Kadırov Putindən Xarkov və Kiyevin tutulmasına göstəriş verməsini istəyib
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün Telegram kanalında Rusiya prezidenti Vladimir Putindən döyüşçülərə Xarkov, Kiyev və Ukraynanın digər şəhərlərini tutmağı əmr etməyi xahiş edib.
“Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, dəqiq və səmərəli şəkildə ələ keçirsinlər. Yoldaş Prezident, yoldaş Ali Baş Komandan, mən sizin üçün canımı verməyə hazıram. Amma mənim və bizim döyüşçülərin, müdafiə nazirliklərinin, Milli Qvardiyanın və digər strukturların necə həlak olduğunu izləyə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və bir-iki günə orada baş verənləri bitirsinlər”, – Kadırov bildirib.
Çeçenistan rəhbəri Ukraynadakı vəziyyətdən danışaraq, bunu Rusiya üçün təhlükə adlandırıb və qeyd edib ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün aparılan danışıqlar yaxşıdır, lakin indi “qardaşlarımız, qohumlarımız və dostlarımız” hərbi əməliyyatlar nəticəsində ölür, buna az adam lazımi diqqət yetirir.
Federasiya Şurasının iqtisadi siyasət komitəsinin sədr müavini Konstantin Dolqov bir müddət əvvəl Qərbin Ukraynanı Rusiyaya qarşı genişmiqyaslı təxribata hazırladığını bildirmişdi. Onun sözlərinə görə, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid keyfiyyətcə yeni səviyyəyə çatıb.