Qadın gülərsə, bəşər gülər, deyilmi?


Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

H. Cavid

Gerçəklər hər zaman acıdır. Çox zaman nə göründüyümüz kimi ola bilirik nə də olduğumuz kimi görünə bilirik. Anaya, qadına-bu zərif cinsin bütün mənsublarına münasibətdə sözdə və əməldə lap uçurum kimiyik, Olmaq və ola bilməmək, həm də toplum adına. Məncə biz qadınlarımızı patriarxal şüraltımızın bütün buxov və diqtələrindən sıyrılaraq sevməyi, dəyərləndirməyi bacarmalıyıq. Başqa şəkildə  heç cür mümkün deyil. Qalanlarını yazıya tökmüşəm. Anlayış və səmimiyyətlə qarşılanmaq düşüncəsiylə…

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ KİÇİK BİR SÖZARDI…

Həmişə olduğu kimi yenə bu gözəlim bayramda sosial şəbəkələrdən tutmuş hər yerdə qadınları övən sitatlar, gözəl gül dəstələriylə könülləri oxşayan təbrik «otkrıtkaları» aşıb daşacaq, coşacaq ürəkləri riqqətə gətirəcək. Hər şey bu bir günə sığdırılacaq: «qadın böyük qüvvədir», «cənnət anaların ayaqlarının altındadır»-bu kimi  ən süslü-püslü ifadələr daha nələr, nələr.

Amma di gəl ki, deyilən bütün bu tərif və epitetlərin var olduğu tək bir qadını belə praktiki olaraq ortaya qoymağa gəlincə toplum əməlli başlı zorlanacaq. Çünki “demək başqa, olmaq başqa” məntiqi çox sərt və acımasızıdır.

Biz toplum olaraq hər zaman Ananı, qadını şer kimi, muğamat kimi, təbrik otkrıtkaları kimi sevdik. Bu müqəddəs varlıqlar orada yazılan gözəl sözlər qədər oxşanmadı, əzizlənmədi, heç vaxt…

Toylarda ana muğamatına zar-zar ağlayıb gerçəkdə yalnızlığa tərk edilən anaların sayı az qala göydəki ulduzların sayı qədərdir.Tanıdığım bir kənd var.Bəhs etdiyim çox da uzaq olmayan keçmişimizə aiddir. Demək bu kənddə qadınlar 40 metr dərinliyinədək su quyusu qazırlar, lap neftçilər kimi. Kişilər də çayxanada rahatcasına nərd-domino oynayıb araq içirlər necə lazımdırsa. Axşam evə gələndə hər şeyin hazırına nazir olurlar, hətta nəyinsə əksikliyini bəhanə edib qadınlarını döyməkdən belə çəkinmirlər, hər arzu və istəklərinin təminatını almadan da şirin yuxuya getmirlər. Amma toylarda da mikrofondan boğazları yırtılanadək qadın-ana haqqında tostları ən ləzzətli təamlar,”poeziya incisi” kimi məclisdəkilərin boğazlarına zorla dürtmək istəyirlər. Və bütün bunlardan ödü ağzına gələnədək iyrənən qadınlarımızı düşünün. Vallah düşünmək omur…

Bizim patriarxal şüuraltımızda qadının əsla və əsla yeri yoxdur. Ona qarşı tətbiq olunan hiddət, şiddət bunun əyani sübutudur. Kiçik isitisnalar təbii var, amma toplum adına böyük istisnalar lazım.

Nazim Hikmətin bir şeiri var; QADIN.  Çox sevərəm,  amma şeir kimi yox. Bu şeirdə var olan QADINI həyata daşımaq, sadəcə misralardan ibarət olmayan müqəddəs  varlıq adına. Əslində bu şeirdə bəhs olunan UCA QADIN təkcə şeri ifadə etmir ki… O UCA VARLIQ heç də uzaqda deyil evimizn köşəbaşında oturandır, bəhs etdiyim əzazil kənddə 40 metr neft quyusu dərinliyində su quyusu qazan əzabkeş QADINDIR.  Hər cür şəfqətdən  uzaq  küçədə çörək pulu üçün dilənən qoca nənədir, məktəbə getməyə çantası olmayan balaca qızcığazdır…

Qadın gülərsə bəşər gülər deyilmi?!

Fəqət qadın gülmür ki, bəşər gülsün və ən rəzili odur ki,  bunu hamımız idrak edirik, amma   güldürməyi bacarmırıq.

Qısası bir güllə 8 Mart olmaz!

Keçənlərdə sevgililər gününün süni təntənəylə qeyd olunmasına vurulan incə bir eyhamı ifadə edən bir gözəl paylaşıma rastladım, Çox uzunca ömür sürüb saqqalını, birçəyini mutlu huzur içində ağartmış yaşlı bir cift arasında keçən söhbətdə ağbirçəkli nurani Nənə həyat yoldaşına deyir ki, Sevgililər günüymüş də, sevginin də günümü olur, Bəyim?

Bax beləcə, bir Qadını xoşbəxt etmənin də tək bir günü, yəni 8 Martı yoxdur, hər günü vardır!

Sevgi dolu hər gündə yaşamaq diləklərimlə Bayramınız Mübarək!

P.S.Bu yazının ilham qaynağı N.Hikmətin “QADIN” şeiridir. Əsla şeir deyib keçməyək, Şairin gerçək duyğularla yaşatdığı Qadını sadəcə görüb anlayıb, xoşbəxt bu günə daşıyaq və yaşadaq!

KADIN…

Kimi der ki kadın;

Uzun kış gecelerinde yatmak içindir.

Kimi der ki kadın;

Yeşil bir harman yerinde,

Dokuz zilli köçek gibi oynatmak içindir.

Kimi der ki hayalimdir,

Boynumda taşıdığım vebalimdir.

Kimi der ki hamur yoğuran,

Kimi der ki çocuk doğuran..

Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal

O benim kollarım, bacaklarım, başım,

Yavrum, annem, karım, kız kardeşim

Hayat arkadaşımdır..

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın