Pıçıldaşan evlər


29 Avqust 2024-cü il. Gecə saat 12-dir. Üç saat sonra yola çıxmaq üçün yatmalıyam. Ancaq yuxu getmir gözümə. Necə getsin?! İnanılmazı yaşayacam, illərlə əlçatmaz, ünyetməz  görünənə doğru yola çıxacağam. İllərlə ümidsizcə dua edib dilədiyim istəyimə qovuşmağa sadəcə saatlar qalıb. Sənə gəlirəm, Şuşa! 

   Bizim nəslin payına səni AzTv-nin köhnə kadrlarında izləmək, orta məktəb dərsliklərinin giriş hissəsindəki şəklinə baxmaq düşmüşdü. Yuxarısına rus hərfləri ilə “ШУША” yazılmış qala divarlarına doğru irəliləyən sarı avtobus, İsa bulağından su içən rus turistlər, Cıdır düzündə əylənən yerlilər. Gözümüz öyrəşmişdi bu kadrlara, qəlbimiz qəbul etmişdi bu nisgili. 

   Səni canlı görmək bir başqa imiş. Görüb də vurulmamaq mümkünsüz imiş. Vurulub da səndən ayrılmaq  çox ağır imiş, Əziz Şuşa! İllərlə dağıtsalar da, uçursalar da susdura bilməyiblər səni, Əziz Şuşa! Divarları uçmuş, hasarları dağılmış, üstü meyvə dolu ağacların  olduğu kimsəsiz evlərin tağlı qapıları, pəncərələri nələr danışır bu evin, bu şəhərin dilindən, bir bilsəydin, Əziz Şuşa! Eşitmirsən? Mən eşidirəm pıçıltını. Yaxın gəl, sənə də danışım. 

Gəl, yaxınlaş, deyir. Sənə bu evin “Bir vaxtlarını” danışım -deyir. Bu evdə kimin yaşadığından, kimlərin qonaq olduğundan bəhs edim -deyir.  Nə toylar, xoş günlər, bayramlar yola vermişəm -deyir. Sahibimin hansı dərdinə, qəminə, sevincinə ortaq olmuşam -deyir. Novruzda həyətimdə nə tonqallar qalanıb, gözəl-gözəl, şən uşaqlar bu qapıdan papaq atıb -deyir. Hələ kənardan izlədiklərimi demirəm sənə. Nə aşiqlərə şahidlik etmişəm deyir. Göz-gözə gəlmək idi o zamanın sevdası.  Bax, bu küçədə hansı igid mənim daşlarıma söykənib hansı gözəlin bulaqdan gəlməsini gözləyib, gözləri bir saniyə gözlərinə toxunsun deyə- deyir. 

Ağzı yaşmaqlı yasa, toya gedən nənələr görmüşəm. Beli xəncərli, burma bığlı, buxara papaqlı, köhlənin tərkində gedən köhnə kişilər görmüşəm. Bu Şuşada kimlər dincəlməzdi- deyir. Mirzə Cəlillər, Həmidə Xanımlar, Əhməd Bəy Cavanşirlər, Davatdarovlar daha kimlər, kimlər… Fayton təkərlərinin daşlar üzərindəki həmahəng səsi indiki kimi qulağımdadır. Havam idi, ya suyum onları belə cuşa gətirən, bütün gün bu millətin gələcəyi, maariflənməsi üçün  yazıb- yaratmaq  şövqü verən, bilmirəm. Gözəl günlərim idi. Bir onu bilirəm.

Gecələr toylarımdan ətrafa yayılan Xanın “Qara tellər” ifası ulduzlu səmalarıma qarışardı. Şəhər sakit yuxuya dalardı, növbəti xoşbəxt səhəri açmaq üçün- deyir. 

