Novruz bayramı Moskvada keçirildi (FOTOLAR)
Moskvadakı “Şəhriyar” adına mədəni-ədəbi cəmiyyəti “Novruz” bayramıyla bağlı təntənəli tədbir keçirdi. Moskvanın azərbaycanlılara məxsus “Orxideya M” restoranında keçirilən bayram şənliyini aparıcılar- “Dərviş” teatrının artisti Şirzad Pirallahi və 157 saylı etnik profilli Azərbaycan məktəbinin müəllimi Sevil İsmayılova açaraq bütün iştirakçıları bahar təravətli, günəş hərarətli ifadələrlə salamladılar.
Sonra ilk söz tədbirin ev sahibi -“Şəhriyar” mədəni-ədəbi cəmiyyətinin sədri Vasif Məmmədova verildi. O, əsrlərdən bəri məhəlli xarakter daşımaq məcburiyyətində qalıb sonradan evlərdən ellərə çıxan “Novruz” bayramı münasibətilə bütün qonaqları təbrik etdi. “Yeni gün” anlamı verən milli bayramımız “Novruz”un həm bərabərlik, sülh,əmin-amanlıq və barış bayramı olduğunu qeyd edərək, bir yerə yığışan azərbaycanlılara birlik, barış arzuladı.
85 yaşlı şərqşünas alim Qasım Kərimov “Novruz”un tarixindən, bu bayramın əvəzolunmaz xüsusiyyətlərindən söhbət açaraq hər kəsə ağsaqqal xeyir-duası verdi.
Görkəmli və nüfuzlu hüquqşünas Məmməd Quliyev isə öz çıxışında Novruz bayramının tarix və İslamla bağlılığından, min illərdən bəri qorunan bu bayramın paklığa, təmizliyə xidmət etməsindən danışaraq ümumi agrılı nöqtəmizə, hələ də işğal altında qalan Qarabağ probleminə toxunaraq, torpaqların azad olunması naminə hamını birliyə çağırdı.
Moskvada fəaliyyət göstərən bütün diaspora təşkilatlarının münayəndələrinin iştirak etdiyi bayram şənliyində Azərrosun prezidenti Asif Məhərrəmov, Dünya Azərbaycanlıları Konqresinin sərdi Mirəşrəf Fətiyev, “Ocaq” cəmiyyətinin rəhbəri Tofiq Məlikli və digərləri çıxış edərək Azərbaycan xalqının timsalında Rusiyadakı bütün soydaşlarımıza bayram diləklərini çatdırıb, “Novruz” təravəti arzularını ünvanladılar.
Gecənin bayram təntənəsinə bəstəkar-müğənni Elza Seyidcahan “Mən baharın qızıyam”-deyib soyuq Moskvaya isti Bakı hərarəti qataraq gecənin rənginə rənğ qatdı. 10 yaşlı istedadlı gənc balamız, Rusiya məktbələrarası XXII musiqi simpoziumunun laureatı Nigar Zakirovanın skripkada ifası, Moskvada DAK sədrinin milli geyimdə qol görütüb oynaması –bütün bunlar “Orxideya M”restoranında yaşandı.
Bir yanda Novruzun simvolu əli səmənili Bahar qızın ətrafında halay qurub birlik rəqsi olan “yallı”ya qol götürüb oynadılar, bir yanda yumurta götürüb sındırdılar.
Gecənin sonunda “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov bu gün bu məclisdə birlik nümayuş etdirən diasporlarımıza hər zaman beləcə bir yerdə olmağı arzu etdi. Və bu təntənəli bayram gecəsinin təşkil olunmasında xüsusi dəstəyi olan və ailəlikcə iştirak edən restoranın sahiblərinə, o cümlədən Şaiq Kərimova təşəkkürünü bildirdi.
Qeyd edək ki, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin təşkil etdiyi Novruz şənliyində Rusiyadakı bütün diasporlarımızın nümayəndələri iştirak edirdilər.
Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/