Moskvalılar miqrantlara qarşı küçə savaşında


Moskvalılar  miqrantlara qarşı küçə savaşında
Əvvəldən xəbər verildiyi kimi Moskvanın Biryulovo rayonunda yerli sakin Yeqor Şerbakovun öldürülməsindən qəzəblənən sakinlər aksiyaya başlayıblar.

Əslində bu aksiyadan daha çox miqrantlara və yerli idarəçiliyə qarşı savaşa bənzəyir.

Sevgilisi gözləri önündə öldürülən Kseniya hadisələrin bu şəkil alıb milli münaqişəyə çevrilməsi əleyhinə olduğunu bildirib.

Lakin qəzəblənmiş kütlə “Biryoza” ticarət mərkəzinə hücum edərək, ətrafdakılara xəsarət yetirməyə başlayıblar. Hadisə yerinə OMON tökülüb. Olayı sakitləşdirməkdən ötrü avtozak maşınlar gətirilib. Nizamsızlıq, qalmaqal yaradan aksiya iştirakçıları saxlanaraq avtozaklara mindirilib. Aksiyaçılar avtozakların hərəkətinə mane olmağa çalışıblar.

Hadisə yerində “Qazel” markalı yük maşınını çeviriblər. Xalq yığıncaqçıları Biryulovo rayon bələdiyyəsinin istefasını tələb edirlər.

Xatırladaq ki, bu gün Biryulovoda aksiyanın belə geniş vüsət alacağı haqqında təşkilatçılar əvvəlcədən xəbər vermişdilər.

Sosial şəbəkələrdə də hadisənin baş verməsini “alqışlayaraq” miqrantlardan boğaza yığıldıqlarını vurğulayırlar.

Ən tolerant olanı belə “bütün millətləri sevirəm, amma öz evlərində. Bura gəlib rahatlığımızı pozmasınlar”-deyə yazır.

“Rədd olub buradan çıxıb getsinlər, 2-3 ildən sonra bizim uşaqlar üçün real təhlükədirlər”- fikrini yazanlar da var.

“Miqrantlara qarşı barikkada savaşları başlayacağıq” xəbərdarlığının qoxusu gəlir.

Hadisənin gedişatını izlədikcə insanı bir sual düşündürür: “Qaraların” diasporu vətəndaşlarını bu qəzəbli kütlədən qoruya biləcəkmi?

Hələliksə, bu ərazidə durmaq dərisi qara olanlar üçün çox təhlükəlidir.

Qızğın kütlə tərəvəz bazarını doğru addımlayır. OMON onların yolunu bağlasa da həyətdən ora daxil olmaq istəyirlər.

3 minə qədər insanın toplaşdığı xalq yığıncağı əsl üsyana çevrilib.

Moskva Cənub inzibati dairəsinin polis rəisi Yeqor Şerbakovun qatilinin axtarışıyla ən çevik qüvvələrin məşğul olduğunu , qətlin xüsusi nəzarətə götürüldüyünü desə də ərazidə gərginlik davam edir.

Tünzalə Vəliqızı
Moskva


Bir cavab yazın