 Bu daş döşəmə küçələrdən axşamadək  çiynində  səhəng qızlar, at belində igidlər, qarda, qışda, çovğunda danışıb gülə-gülə, Novruzda qovurğa yeyə-yeyə keçən  tərtəmiz saf uşaqlar görmüşəm.  Mənim dağlarımda, çöllərimdə qoyun otaran balaca çobanın belə bir istedadı var idi, axı?!. Hara getdi o balaca çobanlar? Hara getdi dağlarımda böyürtkəni şüşələrə doldurub çubuqla döyəcləyib suyunu içən o qırmızıyanaq, gülərüz sağlam  uşaqlar? Xəstəlik yanından da keçə bilməzdi, axı onların. Yoxdur daha o uşaqlar. Top-tüfəng səsinə oyandılar bir səhər o uşaqlar.

Bayaqdan sənin qulağına pıçıldadığım nağılvari gözəlliklər  məhv oldu bir anda -deyir. Ana -baladan, nənə- nəvədən, yar yarından ayrı düşdü- deyir. El pərən-pərən oldu -deyir. Xanın zülfünə heyran olub, şeir yazdığı “Qara tellər”ə yağının murdar əli dəydi- deyir. 

28 il. Düz 28 il  səssiz-səmirsiz, boynu bükük, yetim kimi qaldım-deyir. Qış gəldi, qar gəldi, küçələrimdə oynayan uşaq səsi gəlmədi. Yaz gəldi, çiçək açdı,Cıdır düzümə çiçək toplamağa qız-gəlin gəlmədi. Yay gəldi, meşələrimdə ağaclar meyvələrini yerə tökdü, dərən olmadı. Payız gəldi, yarpaq soldu, heyvam, armudum, narım budaqda gözləməkdən saraldı. Sahibim gəlmədi. 

İllərlə gözlərim yollarda qaldı. Daha ümidimi itirmək üzrə idim. Bir gün bir səs gəldi qulağıma. Nəfəs səsi. Kimdir görəsən, dedim. Səhvmi eşidirəm, dedim! Yox! Mən səhv etmirdim. Kimsə addım-addım qayalarıma dırmaşırdı sanki. O an anladım, budur, gəlir. Harayıma gəlir kimsə, əsirlikdən qurtarmağa,yağıdan azad etməyə gəlir. Kim? Kimdir gələn? 

  Deyim sənə kimmiş gələn. Şuşa alınanda ağzı əmzikli ana qucağında geriyə baxa-baxa gedən körpələrdir gələn. Aslan olub, igid olub qayıdıblar. Aclığını bastırmaqçün, barmağını deşib qanını soraraq gəlir. Haradan gəlir, bu körpələr?! Qayalara dırmaşaraq  gəlir. Düz və asan, hamının düşündüyü yolla deyil, enişli-yoxuşlu, dağlı-təpəli, sıldırım qayalı yollardan gəlir. Cıdır düzümdən gəlir. 

He he heeey, silahsız gəlirəm, qaç, canını qurtar yağı düşmən-deyir. Silahım dişlərim, dırnaqlarım, içimdəki nifrətimdir- deyir. 20 min şəhidin qanını  30 igid alacaq- deyir. Bu gecə, burada misli görülməmiş bir tarix yazılacaq-deyir.

Bəli, yazıldı bu tarix. Bəs, kimdir, axı, 30 igidi qayalara dırmaşarq düşmən üstünə atıb bir gecədə tarix yazan  şir ürəkli sərkərdə?! Tarix bu coğrafiyada atı ilə tozu-dumana qatan çox sərkərdələr görmüşdü, axı. 

