KİŞ
Qardaşlıq dünyasısan,
Anamın anasısan,
AZƏRBAYCAN!
Unudulmaz Heydər Əliyevlə görüş zamanı əlimə keçən fürsətdən Hüseyn Cavidin nəşini Azərbaycana gətirdiyinə görə ona təşəkkür etmək üçün istifadə elədim. Cavidə olan sevgimi isə belə ifadə etməyə çalışdım: Əgər Hüseyn Cavid ingilis olsaydı, onda Şekspir onlarda ikinci yerdə durardı. Bizim nöqsanlarımızdan biri də büdür ki, əlimizdəki sərvəti dəyərləndirməkdə acizik. Yalnız ona düşmən göz dikəndə əl-ayağa düşürük. Neft, qaz bizə Allahın lütfüdür deyirik, amma bizdən, Azərbaycandan nəyi əsirgəyib ki, Yaradan? Bizdə olan təbiətin onda birinə həsrət olan ölkələr gözəlliklərinin nümayişindən böyük sərvət toplayır, bizsə dənizimizin sahilinə divar hörür, yaylaqlarımızı hasar içinə alırıq. Biz deyirəm, sanki o hasarı çəkən, divarı hörən məni özününki sayır. Vallah da yox, billah da yox! Mən sadəcə özümü aldadıram. Guya ədəb göstərirəm, ağayana davranıram. Əslində qorxuram. Qorxuram ki, onların qəzəbinə gəlim. Böyük Məmməd Arazın çağırışına rəqmən qova bilmirik içimizdən dovşanları, ona görə bir az cəsarətli tülkülər aslan kəsilir başımıza. Nə isə. Növrüzqabağı neqativ şeylərlə ovqatınızı pozmayım. Sadəcə onu deyim ki, Azərbaycan hər il büdcəsinə milyardlarla manat sərvət gətirə biləcək turizm məkanı ola bilər və olmalıdır. Bu sayımızdan o gözəlliyin zərrələri ilə sizləri tanış etməyə çalışacağıq. Həm də sözlü təriflə yox, görüntülər, mənzərələrlə. Vaxtaşırı tarixi ekskurslarımız da olacaq, mütəxəssis şərhlərimiz də. Hələlik qədim Şəkinin qoynuna qısılmış, minilliklər şahidi, dövrümüzün Aydın Məmmədov, Vaqif Aslan, Mərdan Feyzullayev kimi elm və sənət adamlarının beşiyini yırğalamış Kiş kəndinə gedirik. Şəkillərə baxıb tarixi özünüz oxuyacaqsınız.