Islam Əzimov SƏNƏ NƏ DANIŞIM UŞAQLIĞIMDAN


Islam  Əzimov  SƏNƏ NƏ DANIŞIM UŞAQLIĞIMDAN
( Bir atanın oğlunun suallarına cavabı )

Sənə nə danışım uşaqlığımdan ?!
Qayğılar üstümə tez düşüb mənim.
Sənin soruşduğun uşaqlıq ki, var..
Heyif, qismətimə az düşüb mənim.

Acı xatirələr qalıb yadımda…,
Çölüm tox görünüb, içim ac olub.
Mənim müəllimim əzab, əziyyət,
Mənə yol göstərən ehtiyac olub.

Təsəlli vermişəm özüm-özümə,
Neçə yol böyüyüb, kiçilmişəm mən.
Mənə elə gəlib doğulan günü,
Kədərin boyuna biçilmişəm mən.

Böyüdüm kənarda evdən-eşikdən,
Mənə ərköyünlük yad oldu, bala.
Anamın dizini gəzəndə başım,
Yastığım, yorğanım od oldu, bala.

Yaşıdlar içində fərqli dolandım,
Sinifin seçilən uşağı oldum.
Bilikdə hamıdan başda dayandım,
Geyimdə çoxundan aşağı oldum.

Sənə nə danışım, nə deyim, bala ?
Biri “var””nan, biri “”yox””nan böyüdüm
İki sevinc bir düşmədi bəxtimə,
Biri “”az””nan, biri “”çox””nan böyüdüm.

Ürək kitab deyil qoyam ortaya,
Gəzə əldən-ələ, oxuna , bala,
Birin danışanda, beşin gizlədim,
Qorxdum , hisslərinə toxuna, bala.

Şükür yetişdiyim bu mərtəbəyə,
Bəsirət gözümü tox verib Allah.
Bu gün əl tuturam, kömək oluram,
Mənə umduğumdan çox verib Allah

Dünənə, bu günə sabaha şükür,
Allahın hökmünə, adına inan.
Yerdəki Allahın yolunu saxla,
Var olan yetəcək dadına, inan.


Bir cavab yazın