Xeyirxah kimi tanınan İsgəndərlər, atının dırnağı qoparmadığı dağ-daş qalmayan amansız Çingiz Xanlar, Çindən Misirə ayağı dəydiyi yerdə ot bitməyən Teymurlənglər. Yenəmi talanacam, yeni bir fəlakətmi yaşayacam? Bəsdir, daha dözümüm yoxdur. Yox-yox, dayan, burda nəsə var, bu kimdirsə, bu başqaydı. Düyna tarixi çox müharibələr görmüşdü, çox döyüş taktikasına şahidlik eləmişdi. Amma beləsi birinci dəfədir. Bu əsgər niyə qayalardan dırmaşır, axı? Ahaa bildim. Axı, qarı düşmən ona göz dağı vermək üçün məhz bu qayanın başında yallı gedib, təkxəklik eləmişdi. İndi anladım bu sərkərdə kimdirsə o təlxəyi oynadığı səhnədən düşürməyə gəlib. Bu kimdirsə fərqlidir. Fərqi nədədir, onu bilmək istəyirdim. Gördüm, öyrəndim, gözlərimlə şahid oldum  fərqinə. Fərqi vicdanında imiş. Gözü yad elində deyilmiş. İşi, məqsədi talamaq, tökmək, dağıtmaq deyilmiş. Üstəlik əsgəri də at belində, əlində silahla gəlməyib. Ürəyində cəsarətlə gəlib. Sükürlər olsun Rəbbimə. Tarix səssiz-səssiz yeni DÜHA  yetişdiribmiş, xəbərimiz yoxmuş demək. Ayağının dəydiyi yerlərə həyat gələcək demək. Gülən-oxuyan balaca çobanlarımı  dağlarıma qaytaracaq demək.  Zamanını gözləyirmiş savaş meydanına çıxmaq üçün demək. Çox da ki, haqdan danış. Əgər gücün yoxdursa, heç kimsən sən. Gücünü qoydu orataya bu DÜHA. YUMRUĞUNU vurdu masaya bu DÜHA.Özü də DƏMİR YUMRUQ.

Bu da son.  ƏZİZ ŞUŞA, SƏN AZADSAN! Mənəmi deyirdi görən? Başqa Şuşa  yox idi ki? Deməli, mənəm, məni çağırır. Lərzəyə gəldi bütöv Azərbaycan. Gözlər yaşla doldu 28 il sonra. Bu dəfə sevinc göz yaşları idi. Bayraqlara sarıldı millət. Əsirlikdən qurtulmağıma 10 milyon sevinirmiş demək.

Dağlarım, düzlərim doğma, şirin dilimdə danışanlarla dolub daşır.Yenə dağlarımın başı dumanlı.Yenə kəlağayısına bürünmüş gözəllərim qırmızı qoftalı, yaşıl tumanlı. Xoşbəxtəm mən, yenə xoşbəxtəm. Torpağıma ayaq basan böyükdən kiçiyə hər kəs Sizə rəhmət oxuyur. Bu torpağın üstündə gəzən hər bir insan, hər şeyini Sizlərə, bu torpağın altında yatanlara borclu olduğunu yaxşı bilir. 

Belə. Övladlarım yanımda Cıdır düzündəyəm. Nə xoşbəxt bir nəsilsiniz, bilirsiniz,-  deyirəm?! Niyə- deyə soruşanda səbəbini göz yaşları içində izah edirəm.

Sənin tarixini, dərdini, qəmini, sevincini qırılmış, sökülmüş evlərinin pıçıltısından  dinlədim. Havanı içimə çəkdim, suyundan içdim, sevincinə şərik oldum ,Əziz Şuşa! Bir anlıq göz-gözə gəlib bir gözələ, ya bir igidə vurulmaq sayağı havana, suyuna, daşına, torpağına, uçmuş evlərinə, yerdə bitən otuna, sənə vuruldum mən, Əziz Şuşa sənə!

Doqquz ay bətnində bəsləyib, illərlə qayğısını çəkib böyütdüyü dağ oğulları bir anda milyonların sevincinə qurban verən ANALAR. Qayıdan torpaqların qayıtmayan oğulları. Və nəhayət o oğulları tarixin görmədiyi cəngavər bir döyüçüyə çevirən BƏNZƏRSİZ  SƏRKƏRDƏ .

BU MİLLƏT, BU ÖLKƏ, BU TARİX  SİZƏ, YALNIZ ÜÇÜNÜZƏ   ƏBƏDİ MİNNƏTDARDIR!!! 

Fəridə Məmmədova,
“Odlar yurdu” Universitetinin müəllimi