Nəfs deyil, Nəfəsdi Vətən!!!
İllər əvvəldi. İlk dəfə Çanaqqalaya gedirdim. Avtobus bir azdan dörd dənizin qovşağındakı limana yaxınlaşacaqdı. Gəmi-bərə sərnişinləri o taya- Çanaqqalya götürəcəkdi. Türk hərb tarixinin şanlı səhifələrindən olan Çanaqqala döyüşünün qəhrəmanlarının ayaq basdığı, qanları töküldüyü müqəddəs torpağa.
Əlimdəki dəftərçəyə bir şeylər qeyd etmək istəyirəm. Nədən gözüm yaşarır, qəlbim sıxılır-bunu sadəcə mən bilirəm. Çanaqqala savaşından məni ən azı yüz ilə yaxın vaxt ayırır. (2012-ci ildə ora səfər etnişdim-T.V.)
Çünkü biz də bir savaşın içindəydik. Qarabağ uğrunda savaşın. Müharibələrin miqyası, yeri, zamanı başqa olsa da, insanlıq üçün məramı birdir. Ölüm, qan qoxuyur, arxasında xarabalar, viranələr, yetimlər, kimsəsizlər buraxır…
Çanaqqala döyüşü ilə Qarabağ savaşı arasında qurduğum bağ hardandır, nədəndir-deyə özümə verdiyim sual özümə dəyib qayıdır.
Fikrim bir anda geolokasiyasını dəyişib məni iki dəfə Nobel mükafatı almış «Mən Malalayam»- memuarının müəllifinə götürür. Nə yazmışdı Taliban zülmündən əziyyət çəkib, güllə yarası yeyən, susmayan o qızcığaz?
«Bir çox pakistanlı dostlarımız ola bilsin ki, bizi çox şanslı hesab edir. Biz İngiltərədə, gözəl bir kərpic evdə yaşayırıq, yaxşı məktəblərə gedirik. Atamız Pakistan konsulluğunda təhsil attaşesi və həmçinin BMT-də qlobal təhsil üzrə məsləhətçi kimi çalışır. Bir çox iddialı pakistanlılar belə bir işi, həyatı arzulayardılar.
Atalarınızın, babalarınızın doğulduğu, ulularınızın yüzillərlə yaşadığı vətəndən didərgin düşəndə çox ağrılı olur. Doğma torpağına əlinlə toxunammazsan, çayların melodik nəğməsini eşidəmməzsən. Dəbdəbəli otellər və saraydakı qəbullar ev hissini əvəz edə bilməz».
O zaman dəftərimə sadəcə bunu qeyd etmişdim. Nəfs deyil, Nəfəsdi VƏTƏN!
Qarşımda Qələbəsinə heyrət edilən Çanaqqala vardı, bir də qəlibindən utanan-bunu özünə bağışlamayan… Kimlər?
Sualla qurulan cümlələrin cavabı olduğu kimi bir cavabdehi də olur. Cavablar çoxdu. Cavabdeh yoxdu, amma.
Hər kəsin özünü cavabdeh hiss elədiyi gün çözüləcəkdi bu.
O gün bu gündü!
Az qala hər kəsin gözü qarşısında baş verən, hər ailənin özünün yazdığı tarixdi bu Savaş tarixi. Həmkarım, həm də tarix müəllimi Məhəmməd İrsafiloğlunun qənaətinə şərikəm. Tarixi xronologiya əzbərlənə, yaddaşlara köçürülə bilər. Hünər nəzəriyyəni təcrübədə reallaşdırmaq cəsarətindədir.
İndi məndən soruşun? 27 Senytabr nə deyir sənə, bizə?
4 il əvvəl biz 27 Sentyabrın Qələbə ilə bitəcəyinə elə ilk gündən inandıq. Mediaya inamın kökündən sarsılmasına xidmət edən təsadüfilər və satılanlara rəğmən. Çıxarlar üzərinə siyasət yürüdənlərə rəğmən. Deyən və deyilənlərin faydasızlığına bizimlə bərabər zamanın şahidlik etdiyinə rəğmən.
Bütün rəğmənlərə rəğmən “O gün-bu gündür”- deyib hamılıqla qəlbən əmindik! Bir gün əksi-rəğmənlər bitəcək! Qələbə hissini qəlbimizə soxan Vətəni təmənnəsız sevən, onun uğrunda bir an belə düşünmədən döyüşə atılanlara rəğmən! Mübarizlərin, Fəridlərin, Natiqlərin, Poladların timsalında adları çəkilən Adlı və çəkilməyən neçə Adsız Şəhid və Qazilərin Qəhrəmanlıqlarına rəğmən! İllərin intizarında, acı həsrətində yanıb -qovrulan, can verəndə üzünün Qibləsini Qarabağa doğru çevrilməsini istəyənlərin sevgisinə rəğmən! Əksi-rəğmənləri bitirən O Gün Bu Gündü! Onun üçün hər şeyə rəğmən inandıq! Başladı, başlandı deyilən Gün həm də!
Bu bir Qisas deyil, bu bir Qürur Savaşıydı. Özünəqayıdış Savaşıydı! Qısası, aldıq. Qüruru da, Qarabağı da qaytardıq! Özümüzə qayıtdıq!
Minnətdarıq, borcluyuq, haqqları boynumuzdadır-deyirik, deyəcəyik.
Yenə bir sual. Ritorik, ya qeyri-ritorik.
Minnətradlıq, borcluluq hissi, haqları… bunu qaytara bilmişikmi, onlara? Mənimki sadəcə bir sual. Ritorik, ya qeyri-ritorik.
Hamı özünü cavabdeh biləndə…
Qoxusunu yaylıq ucuna bağlayıb gətirdiyi bir ovuc torpaqdan alan, onu böyük yurda qovuşduranların və eləcə də hamımızın Zəfər Yolunun döşəndiyi gün! O gün bu gündü!
Tünzalə Vəliqızı,
Moskva.
27 Senytabr 2024–cü il