KİMSƏSİZLƏR ÜÇÜN EV
Yenə də qış idi, yenə də zəhərə qalmış şaxta qılınc kimi kəsirdi. Bütün uşaqların sevinci olan qar onun ən böyük kədəri idi.
Kim idi, nəçi idi, heç özü də bilmirdi. Neçə yaşında olduğunu belə bilmirdi. 17 idi, yoxsa 18, bəlkə də 16 idi onun yaşı. Gözünü açandan, özünü tanıyandan özü kimi kimsəsiz küçələr sahib durmuşdu ona. Yaxşı ki, ən vəfalı dostu – Yumac adı verdiyi iti varıydı yanında. Yumac bu şaxtalı gecələrdə onu yalnız buraxmaz, ona qısılaraq soyuqdan donmuş bədənini isidərdi. İtinə belə qəribə ad qoymağının səbəbi onun kimi kimsəsiz olan bu itin yun yumağına bənzəməsi idi. Uzun və ipək kimi yumşaq tükləri vardı Yumacın.
Yumac onun həm dostu, həm yol yoldaşı, həm də dərd ortağı idi. Soyuq gecələrdə onun yorğanı idi, qaranlıq gecələrdə həyanı idi. Bir sözlə hər şeyi idi onun Yumac.
Bu gecə də Yumaca qısılmış, soyuqdan donmamaq ücün onun yumşaq tüklü bədəninə sığınmışdı. O, soyuqdan əsən əlləri ilə Yumacı sığallayıb ara-sıra pıçıldayırdı: «Nə yaxşı ki, varsan, nə yaxşı ki, belə vəfalısan».
Əslində onun bu «vəfa» sözündən acığı gəlirdi. Çünki doğulandan bu günəcən hər kəs – onu dünyaya gətirib küçələrə atan ata-anası, ondan üz döndərən qohum-əqrabası, hər gün ona acılar yaşadan həyat heç vəfa göstərməmişdi ona. Hər gün əyinlərində isti paltar olan, ata-anasının əlindən tutub şən gülüşlərlə yanından keçən uşaqlara həsədlə baxardı o. Yaşaya bilmədiyi uşaqlığına – sevgiyə, şəfqətə həsrət qalmış uşaqlığına üzülərdi o. Nəyi əskikdi o uşaqlardan? Niyə həyat ona qarşı belə amansız idi? Hansı etmədiyi günahın cəzasını çəkirdi o? Bu sualları gündə yüz dəfə özü-özünə verər, amma bir cavab tapa bilməzdi.
Bu gün çox soyuq idi. Bir tərəfdən də külək şaxtanı daha da amansız edirdi. Üzünə çırpılan qar dənələri soyuqdan göyərmiş ağız-burnunu göynədirdi. Nifrət edirdi qışa. Bütün uşaqlara sevinc bəxş edən qar gözünün düşməni idi. Yumaca daha da möhkəm sarılıb öz-özünə mızıldandı:
– Səhər açılsın, axtarıb isti bir yer tapmaq lazımdır. Yoxsa, bu qış bizim axırımıza çıxacaq. Hə nə deyirsən Yumac, səhər ilk işimiz bu olsun?
Onsuz da veyil-veyil küçələrdə dolaşmaqdan başqa bir iş gəlmirdi onun əlindən. Gündüzləri tək məşğuliyyəti Yumacla birgə zibilliklərdə yemək və cır-cındır parçaları axtarmaq idi. Bir də, onun kimi evsiz-eşiksiz olan, hər zaman tində əyləşib dilənən qoca dilənçiylə dərdləşməsi idi onun işi. Qoca dilənci həyat müəllimi idi onun. İlahi, bu qoca nələr bilmirdi ki? Ona oxuyub yazmağı da qoca dilənçi öyrətmişdi elə. Xəstələnəndə qaydına qalan, dilənərək yığdığı qəpik-quruşa ona dərman alan da bu qoca dilənçi olmuşdu.
Qocanın hər həftə qəzetə baxıb, nəyi isə yoxlamağı, sonra isə «lənətə gələsiniz» deyib deyinməsi onu çox maraqlandırmışdı. Bir gün dözməyib soruşmuşdu:
– O qəzetdə nəyə baxıb əsəbləşirsiniz belə?
Qoca əlindəki əzilmiş lotereya biletini ayağının altına ataraq «Bir ümüd gəzirəm», – demişdi ona. Sonra, «Düz 25 ildir hər həftə lotereya alıram, amma heç vaxt bəxtimə bir şey düşmür, heç bəxtim olsaydı bu günlərdə də olmazdım», – deyə deyinmişdi qoca.
