Qanma! BACARMAM!!!
İnsanı başqa məxluqlardan ayıran – düşüncə, nitq və şüurdur. Şərti reflekslərin təsiri altında görülən hərəkətlərdən savayı, dərrakayla məqsədyönlü hərəkətlətlər də edir insan.
Amma çox heyif ki, bu hərəkətlər bəzən kimlərinsə ziyanına edilir. Bəzən də bunu törədənin insan olmasına belə şübhəylə yanaşırsan.
Manyaklardan, oğrulardan, qatillərdən getmir söhbət; bir cibdən başqa cibə axan pullardan, döşlərə taxılan medallardan, yalançı adlardan gedir. Bacarmadığı peşənin qulpundan yapışaraq, “mən məhz bu işlə məşğul olacağam” deyə “can” qoyan, birinə şeir, birinə hekayə, birinə müsahibə yazdıranlardan gedir.
Əlbəttə, bunları niyə etdiyini həmin kəslərdən soruşa bilərik… Axı niyə?, Amma kaş ki, cavab: “mən mütləq məşhur olmaq istəyirəm” kimi səmimi olaydı! Xeyir! Elə müəmmalı, elə dolayı cavab alarsan ki, özün də soruşduğuna peşman olarsan. Hətta kənardan beş-on müdafiəçi də tapılar və səni yarandığına peşman edərlər. Atalar yəqin ki, belə yerdə deyibmiş: “oğru elə bağırdı, doğrunun bağrı yarıldı”.
Qrammatik səhvlər üst-üstə, danışıq mədəniyyəti sıfır, yazı qabiliyyəti ölüvay “üç”lük… Amma “ədəbiyyat eşqi” kükrəyən çaylar kimi, coşan sellər kimi qarşısında durmaq istəyən hər kəsi silib süpürür.
Himayədarları da özləri kimi olsaydı, dərd yarı idi. Fikirləşərdin ki, taylı tayını tapar. Bəs, himayədarları – bilikli, savadlı, özlərinə öz yaradıcılığı ilə yol açmış insanlardırsa, onda necə? İnanmaq dəhşətli olsa da, bu həqiqətdir.
Düşünürsən, susasan… Axı, susmaq – qızıldır! Amma, susmaq – qızıldırsa, bu qızılın qiyməti sənə çox baha başa gəlir. Bu qiymətə vicdanını, düzgünlüyünü, səbrini və hövsələni uduzmalısan.
Yox, qarşı durmaq lazımdırsa, səsinə səs verənlər olacaqmı? Axı, möhtərəm atalar onu da deyiblər ki, “tək əldən səs çıxmaz”.
Xitabın, həmcins üzvlərin, söz birləşmələrinin, çümlə üzvlərinin nə olduğunu bilməyənlər, bir kiçik abzasda 7-8 tutarlı səhv buraxanlar! Onların lal, kar və kor himayədarları! İnsafınız olsun! Ədəbiyyatın qisasından qorxun! O bunu sizə bağışlamayacaq, bundan əmin ola bilərsiniz!
Hər nə olur olsun, harda olur olsun və bu bizə necə baha başa gəlir gəlsin – üzlərinə söz deməyi bacarmalıyıq. Mən sussam, sən sussan, biz sussaq – belələri alaq otu kimi baş alıb gedər.
150 yaşı tamam olan, amma elə bil ki, bu gün bizimlə yaşayan rəhmətlik Sabir bu misraları hər zamana, hər dövrə uyğun yazıbmış: “Qanma! Bacarmam!”
NİGAR İsmayılova.
Yuxular şəhəri.
24.11.12.