POLİSDƏN QORXMAQMI LAZİMDİR?!
Gün və gündəm elə sürətlə dəyişir ki, bir yazının mürəkkəbi-klaviaturanın dilləri dincəlməmiş yeni bir hadisə səni yazmaq “təxribatına” sürükləyir. Bu dəfə gündəm-elə hər dəfə gündəm xırda məişət problemidir, ki bizi qlobal problemlərdən uzaqlaşdırıb.
Dağıstan sərhəddində qalan vətəndaşlarımız haqqında bizə yaxın, amma tam bizim olmayan tanınmış jurnalist-blogger Ruslan Qurbanova müraciət edirlər. Səsimizi, harayımzı çatdırın deyə. İnciməsin məndən həmkarlarım. Kimsənin bostanına daş atmıram. Çünki bəzi bostanlara-qorunanlara- atılan daş baş yarar. Və bu qaçaqovda başını qoruya bilənə, bərəkəllah.
Bax, elə bu kəlmələri yazmağa vadar edən durumun baiskarı kimdir- desəm. Bizi evimizdən sürüyərək çıxaran, haqlı-haqsız olduğumuzu özümüzə isbatlamadan “düşmən” kimi götürənlər. Adına nə deyirlər? Bəli, polis.
Neynəsin, deyənlər aranızda, aramızda. “Onun vəzifəsidir. Əmrə tabedir”. Haqlısınız. Oğrusundan, canisindən, təcavuzçüsündən- hər türlü “düşmənindən” qoruyandır- Polis.
Bəs nə oldu indi? “Mənim polisim məni qoruyur!” –şüarı keçmişdə oldu, keçmişdə qaldı…Bunu kim etdi?
Niyə qoruyandan qorunan hala gəldik.?! Niyə sığınmaq, qorunmaq üçün ona doğru qaçmaq varkən, ondan qaçırıq?!
Gündəmdə əsas mövzu qlobal dünyada baş verənlərə, Amerikadakı nümayişlərdən tutmuş, yaşadığım Rusiyada “onlayn səsverməsi” və onun –xarici siyasətimizə, neft bazarındakı yerimizə təsirini, eləcə də RBK-nın Türkiyəyə qaz, yanacaq ixracında Rusiyanın prioritetliyini Azərbaycanın əvəz etməsi, birincinin 5-ci pilləyə düşməsi və s. şərh etmək, münasibət öyrənmək varkən… günümüzə bax?!
Vətəndaş qaydanı pozdu, polis də dubinka dili ilə danışdı.
İnsanımızın fokusdakı – hədəfi ikigünlük qadağada polisin “zorakılığına” yönəldi. Yenə əsas mövzular əlavəyə çevrildi.
Müqayisələr -yaxşı örnəklər aşılayan olanda yerinə düşəndi. Və “yalnız bizdə belədir”-mental yanaşmadan çıxış etmək üçün yetərincə bizəməxsus nümunəvi davranışından mənəvi-əxlaqi dəyərlərinə kimi hər şeyimiz var.
Yanlış anlaşılmasın. Özündən olan polisinə, asayişinə riayət etməyən də, uniforma geyəndə onun havasına “havalanan” da təkcə bizdə deyil.
İstərdim ki…Türkiyədə atasını tutmağa gələn polisin nümunəsində evin uşağının başını tumarlayan, ona “qorxma, biz atanı və ya ailəni incitməyə gəlməmişik”-deyən səhnələrdən gözüm yaşarsın!
İndi nə oldu? Biri vəzifəsini qaba üsulla həyata keçirdi. O biri də buna qaba üsulla cavab verdi. Digəri də ictmialəşdirdi… Daha buna nə mənfi, nə müsbət münasibətim var.
Sadəcə. Bir anlıq uzun illər əvvəl Rusiyada Orxan Zeynalov hadisəsini xatırlatdı bu mənə. Daxili işlər nazirinin otağına aparılıb – cinayətkar olsa da aşağılanan vətəndaşımızın belə alçaldılması hərəkətinə hiddətlə -yazı yazmışdım. O zaman hamılıqla cinayətdə şübhəli bilinən azərbaycanlıya qarşı belə rəftar etməyə kimsənin haqqı yoxdur- deyə diplomatlarımız belə etiraz səsini yüksəltmişdi.
İndi… Vətəndaşı bu formada evindən çıxarmağa nə deyəsən. Hansı mövqedən yanaşasan?
Sadəcə. Qapısı çalınanda evdən atasını, oğlunu- ailə üzvünü -ən qatı cinayətkarlıqda suçlanırsa belə- aparmağa gələndə qadını, uşağı, qocanı qorxutmamaq, insanı aşağılamamaq gərəkir- deyə düşünürəm. Çünki polisin əynində daşıdığı uniformanın verdiyi imtiyaz-Şərəfdir! Onun üstündə dövlətin simvolu var. İlk vəzifəsi ona hörmət, onu qorumaq olmalıdır! Mənim olan-bizim olan POLİSi sevdirmək adına, içində insanlığı daşıyan bilər bunu. İnsanlıq da uniforma deyil ki, hər gələnə geydirəsən.
Zibil atanla zibilə düşən-hər iki tərəf eynidir. Yetər ki, müqəddəs şeyləri çirkləndirməyin.
Çünki bəzi peşələrin müqəddəsliyi – adının aşağılayıcı sözlərlə yanaşı çəkilməməsindədir. O adı aşağı çəkməyin, lütfən, deməyə gec qalmamışıqmı?!
Tünzalə Vəliqızı
Moskva,
08.06.2020