İLQAR KAMİL ŞUŞA (ŞÜŞƏ) QIRINTILARI
İlqar KAMİL ŞUŞA (ŞÜŞƏ) QIRINTILARI
(Bu şeiri İlqar Kamil Şuşanın işğalı günü yazıb, amma düz 21 il sonra…)
Bizim yollar tikanlıdı,
ayaqlarını sevən gəlməsin! -deyərdi ustad,
Gəlmədilər!
Gəlmədilər, getdi Şuşa…
Elə marıt-marıt baxma, dost!
torpağın da ayaqları var
yol çəkən gözü
intizar çəkən qulaqları var…
Gəlmədilər, getdi Şuşa
Vəfasızlıqda qala bilmədi
etibarsızlığı tərk etdi Şuşa…
Baxdı sağa,
baxdı sola…
Qoymadılar çıxsın yola
cıdır düzündə öldürdülər Şuşanı
Öldü Şuşa!
Qurudu İsa bulağı
axıtmaqdan göz yaşı.
Harda dəfn oldu Şuşa?
Göstər, dost!
Varmıdır heç olmasa məzar daşı?
Bir əlimdə bir bardaq su –
İsa bulağından (?!)
dişlərim əsəbimi çeynəyir
bardaq sınır əlimdə –
Şüşə qırıntıları…
Bir əlimdə isə Şuşalı kövrək şəkillər –
Şuşa qırıntıları…
Şuşa qırıntıları
Şüşə qırıntıları
ikisi də doğrayır:
biri əlimi
biri içimi…
Yox, yox
Gözyaşı deyil bu
gözümdən axan qandı Şuşam!
Oturmuşam
aciz-aciz qısqanıram Şuşamı
Görəsən düşmənədəmi mehribandı Şuşam?
Yaroslavl 08.05.2013