Kim ki, insanı sevər,- aşiqi-hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur!


Kim ki, insanı sevər,- aşiqi-hürriyyət olur,  Bəli, hürriyyət olan yerdə də insanlıq olur!
Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!

Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Zənn edirdim mən bütün aləmdə İrandan səva,
Bir fərəhabad yer yoxdur o samandan səva,
Övrət olmaz hüsndə Fatma, Tükəzbandan səva,
Var imiş Rusiyyədə min-min pərizad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Ey vətən, huri görürdüm səndəki övrətləri,
Derdim ol hurilərin sənsən yəqin cənnətləri,
İndi heyranam baxıb gördükcə bu löbətləri,
Hər birində başqa ləzzət, başqa bir dad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Haliya Bakudəyəm, Baku demə bir xüldzar,
Xassə dərya sahili: bir löbətistani-tatar,
Hər tərəf ağ-çağ madamlar, bir-birindən gülüzar,
Türfə dilbər, töhfə bir şey, yaxşı bir zad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Min mənimtək kablayı bir Sonyanın dildadəsi,
Min mənimtək pakdin bir rumkanın iftadəsi,
Min mənimtək möminin bilməm nolub səccadəsi,
Bəndəlik qeydin qırıb, olmuşdur azad, Ərdəbil,
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Beş deyill, on beş deyil, hər yan baxırsan, – var madam:
Ev madam, mənzil madam, balqon madam, talvar madam,
Sirk madam, qastin madam, passaj madam, bulvar madam,
Müxtəsər, əqlim çaşıb, ey dad-bidad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Gərçi İrandan çıxarkən başqa idi niyyətim,
Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim,
Qeyrətim razı deyildi ac dolansın külfətim;
Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Bəs ki, artır bunları gördükcə hər dəm rəğbətim,
Rəğbətim artırsa da, lakin qavışmır həsrətim,
Həsrətim bir şeyədir, ancaq düzəlmir halətim!
Halətim təskini-nəfsə qılmır imdad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Qorxudurdu çıxmamışkən ölkədən qürbət məni,
Çulğayıbmış qəflətimdən vəhşətü dəhşət məni,
İndi bu gördüklərimdən mat edib heyrət məni,
Özlüyümdən çıxmışam, əfsus!.. Fəryad!.. Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Təzədən bərgəşt edib bir də cəvan olsaydım, ah!
Şıq geyimli bir cəvani-xoşnişan olsaydım, ah!
Bu pərilərlə doyunca həmzəban olsaydım, ah!
Dəhrdə beş gün yaşardım xürrəmü şad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Fəxriyyə

Hərçənd əsirani-qüyudati-zamanız,
Hərçənd düçarani-bəliyyati-cahanız,
Zənn etmə ki, bu əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz şimdi hamanız….
Turanlılarız, adiyi-şüğli-sələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan….
Əslafımıza çünki həqiqi xələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Ol gün ki, Məlikşah Büzürk eylədi rəhlət,
Etdik iki namərd vəzirə təbəiyyət,
Qırdıq о qədər bir-birimizdən ki, nəhayət
Düşmən qatıb əl, taxtımızı eylədi qarət….
Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!

Bir vəqt olub leşkəri-Çingizə tərəfdar,
Xarəzmləri məhv elədik qətl ilə yekbar,
Xarəzmlərin şahı fərar eylədi naçar,
Məscidləri, məktəbləri yıxdıq yerə təkrar….
Həqqa ki, səzavari-nişanü şərəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

Bir vəqt də dəvayi-səlib oldu mühəyya,
Dəvada firəngilərə qalib gəlib, əmma
Dincəlməyib etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa….
Guya ki, biyabanda bitən bir ələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq,
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq….
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt salıb təfriqə olduq iki qismət,
Teymur şaha bir paramız etdi himayət,
Xan Yıldırıma bir paramız qıldı itaət,
Qanlar saçılıb Ankarada qopdu qiyamət….
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Teymur şahi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamışı eylədik al qanına qəltan,
Та oldu Qızıl Ordaların dövləti talan,
Məsko şahına faidəbəxş oldu bu meydan….
Əlyövm uruslaşmaq ilə zişərəfis biz!
Öz dinimizin başına əngəlkələfis biz!

Bir vəqt Şah Ismayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dünimə,
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyö, bü təsənnün bizi bimə….
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə….
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki, qızışdı olarıq məhv sərapa….
Onsuz da əgərçənd ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Fisincan

Sanma əzdikcə fələk bizləri viranlıq olur.
Un təmənnası ile buğda dəyirmanlıq olur!

Qarışıqdır hələlik millətin iste’dadı,
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Kim ki, insanı sevər,- aşiqi-hürriyyət olur,
Bəli, hürriyyet olan yerde de insanlıq olur!

Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur,
Elmi məntiqce bu söz bəhreyi-nadanlıq olur!

Ürəfa dersən, özün əhli-xəta dersən özün,
Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?

Gözünü xirələdirmi günəşin irfanın,
Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur!

Tanırıq biz sizi artıq, demə ha, biz beləyik,
Tanılır ol kişi kim, tutduğu meydanlıq olur!

Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf,
Yüyürürsüz ora kim, dadlı fisincanlıq olur!

Kim nə deyər bizdə olan qeyrətə ?!

Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünər mərdlərik, nərlərik,
Iş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə ?!

Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi – bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə ?!

Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə !
Kim nə deyər bizdə olan qeyrətə ?!

Bizdə görünməz nə fəsadü nifaq,
Işləmədə bir-birimizdən qoçaq,
Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,
Kim nə deyər bizdə olan qeyrətə ?!

Bir işə min hummətimiz var bizim !
Bax, neçə cəmiyyətimiz var bizim !
Bundan gözəl niyyətimiz var bizim !
Ay bərəkallah, bu gözəl niyyətə !
Kim nə deyər bizdə olan qeyrətə ?!

Hansı məkatib ki, onu açmadıq ?
Hansı sənaye ki, para saçmadıq ?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
Işlərimiz mindi bütün surətə !..
Kim nə deyər bizdə olan qeyrətə ?!

Bax, neçə darüləcəz, dari-elm !
Bir neçə məktəb, neçə asari elm !
Bizlərik, əlbəttə, xəridari-elm !
Çatmışıq ondandı belə hörmətə !..
Kim nə deyər bizdə olan qeyrətə ?!

Bizdə nə fəhlə tapılar, nə gəda,
Bizdə nə sail və nə bir binəva,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!

Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,
Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Ay bərəkallah, bu gözəl niyyətə!..


Bir cavab yazın