Ölməyə yox İlahi, yaşamağa vətən ver!
Bu yazımı dörd il öncə yazmışdım. Bəlkə də mən qarışıq hər kəsin belə bir qürbətzadəliyi var ha Vətəndə, ha Vətənin dışında. Arabesk, ah-vaydan doğan qürbətçilik sindromuna qarşı var gücümlə etiraz etmişəm bu yazımda. Hər sönməz gecənin bir işıqlı gündüzü var ümidiylə açılmayan sabahlar çox yorur adamı, həm də çox…
Əslində bizim ən böyük faciəmiz özümüz özümüzə yenilməyimizdir, biz bunun əksini bacarsaydıq kimiydi rus, erməni, ingilis, cümlə- cahan?! Bu üzdən biz Vətəni kirli eqolarımızdan doğan mənəm mənəmlik duyğularıyla sevdik. Bizimiz olmadı:
” Vətən sənsən, Vətən mənəm. Təmənnasız əgər bizə yarımasaq Vətənsizik, Vətənsizik…”” (R. Behrudi “”Yaddaşlara yazın”” şeirindən parça)
“”Mən Vətəni sevmək istəyirəm,amma buna imkan vermirlər””.
İ.А.Brodski.(1940-1996).
ACI BİR EPİLOQ…
On beş ildir ki, qürbətdə yaşayıram. Heç bir zaman Vətəni süslü-püslü,süni pafosdan doğan cılız zehniyyətlə “sevmədim” və istəsəm də bunu bacaramam. Qəribçilik, qürbət duyğularından da güclü Vətən inşa olunacağına inanmıram.
Böyük Fransa Burjua inqilabının memarlarından Jorj Danton əvvəl birgə mübarizə aparıb ələ keçirdikləri hakimiyyət komandasında fikir və yol ayrılığına gəlindiyində dostlarının: “Sən Fransaya lazımsan, ölkəni tərk et, canını qurtar” təklifini əlinin tərsiylə rədd edərək bu möhtəşəm cavabı verir: -Mən Vətənimi başmaqlar altında qoyub qaçmaram.”
Gilyotinaya gedəcəyini bilərək bu yolu seçir, ölmək və ölməmək adına…
Amma bizim çiyin verib inandığımız liderlər “sağ” qaldı, Vətəni başmaqlar altında qoyub qaçmaq bahasına. (ucuzuna daha doğrudur deyilmi?!-M.İ). həm də öz Vətənlərində qalmağın qarantisini alaraqdan.
Bizsiz Vətən, bu gün Avropa, Türkiyə, Rusiya və başqa ölkələrə səpələnən hamımızın acı taleyinə dönüşüb bu nəticədən nə yazıq ki…
Bu məsələdə rəhmətlik Ömər Faiq Nemanzadə demişkən: “Ən böyük zalım məzlumdur.” Bu durumun baiskarı hamımızıq.
Və bunun ən dərin səbəblərindən biri üzərində düşüncələrimi ağrılarla qələmə tökürəm…
BASDIRDIĞIMIZ VƏTƏN…
Vətən haqqında qara-qara düşünürəm.Bu anlayışa müqəddəs don verib bzi zar-zar ağladan ağı, bayatıların sayı ədəbiyyatımızda və həyatımızda göydəki ulduzların sayı qədərdir az qala.Sanki Vətən bizə onu sevib onda yaşamaq üçün deyil, ölünü ağlamaq, vay şivən qopartmaq üçün lazımdır, həm də necə…
Güclü, qüdrətli Vətəni oxşayan ədəbiyyat,folklor nümunələrimiz cüzi istisnalarla mövcud. Abbas Səhətin “Vətən” şeri və musiqimizdə rəhmətlik Üzeyir Hacıbəylinin “Cəngi”si gözəl bir nümunədir, qalanları ağlaşma, sızlama.
Bir ata sözümüz var, guya ki “Vətən viran olsa da cənnətdir”.
Niyyətin mütiliyinə baxın ha…
Viranə və cənnət nə qədər də paradoksal və biri-birindən uzaq, heç bir zamanda biri-birinə sığmayacaq, qütbi əksilikdə duran anlayışlar, qatasan qarışmaz…
Vətəni cənnət görmək istəməzliyindən gəlib bu zəhrimara qalmış viranə sayıqlaması, uydurması.
Həyatımızı viranəyə döndərənlərin cənnəti deyək bəlkə bizi bağrından itən, heç zaman sevməyən Vətənə!
Məncə zənginlərin(haramzadələri nəzərdə tuturam-M.İ) cənnəti,məzlumların cəhənnəmi daha sərrast ifadədir.
Ah…Günümüzü göy əskiyə döndərənlərin cənnəti,məzlumları acı göz yaşlarına qərq edən,cəhənnəm əzabıyla yaşadığımız Vətən…
Biz səni sevdik.Səndə bizi sevdinmi heç?!
“Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi,
Yaşamağa vətən ver!.” (R.Rövşən)
HAŞİYƏ. Bir də “Ölməyə Vətən yaxşı” bayatısı haqqında. Bu bayatı elə bil zaman-zaman musiqimizə, ədəbiyyatımıza hopdurulan, atalarımızın bivec şüuraltılarının ən bədbin arabeskinin inikasıdır.
Nədən yaşamağa yox ölməyə Vətən yaxşı?!
Öz elini obasını, halal arvadını, uşağını, ailəsini tərk edib yad ellərdə min bir keyf sürdükdən sonra tabutda geri dönənlərin Vətəni..
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş,
Evlərdəki nisvanları neylərdin, ilahi?! (Nisvan-ərəbcə qadın demək-M.İ).
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?
Necədə miskin bir Vətən və “vətəndaş”, deyilmi?!
Hələ ərinin xəyanətlərinə rəğmən tabutun üzərinə atılıb üz gözünü dırnaqlarıyla cırıb al qana döndərən qadınlarımızın ərşi lərzəyə gətirən ahü nalələrindən onların özünə oxşar vətənlərindən görən şanlı, izzətli bir nəsil necə çıxacaq ki?!
Çıxmayacaq və əsla çıxmaycaq!
Çünki xəyanət məhəbbətə dönüşməz, göz yaşlarıyla sulanan torpaqlardan qeyrət, qüdrət heç zaman fışqırmaz .Bayatısında ölümə dəm tutan bir topluluğun yeri və məkanı qəbristanlıqlardır. Ha dirisi, ha ölüsü fərq etməz.
Ölkədəki min cür haqsızlıqlara dözməyərək Avropaya köç etmiş soydaşlarımızın həyatını anladan jurnalist Sevinc Telmanqızı bir müsahibəsində yazır ki: «mən hər müsahiblə görüşəndə onların necə ağrıdığını, kövrəldiyini, Vətən həsrəti çəkdiyini görürdüm. Ağlaya-ağlaya müsahibə verirdilər, keçmiş xatirələri dəfələrlə yada salaraq. Avropada yaşayanların böyük qismi deyirdilər ki, qayıdacağıq. Çoxu öz vətənində basdırılmaq istədiyini söyləyirdi.»
Bax belə…
Vətən bizə yalnız basdırılmaq üçün lazmıymış,bizim Vətən haqqında hissü idrakımızın ən bariz nümunəsi bu misalda yatır.
VII sinifdə “SSRİ tarixi” fənnindən “İqor polku haqqında dastan” da (o illərdə nə O. Sülüymenevin AZ İ YA sından nə də bu dastanın bir türk dastanı olduğundan xəbərim ola bilməzdi-M.İ.) knyaz İqorun Rus torpaqları uğrunda son damla qanımızadək vuruşaq, əgər ölərsək lap bizim meyitlərimizi tapdalasınlar, təhqir etsinlər, ölünün nəyi utancaqdır ki sözləri bu günədək heç bir zaman tərk etmədi.
Və hər zaman bu qissəni xatırlayanda öz “vətənpərvərliyimizdən” xəcalət çəkdim. Zatən bir gün yaşlanıb yorğan döşəkdə öləcəyik, amma utanclar içində baş verəcək bu, bir daha geriyə dönməyə aman verməyəcək qara kabus kimi çökəcək xirtdəyimizə ölüm, əsl o zaman utanc duyacaq ruhumuz cansız bədənimizdən… Biz aile ve ev-eşik namusunu veten namusundan daha üstün tutduğumuzdan İqorun dedikleri beynimize batmaz. Ziya Gökalp Türkçülüyün Esasları’nda ingilislerle Türkleri müqayise edib deyir ki, onların arasından heç xain çıxmaz, amma çox elieyri insanlardır. Bizim ise xainimiz çoxdur çünki veten namusu bizim üçün arxa plandadır…
Basdırılmaq üçün Vətən…
Torpağında insanca yaşamaq, azadlığını təmiz dağ havası kimi ciyərlərinə çəkmək eşqini qara torpağa basdırmaqla təsəlli tapıb, qəbir daşı olmağa can atan zavallı yurddaş…
Knyaz İqorun dediyi ölünün nəyi utancaqdır ki xitabı nə yazıq ki Vətəndə basdırılmaq üçün yaşayan bizim kimi diri “ ölülərə” belə aid deyil.
Vətəndə vətənsiz olmaq diriykən gömülməkdirsə, qürbətdə Vətənsiz olmaq heç açılmayan sabahlarla dolu uzun-uzun gecələrdir…
Çıxış Yoluna şair Ramiz Rövşənin bu misraları işıq tutur:
Özümə bir Vətən düzəldəm gərək,
O vətən tək olsun gözəllikdə tək.
Bütün yer üzünə sorağı düşsün.
Onu görənlərin tamahı düşsün.
Bu vətən həm anam, həm balam
Yəqin o vətəndə qərib olmaram.
P.S. Bu şeirin gerçəklə əlaqəsi yoxdur nə yazıq ki…
Məhəmməd İsrafiloğlu.“