ONDAN BİR DƏ OLMAYACAQ!!!
Silməmişəm onun adını telefon kitabçamın yaddaşından. Facebook-dakı dostluğumda da durur. “Jar pritsa” teatrının nəzdində yaratdığı “Dərviş” teatırının səhnəsindən son mənzilə yola salınan gün yazmışdım. “Bağışlama Bizi”-deyə. Bu neçə illərdə bağışlanacaq üzümüz olmadığını yenə özümüz göstərdik. Diaspora (əslindən söhbət gedir, oyuncağından yox) fəaliyyəti ilə məşğul olanlar bilir. Bir rəqs qrupu yaratmaq necə çətindir. O da qala teatr ola. Amma o əlində olan imkanları ilə yaratdı. Bəzən yaşatmaq üçün qapılara belə düşdü. Əslində sənətkar, rejissor qapılar döyməməlidir. Onun üzünə qapılar açılmalıdır. Bunu özünə sığışdırıb bu millətin teatrı üçün -elə sələfdaşları kimi qapılar döydü. Niyə? Yaradıcı adamlar aşiqdirlər, fədaidirlər. Onlar sənəti yaşatmaq üçün ürəklərini şam edərlər. Ki, o etdi. Mərdan Feyzullayev dərvişi- libas olub teatr truppası ilə gəzdi şəhər-şəhər. Neçə əsərlərə can verdi. Seçici rus tamaşaçısını güldürdü, ağlatdı. Ayaqda alqışlatdı.
Sonrası… Mərdan Feyzullayevdir də bunu edəcək. Nə çox şey umduq Ondan. Və nə çox umacaqlarımız yükünün altına girib yorulmadan çalışdı.
Nə deyim… Deyiləcək söz çoxdur. Anılacaq, çəkiləcək, minnətdarlıq edəcək, borcu ödənməyəcək o qədər İNSANlar var ki. Küskün İnsanlar. Dirisi bildirməsə də ölüsü küskün olan. Küs bizdən, dahi Mərdan Feyzullayev. Bağışlama da…. Çünki keçən illər bizə dərs olmadı. Ya da dərs alammadıq, yenə sinifdə qaldıq.
Ağrıyla, acıyla anıram. Ölənlərin doğum günü ilə ölüm gününün mübarəkliyi- Onun Mübarək İnsan Olmağıyla ölçüləndir. Mübarək Adam, Allah Sizə rəhmət eləsin!
Tünzalə Vəliqızı,
Moskva,
03.02.2021