Paşinyan KTMT təlimlərini Ermənistanda keçirməkdən imtina etdi
Ermənistanın baş naziri Nikol Paşinyan üzvü olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin ölkəsində keçirilməsinin baş tutmayacağını bildirib. O bunu ölkəsinin hazırkı durumu ilə əlaqələndirib. Paşinyanın mətbuat konfransındakı sözlərindən RİA Novosti sitat gətirir.
“Hesab edirəm ki, burada anlaşılmazlıq var, çünki Ermənistan Müdafiə Nazirliyi artıq KTMT-nin Birgə Qərargahına yazılı şəkildə məlumat verib ki, hazırkı vəziyyətdə Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda baş tutmayacaq”, – Ermənistanın baş naziri bildirib.
Yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin sülhməramlı kontingentinin “Sarsılmaz qardaşlıq-2023” Ermənistanda keçirdiyi təlimləri elan edib. Xəbər verdiyimiz kimi, hərbçilər şərti qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların və taktiki hərəkətlərin birgə planlaşdırılması məsələlərini işləməli olublar.