O, qocaya baxıb bic-bic gülərək «Birdən böyük uduşu udsanız, o pulları nə edəcəksiniz» – deyə qoca ilə zarafat etmişdi. Qoca gözləri dolaraq, «Kimsəsizlər ücün ev alardım o pul ilə», – demişdi. Qocanın bu sözü elə bil başına güllə kimi dəymişdi onun, qırıq ürəyini bir daha yüz yerə parçalamışdı. Bu sözü yəqin ki, ömrünün sonuna qədər unuda bilməyəcəkdi.
İndi niyə xatırlamışdı qocanı, heç özü də bilmədi. Sonra düşündü ki, sadəcə, o yazığın bu soyuqda neylədiyini bilmək istəyir. Yumacı sığallayaraq «Səhər açılsın, gedib qocaya baş çəkək” dedi. Yumac narazı səsi ilə könülsüz, astaca hürdü. Elə bil, «bəsdir, daha yat» deyirdi ona.
Səhər açılan kimi Yumacı sığallayıb «Qalx tənbəl, gedək yemək axtaraq, bu qədər yatmaq bəsdir», – deyib ayağa qalxdı. Yumac da gərnəşərək onun ardınca könülsüz-könülsüz gəlməyə başladı. Yenə qocanı xatırladı nədənsə.
«Gəl, Yumac, qocaya baş cəkək, sonra yemək axtarmağa gedərik», – deyib istəqamətin dəyişdi.
Qoca həmişəki yerində – tinə qısılıb yatmışdı. Yaxınlaşıb səslədi. Səs gəlmədi. Bir qədər sonra yenə qocanı səslədi. Yenə cavab gəlmədi. «Nə möhkəm yatıb bu» – deyib yaxınlaşdı və əli ilə silkələdi qocanı. Qocanın cansız bədəni üstünə aşanda istər-istəməz geriyə addım atdı və səndələyib yıxıldı. Bir müddət yıxıldığı yerdən tərpənməyərək gözlərini göyə dikdi. Başını qaldıranda Yumacın qocanın üz-gözünü yaladığını gördü. Qalxıb qocaya yaxınlaşdı. Qocanın üzündə acı bir təbəssüm vardı. Yazıq gecə donaraq ölmüşdü. Sağ əlinin icində nəyi isə möhkəm-möhkəm sıxmışdı. Diqqətlə qocanın əlinə baxdı. Lotereya biletinin ucu görsənirdi. Qocanın əlini birtəhər açaraq biletə baxdı. Bütün rəqəmlər tək idi: 3, 11, 9, 1, 5 ,13.
O öz-özünə donquldandı ki, onsuz da həyatımız nəhs gətirib, burda da hamısı nəhs rəqəmlərdir! Sonra lotereya biletini qatlayıb cibinə qoydu. Qocanın acıq qalmış gözlərini əli ilə qapadı və «Ümid edirəm, getdiyin yerdə rahatsan» dedi.
Bələdiyyə işciləri qocanın meydini aparıb kimsəsizlər məzarlığında dəfn elədilər. Məzarın başında Yumacla ondan başqa heç kim yox idi. O, qocanın məzarına baxaraq öz-özünə düşündü. İlahi necə də dəhşətdir, kimsəsiz yaşadı, öləndə də kimsəsiz öldü.
Sonra üzünü göyə qaldıraraq «Axı bizim günahımız nədir, niyə kimlərsə isti evlərində, isti yataqlarında yatarkən, isti və dadlı yeməklərlə qarınlarını doyurub ailəsi ilə xoşbəxt və qayğısız yaşayarkən mənim kimilər də kücələrdə ac-yalavac, bir tikə çörəyə möhtac qalır?! Niyə, olmazdımı ki, bütün yaratdıqların bərabər olardı? Hamının isti evi, yeməyə yeməyi, ətrafında sevənləri olsa, hamı insan kimi yaşasa daha ədalətli olmazdınmı sən?! Nədən İlahi, nədən?!» – deyib bəlkə də həyatında ilk dəfə göylərə üsyan elədi o.
Bir neçə gün kecmişdi qocanın ölümündən. Elə bil qocadan sonra kücə boşalmış, yetim qalmışdı. Elə bil dünyada Yumacla ondan başqa ayrı bir canlı qalmamışdı. Özünü daha da kimsəsiz, daha da tək hiss edirdi o. Bu dünyadakı sonuncu insan idi onunçün o qoca. Artıq o da yox idi. Yer üzündəki milyardlarla laqeyd insanın varlığı və ya yoxluğu onun ücün bir əhəmiyyət kəsb etmirdi. Qocanın ölməsi ilə bütün insanlıq ölmüşdü onun üçün.
Əlini cibinə salıb lotereya biletini çıxardı. O üzünə, bu üzünə cevirib bir qədər baxdı. Rəqəmlərə dodaqaltı mızıldandı:
– Barı seçəndə elə bilet seçərdi ki, heç olmasa bir cüt rəqəmi də olardı.
Oyunun kecirilmə tarixinə baxdı. Üç gün əvvəl olub oyun. Qocanın öldüyü gecənin səhəri. Düşündü ki, yazıq qoca ölməsəydi yenə alıb qəzeti baxacaqdı, yenə əsəbiləşəcəkdi.
