzim bu həsrətin sonuna kimi.

Belə yaşamağa ömür asandı,
Ölümdən o yana yollar uzandı.
Sonra deyərlər ki, bezdi, usandı.
Dözüm bu həsrətin sonuna kimi.

Ha məndən ötəri uçun, çatmadın.
Bu gedən qatara neyçün çatmadın?
Mənimlə getməyə gücün çatmadı.
Bizim bu həsrətin sonuna kimi.

Gözlərin

Üzün şehə batmış yaz çiçəyidi.
Nazınnan oynayır arı gözlərin.
Sən başdan-ayağa gülüstansanmış,
Sarısı, yaşılı, alı gözlərin.

Deyirlər uzadır məhəbbət ömrü,
Yarı yolda qoyur xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü.
Yarı sən alırsan, yarı gözlərin.

Sevgi çox dərdlərin əlacı oldu.
Mən sevirəm dedim, nə acı oldu.
Yorğun baxışlarım araçı oldu
Anlaya bilsəydi barı gözlərin.


Bir cavab yazın