Putin Əliyevdən üzr istədi
Rusiya tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu haqda Rusiyanın rəsmi orqanı olan kremlin.ru saytında xəbər verilib. Telefon danışığı zamanı iki ölkə prezidenti arasında dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə azırbaycanlı həmkarından üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı qeyd olunub ki, qrafikə uyğun şəkildə uçan Azərbaycan Hava Yolları-AZAL-a məxsus sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Bu zaman Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın pilotsuz uçuş döyüş aparatları tərəfindən hücuma məruz qalıb və Rusiyanın hava hücumundan müdafiə sistemləri aktiv şəkildə çalışıb.
Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açıb. İbtidai istintaq araşdırmaları aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.
Hazırda Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır və orada Rusiya Federasiyası Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə işləyirlər. Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq xidmətləri Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerində sıx əməkdaşlıq edir.