Sonra ciblərini eşələdi.
Cibindən çıxardığı xırda qəpikləri saymağa başladı. Qəzet almağa bəs edirdi.
«Gedək Yumac, gedək», – deyə itini səslədi. Qəzet köşkünə yaxınlaşıb xırda pulları dəmir qabın içinə tökdü. «Mənə bu həftə oynanmış lotereya biletini yoxlamaq üçün qəzet verin», – dedi. Qəzeti əlinə alıb bükdü və «Gedək Yumac», – deyib, yenə itini səslədi. Qocanın diləndiyi yerə çatanda ayaq saxladı. Bir müddət qoca üçün həmişə kətili əvəz edən daşa baxdı. Sonra keçib daşın üstündə oturdu və qəzeti vərəqlədi. Cibindən bileti çıxardıb rəqəmləri yoxlamağa başladı. İlk öncə böyük uduşu udan biletin nömrələrinə baxdı. 3, 11, 9, 1, 5 və 13. Gözlərinə inanmadı. Gözərini əlləri ilə ovuşdurub üzünə bir iki sillə vurdu, bir də baxdı. 3, 11, 9, 1, 5 ,13.
Bu ki möcüzəydi!!! Və səsi gəldikcə sevincindən qışqırmağa başladı. Onun bu qəfil çığırtısından diksinən Yumac kənara atıldı və istər-istəməz hürməyə başladı. O, Yumacın boynunu qucaqlayıb göz yaşları icində «Böyük uduşu biz qazandıq», – deyib yenə də səsi gəldikcə çığırdı. Nə olduqunu anlaya bilməyən Yumac təəcüblü baxışlarla ona baxıb zingildədi.
Sonra qəzetə baxıb bir də yoxladı. Təkrar bir də yoxladı. Yox yanılmamışdı, qocanın aldığı bilet böyük uduşu qazanmışdı. Üzünü göylərə tutub yenə çığırdı:
– Ey qoca, eşidirsən məni?! Sən böyük uduşu qazanmısan!
Sonra da pıçıldadı: «25 il gözlədin, bir gün daha gözləyə bilməzdinmi?»
* * *
Budur o artıq studiyadadır, həm də canlı yayımla hamı seyr edirdi onu. Təşkilatçılardan heç vaxt yanından ayırmadığı itini də studiyaya buraxmalarını xahiş etmişdi. Yumac da onunla birgə idi. Ayağının altında uzanıb maraqla ətrafa, adamlara baxırdı. Ömrü boyu onu görməyən, ona laqeyd olan adamlar indi ona qibtə ilə baxırdılar.
Aparıcı əl işarəsi ilə verilişin başladığını bildirdi. Ona ünvanlan ilk sual bu oldu: Adın nədir? O, bir qədər düşündü, illər boyu bu sualı ona verən olmamışdı axı. «Adım Ümüddür», – dedi. Aparıcı ikinci sualı verdi: Özün haqda nə deyə bilərsən Ümüd? Yenə bir qədər düşündü və Yumacı sığallayıb «Heç nə deyə bilmərəm» dedi. Aparıcı təəcüblə «Niyə» deyə yenə sual etdi. «Çünki, hər evsiz, kimsəsiz, küçələrdə yaşayan biri kimi mənim də nə dünənim, nə bugünüm, nə də sabahım var», – dedi. Sonra göz yaşlarını saxlaya bilməyib hönkürdü. Aparıcı onu bir az sakitləşdirib yenidən bir neçə sərsəm sual verdi. Ətrafındakı insanlar onu sıxırdı. Bütün gözlər qibtə ilə ona dikilmişdi. O özünü illər boyu heç bu qədər yalnız hiss eləməmişdi. Aparıcının verdiyi suallar, könülsüz verdiyi cavabları, yerdən yüksələn alqış səsləri – hər şey sıxırdı onu. Aparıcı yenə sual verdi. «Ümüd, sonda sənə bir sualım var. Böyük uduşu sən qazandın, bildiyimiz qədər də heç vaxt pulun olmayıb. İndi milyonlara sahibsən, bu pullarla ilk növbədə nə edəcəksən?» O bir qədər düşündü. Bütün həyatı bir anda gəlib gözlərinin önündən keçdi. Çəkdiyi əzablar, gördüyü zülmlər bir daha ruhunu sızlatdı və qoca dilənçi gəlib gözlərinin önündə dayandı.
Aparıcı yenə sualını təkrar elədi:
– Uduşdan qazandığın pullarla ilk növbədə nə alacaqsan?
O, gözlərini ona tərəf doğrulmuş kameraya zilləyib, elə bil bütün insanların gözlərini içinə baxırmış kimi baxdı və pıçıldadı:
– Kimsəsizlər üçün ev…
Yaşar Süleymanlı“