Mətbuatın çatışmayan “hərf”ləri
147 il əvvəl və neçə belə yüzilliklər sonra dəyişən saylar olsa da “Əkinçi”nin əvvəlinə qoyulan İLK sözü dəyişməyəcək. Azərbaycan mətbuat tarlasının İLK Əkinçi-ləri dəyişməz olaraq qalacaqlar.
Milli mətbuatın təməlini qoyan, ilk toxumunu səpənlər haqqında düşündüyümdə içimdən bu kəlmələr keçdi.
“Oğlum, bu gün o çiynində basdırmağa apardığın keçmişindir. Dəfn etdiyin o keçmişin ki, onsuz gələcəyin yetim olacaqdı”.
Kəlam olacaq söz çoxdan yazıldı. Və söz çoxaldıqca kəlam sadəcə kəlməyə dönüşüb ortalıqda lüt-üryan oynayan rəqqasənın paltarlı yerinə soxuşdurulan pul kimi əzildi. Günün sonunda məbləğ olaraq artdı bəlkə də, amma dəyər olaraq utandı.
Yeri gəlmişkən, məbləğə dəyər deməyin. Çünki məğləb nominal, dəyər isə ölçüsüzdür. Ona görə “dəyər-dəyməzlə” ölçülür onun azlığı, çoxluğu.
Əlqərəz. Qərəzsizlik qəzetçilyin, mətbuatın qızıl qaydasıdır dedilər. İnandıq.
Sözü tirajlayıb bizə çatdırmaq istəyən- Qəzet çıxardanların məqsədi cəhalət bataqlığında boğulanları qəflətdən oyatmaq, “axurlarda gizlənməmək” , “poçt qutusunun” yanında keşik çəkməmək üçündü.
Bu günün mətbuatı nəyə xidmət edir? Sualı belə qoymaq daha doğru olar. Kimə xidmət edir?
Rüşvətlə mətbuat qurumlarına üzvlük vəsiqəsi verməyəmi? Yoxsa qələmi bir yana ağzı söz tutmayanı, kardan cigiltiliyə keçidini anlamadığı sözün yazılışı ilə deyilişi arasında hələ də çaşıb qalanların gündəm müəyyənləşdirməsinəmi?
Mətbuat bağını salan “Əkinçi”ləri bəzən qıtlıq da çəkdilər hər anlamda. Bircə sözdən başqa. Deyiləcək, yazılacaq söz çoxdu, amma hərf çatmırdı. Bəli, elə bu cümlənin hərfi mənasında.
Mətləb buradan başlayır. Dünəninlə bu günün arasında körpü rolunu oynayan, gələcyini müəyyənləşdirən sözun yolu qədim, onun kəlam biçimində ümumiyə çatdırılması-avamı maarifləndirməsindən ötrü qəzetləşməsinin yolunun yaşı isə 147 oldu. Əski tarixlə 1292, yeni tarixlə il 1875-di. Ay da elə bu ay, bu gün.
Mətbuat tarixini kitabından oxuyun. Onun kitabı da “Əkinçi” və onun bağbanlarıdır. Çox deyil. Cəmi 56 nömrə. Dötd il zülm-zillətlə icazədən sonra ərsəyə gələn 5-6, 56.
İndi icazə bir bildirişə bağlıdır. Ya da elə hər yer mətbuatdır. Çap maşını da var, çap kağızı da. Kağızsız rəqəmsal olanı əlimizdə, cibimizdə. Bu qədər zəhmətə də gərək varmıyıd?
Elə 3-cü nömrəsindən H. Zərdabi qəzetin ləngiməsi səbəbindən yazırdı.
“Q”, “K”, “R”, “L” hərfləri çatmadığından bu hərflərlə başlayan sözləri dəyişdirmək məcburiyyətində qaldığını oxucusuyla paylaşır və hərflərin mətbəədə olmaması ucbatından onun İstanbuldan gətirilməsi zaman və xərc deməkdir- deyirdi.
Necə yəni. Q-sız qəzet olmaz!.
Qəzet –qərəzsiz olsun gərək.
Qərəzsizlik də Kəlmə ilə anladılır.
Kəlmələrsiz də Rəzili-Rüsvay olarıq.
Rəzilikdən qurtulmağın yolu hərflərin Labüdlüyüdur. Lüzumludur hərflər söz, kəlam anladan qəzet üçün.
Gəl indi bunları əvəz edən sözlər tap. İçində –q, k, r, l hərfləri olmayan sözlər həm də. Təsəvvür etmək belə çətindir. Əslində həm də zaman alandır. Belə bir dövrdə zaman alan şeylərlə uğraşaraq qəzet çıxartdılar.
Bu gün hərflər də var, onları uyğulayan bizi hərifləyənlər də. Ortada qəzet yoxdur, amma. Var olanı da ya qərəzlidir, ya rüşvətli, ya da keyfiyyətsiz və lüzumsuz. Bu çatışan hərflərlə də bu qədər olur.
“Eh oğlum, ört-basdır etməyə çalışdırğın çatışmayanınla içində dəfn edildiyin bu günün deyil, həm də gələcəyindir. O gələcək bu günlü keçmişlə yetimdir!”
Mətbuatın bu günü Olubmu, Ölüblü? Elə “Əkinçi”dəki ərəb hərfiylə verilən e’landakı “Olub” kəlməsinin “Ölüb”ə dönüşdüyü sayaq…
Tünzalə Vəliqızı, Moskva
22.07.2022.