MOSKVADAN CANAQQALAYA 3-CU MƏKTUB


MOSKVADAN CANAQQALAYA 3-CU MƏKTUB
Əzizim Məmməd İsmayıl! Hərdən düşünürəm ki, bir zamanlar insanlar dərd-sərlərini öz qohumlarına, əzizlərinə danışar, təsəlli tapar, məsləhət alardılar. İndi isə hər şey yaman dəyişib, öz ürək sözlərini psixoloqa danışmağı daha məqsədəuyğun bilirlər, nəinki kiməsə ürək açmağı. Bilmirəm bu nə ilə əlaqədardır… Bəlkə dinləməyi, kiminsə kədərinə, hiss və həyəcanına ortaq olmağı bacaranlar azalıb, bəlkə də ətrafdakıların sirdaşlığına adamların inamı itib?

Amma yaxşı ki, hələ də, saatına filan qədər pul alıb sənə qulaq asmağa hazır olan psixoloqlardan savayı, sədaqətli dostlar da var! Yaxşı ki, hələ də müəyyən qədər sirrini-sözünü kiməsə etibar edə bildiklərin var. Belə dostların sayı çox olmur, ola da bilməz, çünki səni sənin qədər anlayacaq, çox yöntəmlərilə sənə uyğun gələcək insanlar bir və ya iki olar ancaq.

Əgər mənə, “Dünya nəyin üstündə durur?” – deyə qəribə bir sual versəydilər, “Xeyirxahlıq və etibar üzərində durur” – deyərdim.

Bu gün bir şeiriniz nəzər-diqqətimi cəlb elədi, daha doğrusu, ruhumu titrətdi:

Özü də məəttəl qalıbdır buna,
Çıxır yavaş-yavaş yuxuları çin.
Dəmir pul atmışdı qürbət suyuna –
Bir də o yerlərə qayıtmaq üçün…

Aman Allah! Deməli, kimliyindən və mənsubiyyətindən asılı olmayaraq insanlar eyni şəraitdə eyni gür davranmaq xüsusiyyətlərinə malikdirlər.

Sulara pul atmaq və arzu diləmək yeni adət deyil, amma qürbət suyuna pul atan zaman içdən keçən arzu – nə var-dövlət, nə sevgi payı, nə də başqa bir şey deyil… Yalnız və yalnız Vətənə bir də dönə bilməkdir.

Vətən! Yaşadığın zaman, bəlkə də qədrini bilmədiyin, havasını udub günəşində qızındığın zaman, bunları olacaq adiliklər kimi qəbul etdiyin, bir addım aralı düşdüyündə isə burnunun ucu göynədiyi Ana torpaq!

Bəs görəsən, övladlarından kimlərisə daha çoxmu, kimlərisə daha azmı sevir Vətən? Ana da öz balaları arasında fərq qoyarmı? Nədir bizi ondan aralı salan? Nədir qəlbimizə dağ üstdən dağ çəkən? Hansı həqiqətlərdir, hansı səbəblərdir, hansı qaçılmazlıqlardır bunlar?
Amma həyat çox qəribədir, əziz şairim! Qürbətdə yaşamaq hələ Vətən həsrətlisi olmaq deyil.

Yad ölkədə yaşayaraq Vətəninin qeybətini edənlər, onu yada salmayanlar, salanda isə ağız büzənlər, öz ailələrini tənha qoyub haramçılıq edənlər və s… və s… namussuzlar, biganələr, amöblər nə çoxdur!

Vətəndə yaşamaq da hələ qərib olmamaq deyil.
Bəzən öz vətənində “vətənsiz” qəribsəyənlər olur – Güney Azərbaycanımızda yaşayan qardaş-bacılarımız kimi. Öz dilini kullanmadan, öz haqlarını görmədən yaşamaq da elə qəriblikdir. Və ya doğulduqları, böyüdükləri, babalarının ruhunu tapşırdığı el-obasından erməni faşistləri üzündən didərgin düşən Kəlbəcərlilərimiz, Laçınlılarımız, Ağdamlılarımız, Qubadlılarımız……….. kimi.
(Bu sözlərin Azərbaycan dili qrammatikasına görə kiçik hərflərlə yazılmalı olduqlarını bilməmiş deyiləm, amma əlim gəlmir. Onsuz da əlimizdən verdiyimiz, ümid və arzuları kiçildilib nöqtəyə dönmüş Qarabağımız və müqəddəs ana torpağımızın yeddi parçası – nisgilli və könlüsınıqdır.)

Vətən həsrətlisi olmaq isə dəhşətdir.
Babək filmində bir epizod var. Orada Babək öz oğluna azadlığın nə olduğunu anlatmaq istəyir və belə deyir: “Zavalli, sən heç vaxt anlamadin ki, azadliq yanğisi nə deməkdir! O dəhşətli yanği ki, ürəyi yandirib külə döndərir! Azadliq! İstər aci olsun, istər şirin… Yalniz o idi məni döyüşdən-döyüşə aparan! Elə güman eləyirdim ki, sən də bu yolun yolçusu olacaqsan! Lakin sən anlamadin ki, bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altinda sürünməkdən daha üstundür!””

İnanmıram elə bir azərbaycanlı olsun ki, bu sözləri dinləyərkən ürəyi titrəməsin, qamarlarında qanı coşumasın! Heyhat! Arzumuz haradadır, özümüz harada…

…Amma hər şeyə rəğmən inanıram! İnanıram ki, bir gün Vətənli vətənsizlərimiz, qəribanlarımız və sənlə mən də bir gün arzusunda olduğumuz, arzuladığımız kimi bir Vətənə dönəcəyik!

Ümumi dostumuz İmdat Afşarın dediyi bu sözləri xatırladım: “Memmed İsmayıl’in insan sevgisi büyür ve millet olur… Onun toprak sevgisi de Vatan olur aniden…”

P.S. Yuxarıda qeyd etdiyim şeirinizi oxuduqdan sonra bu misralar gəldi içimdən:

QÜRBƏT SULARI

Qürbətdə sulara pul atan qərib,
Nə olub, üstünü buludlar alıb?!
Yenə bahar gəlib, dərdin göyərib,
Tənhalıq ruhunu qəfəsə salıb?!

Eh, dostum… dəyişib o sən görənlər…
Dərdini qəriban anlayar ancaq.
Vətəndə yaşayıb – ömür sürənlər
Bir də uşaq kimi danlayar ancaq.

“Gedişin səbəbsiz” deyərlər sənə,
Qayıtmaq yolunu göstərən olmaz.
Ümidin dolaşar fələk çərxinə,
Elə tapdanar ki, yeri də qalmaz.

Gözlərin yol çəkər gələndə payız,
Gözlərsən Günəşi can həsrətiylə.
Səni səsləsə də hər cığır, hər iz,
Həsrət divar olar əsarətiylə.

Şaxtalar ruhunu qılınctək kəsər,
Solarsan anasız körpələr kimi.
Nə Gilavar əsər, nə Xəzri əsər,
Susarsan oxunmaz nəğmələr kimi.

Deyərsən: “Təbiət gələr insafa,
Qayıdıb dönərəm doğma ellərə…”
Qayıda bilməzsən, amma, bir daha
O səndən xəbərsiz ötən illərə!

Səni uzaq salan bivəfa yollar
Eh, hələ çoxunu uzaq salacaq…
Qürbət sularına atdığın pullar
Elə arzular tək yatıb qalacaq…

HÖRMƏTLƏRIMLƏ: AFAQ ŞIXLI
MOSKVA.
12.07.12.”


Bir cavab yazın