Moskva Qadınları Zəfər Bayramını qeyd etdilər
«Dönməz geri» deyə bəzən ümidsizliyə uğradığımız acı gerçəkliyi ilə yanaşı, dolması, aşı, paxlavası, tarı, kamançası, başımızda Sarı gəlin havası kiçik müstəvilərdə belə savaşdıq keçən zamanlar içində. Əslində itirdiklərimizin acısını həzm etməmək duyğusundan ötə, milli kimliyimizi yenidən sorğulamaqdı, bu. Milli Vətənpərvərlik ruhunun oyanması sınağıydı, bu! «Qarabağ Ya Azad olacaq, Ya Azad olacaqdı. Başqa yolu yoxdu!» Hər səfərində «Bu səfər sondu»- desək də, yarıda durdurulduğumuz da yaşanmış reallıqdır. Sonuncu Səfər Sonsuz Zəfəri gətirdi.
Bu Zəfəri -Tarixi Qələbəmizin 4-cü ildönümünün astanasında Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Qadınlar Birliyi təntənəli surətdə qeyd etdi.
Tədbir Azərbaycan himnini sədaları altında başlandı. 30 illik ayrılığın sonunu gətirən 44 günluk və sonuncu 24 saatlıq savaşa yol açan, bu mübarizədə canını qurban edən Azərbaycan Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
2020-ci ilin 27 Sentyabrında başlayan, Azərbyacan Əsgərinin dünyanı heyrətə gətirəcək geridönüşü, durdurulamayacaq əkshücumu Noyabrın 8-də Qələbə ilə yekunlaşdı.
Tədbirin təşkilatçısı olan Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti nəzdində fəaliyyət göstərən Qadınlar Birliyinin fəalları ümumilikdə bu fikirləri dilə gətirdilər:
«Moskva qadınları əzəli Vətənimiz Azərbaycanın dilbər guşəsi Qarabağ və onun ətrafında baş verənləri ürək ağrısı ilə izləməklə qalmadı, bu savaşın bir parçası oldular. Burada iştirak edən qadınların ürəyi hər zaman oradakı əsgərlərimiz və onların ailələri ilə birlikdə döyündü. Aralarında doğmalarımız, yaxınlaırmız, qonşularımız da vardı. Bu savaş heç bir evdən, ocaqdan yan keçməmişdi. Sevincimiz də, kədərimiz də hər daim ortaqdı».
Tədbirdə doğma torpaqlarımızdan yarıçılpaq, ayaqyalın qovulmuş, zorla arxalarında buraxmağa məcbur edildikləri yurd yerlərindən ötrü yanıb-qovrulmuşların həsrətinə son verən Azərbaycan Ordusuna, onun Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq nitqləri söyləndi.
Moskva ziyalıları adından çıxış edən şairə Dilarə Cəlilova, Səidə Rəhimli Qarabağa, Şanlı Zəfərimizə həsr etdikləri şeirlərini səsləndirdilər.
Pedaqoq Leyla Fərəcova və filoloq- qiraətçi Xalidə Səmədovanın «Şəhid Anasının Ayaq Tacı» adlı şeir əsasında hazırladığı kompozisiya iştirakçıları duyğulandırdı.
Qarabağ savaşının dönüş nöqtəsi daha əvvələ, 2016-cı ildə baş verən 4 günlük Aprel savaşına təsadüf edir. Ondan əvvəli də var… O əvvəlin mübarizlərindən olan Şəhid Milli Qəhrəman Əli Mirzəli oğlu Abışovun bacısı Fatimə xanım, Şəhid Elşən Muradovun bacısı Gülşən xanım doğmaları ilə bağlı kövrək xatirələrini paylaşdılar. Onlar Qarabağ Müharibəsində şəhid olan qardaşlarının timsalında bu Zəfərin minlərcə nigaran ruhları rahatlığa qovuşdurduğunu -dedilər.
Həzin notla başlanan Zəfər Bayramı təntənəsi gecənin nəğməli qonağı Təranə Gədəbəylinin vətənpərvərlik mövzusunda oxuduğu mahnılarla, «Ağ çiçəklər» rərs ansamblının ifasındakı rəqslərlə davam etdi.
Təbdirin sonunda üstünə «Xarı bülbül» rəsmi həkk olunmuş Zəfər Tortu kəsilərək iştirakçılara paylandı.
Qetd edək ki, gecənin aparıcısı Ülviyyə Əzizova idi.
Tünzalə Vəliqızı, Moskva
07.11.2024