OXUMAYANLAR ÜÇÜN DİPLOM!


OXUMAYANLAR ÜÇÜN DİPLOM!

Bəlkə də, təhsil bazarları, marketləri olmasaydı kimsə yaxşı işini bilən mütəxəssis ola bilərdi – dərzi, elektrik, aşbaz….
Lakin cəmiyyət elə formalaşıb ki, hər bir kəs ali təhsilə can atır.
Nəticədə təhsil – sözün əsl mənasında asan diplom almaq mexanizminə çevrilib.
Keçmiş nazirlərdən biri deyir: “Biri gedib pulla diplom alıb. Heç ayağını instituta da qoymayıb. Sonra da gedir pulu ilə işə girir. Orada da başlayır pulunu yığmağa. Dəqiq ölçülüb-biçilməlidir ki, nə qədər mütəxəssis lazım olacaq. Hansı sahəyə güc vermək lazımdır. Hamı gedib hüquqşünas olmaq istəyir. Sonra da iş tapılmır”.

Belədə düz deyir. Necə deyərlər avazın yaxşı gəlir – oxuduğun Quran olsa!
Bəs təhsil supermarketlərinin bu işinə son vermək barədə kimsə düşünürmü? Belə halların olduğunu asanlıqla ictimaiyyətə bildirə biliriksə, bəs daha nədən utanacağıq? O zaman, “Utanmaq” – arxaizmdir sözün əsil mənasında.

Fikirimin səmtini dəyişməyim. Bu “Diplom” nəyə lazımdır başda bilik olmasa? İçində həvəs olmasa? Çəkilmiş əziyyət, keçirilmiş həyəcan olmasa?
Bu gün insanlar diplomdan çox qəribə istifadə edirlər.
Qoy deyim:

Valideynlərə – fəxr eləməyə.
Gənclərə – sərfəli işə düzəlməyə.
Gələcəkdə – siyasətə qurşanmağa.
Heç uzağa da getməsək – evlənməyə. Bəli, bu dəqiqə diplomsuz oğlanın özünə qız tapması da çətindi. Diplomsuz qızın yaxşı ailəyə getməsi də müşküldü.
Yaşı ötmüş tələbələrə isə, yerinə baxır, bəzən fəxr etməyə, kiminsə gözünə pərdə tutmağa, bəzən də öz sonsuz eqoizmini sakitləşdirməyə.

Dünyada bəlkə də yeganə ölkəyik ki, bizdə valideyn-müəllim münasibəti tərsdir.
Valideyn müəllimə pul verir ki, götür bunu mənim oğlumu savadsız yetişdir.
On bir il yatanlar, qızbazlıq edənlər, avtoşluq edənlər və ya gözəllik salonlarda abunəçi olanlar birdən birə ali savadlı olurlar. Hələ elələri var ki, 2-3 son ili məktəbə getmir, kiməsə arxalanır, kiməsə acıq edir…. və sonunda normal uşaqlar bəzən pulsuzluq ucbatından öz Vətənində oxuya bilmədikləri halda (pullu təhsili ödəyə bilməyənlərin sayı n qədərdir), arxalılar – xaricdə təhsil almaq imkanı qazanırlar. Nə valideynlərinin, nə də özlərinin vicdanı ağrımır. Hətta əksinə. Ədalətliyəm deyən ədalətsizə, haqsızlığı sevməyən haqsıza, insaflı isə insafsıza qarışıb.

“Cibdə varsa pul – al diplomunu, oğul!” Devizimiz budur!

Nəisə…
Ali təhsil görəsən niyə belə ucuzlaşıb? Daha doğrusu “bahalaşıb””?

Afaq ŞIXLI
Moskva


/Yenises.ru/


Bir cavab yazın