QIZILI PAYIZ, SƏRVƏTİ SAZ
Yaşlanmağın bircə qazancı xatirə çuvalının dolu olmasıdır. Hələ bir də o xatirələr tələbəlikdən gələ, gözəl şərab kimi illərlə yaddaşın sərin zirzəmisində qalmış ola. Hər gələnə danışmayasan, fastfud, makdonalds yeməyi kimi atüstü aşırmayasan.
İslamla tələbə yataqxanasında bir otaqda qalırdıq. Sonra biz məşhur altmışıncı otağımıza keçənə qədər. Otağımızın əsas qonaqlarından biri mərhum şair Zəlimxan Yaqub idi. İslamın sazı, Zəlimxanın sözü mənim hələ kənd qoxulu yaddaşımda bircə-bircə həkk olurdu. Düzdü, Marsdan gəlməmişdim, saz da görmüşdüm, şeir də eşıtmişdim, amma Şəkidə saz Qazaxda, Gürcüstanda olduğu kimi populyar deyildi, bir də radio, televiziyada dinləmək başqa, yeni şeirlərin müəlliflərin ifasında ilk dinləyicisi olmaq tamam başqa.
O vaxt sosial şəbəkələr yoxdu, mobil telefon yoxdu, istədiyin zaman şeiri istədiyin platformada yerləşdirmək imkanı yoxdu, ruslar demiş, “za to” senzura vardı, şeirdən başı çıxmayan taxtabaşların hər yazıya mız qoyma ixtiyarı, “imtiyazı” vardı. Ona görə də gənc şairlərin şeirləri qovluqlarda yığılır, insaflı redaktor, zövqlu naşir, obyektiv havadar gözləyirdi.
İslamın da belə bir əzizdən əziz, məhrəmdən məhrəm bir qovluğu vardı. Və bir gün növbəti qəzetə şeir göndərmək üçün qovluğa baş vurmaq istəyən dostum qovluğu tapmır. Hər yeri ələk-vələk edir, təbiətən təmkinli olan çöhrəsinə bir az da qüssə-kədər əlavə olur, qovluğu harada axtaracağına qərar verə bilmir. Nə olacaq, qovluq itib, ilham pərisinə ki bir qəza üz verməyib. Yeni qovluq açılır və yavaş-yavaş dolmağa başlayır. Köhnə qovluq nə qədər əziz olsa da yavaş-yavaş unudulmağa başlayır.
Bu arada yataqxananın qonşu otağlarından birində başqa dram yaşanır: otaq sakinlərinin ərzaq almaq üçün yığdıqları ortaq pulda çatışmazlıq olur. Bir neçə gün məşvərətdən, müşahidədən sonra tələbə yoldaşlarımızdan birinin şeytan tələsinə düşdüyündən şübhələnirik. Bildiyimizi bilməsin deyə bir heçə nəfərdən ibarət komissiya yaradırıq. Yeri gəlmişkən deyim ki, bizim komissiya indiki seçki komissiyalarına ədalət dərsi verəcək qədər təmiz və qərəzsiz idi. Elan edirik ki, hər birimiz şübhə altındayıq və hamının əşyaları axtarılacaq. Bir neçə yoxlamadan sonra növbə şübhəli yoldaşımıza çatır. Əsəbiləşdiyi açıq-aşkar görünür və çemodanına baxılmasına etiraz edir. Bir az təkiddən sonra razılaşır, amma bir plastik zənbili qətiyyətlə götürüb, “bundan başqa hər şeyə baxın,– deyir,–burda da pul yoxdur.” Komissiya üzvlərindən biri zənbili zorla almaq istəyəndə onu üçüncü mərtəbədə pəncərədən yerə atır. Komissiya üzvlərindən ikisi zənbildən ən az oğurlanmış pulun tapılacağı ümidilə tez aşağı yüyürürlər, onlardan biri İslamdır. Zənbili açan kimi gördüyü səhnədən çaşıb qalan İslam bircə bunu dedi: “Şeirlərim!” Nə axtarırdıq, nə tapdıq?! O axtarışın da şübhəlisi olan tələbə İslamın şeirlərinin sonundakı imzaları kəsib öz imzası ilə rayon mətbuatına göndərirmiş.
Dediyim odur ki, hələ oxucu kütləsi İslamın poeziyası ilə tanış olmamış “sərraf gözlü” tələbə yoldaşı o uğurdan özünə pay biçmişdi.
İslamın şeirləri sonra əsil söz sərraflarının mühakiməsinə verildi və ürəyəyatarlığı, təbiiliyi ilə çoxlu pərəstişkarlar qazandı.
Bu günlərdə şair dostum Nəsib Nəbioğlu ilə söhbətimiz də elə İslamın şeirlərinin gözəlliyindən düşdü. Bir-birimizdən xəbərsiz eyni mətləbi düşünürükmüş sən demə. Niyə bizim oxuculara İslam Turkay şeirinin ləzzətini, sevincini daddırmayaq, dedik. Həm də şeirlərin təhlilinə varmadan. Qoy oxucularımız bu nümunələrə bizim şərhimiz olmadan qərar versin. Çünki yaxşı oxucuya şeiri izah etmək, alimi öyrətməyə qalxmaq kimi bir şeydir. Yəni bir yenilik öyrədəcəyin naməlumdu, amma zövqü korlamaq ehtimalı var. Pis oxucuya isə… Bizim pis, zövqsüz oxucumuz yoxdur ki…
İslam Turkay çox zəngin şairdir, onun qızılı payız, sərvəti də sazdır.
C’əfər SADIQ
22 fevral 2020-ci il
İSLAM TÜRKAYIN ŞEİRLƏRİ
BU GÜN…SABAH
Sən qış buludusan, mən yaz buludu,
Səndən qar ələnir, məndən yağışlar.
Sən sakit, ağıllı, mən dəli-dolu,
Sevənlər, sevənlər məni bağışlar.
Sənin yolun uzaq, mənimki qısa,
İstilər ruhunu əridəcəkdi.
Sən səssiz – səmirsiz yaza catınca
Vaxt məni körpətək kiridəcəkdi.
Sən o vaxt dönəcən yaz buluduna,
Yanıb hönkür-hönkür ağlayacaqsan.
Qalacan dünyada söz umuduna,
Bir bənövşə kitab bağlayacaqsan.
Sən qış buludusan, mən yaz buludu,
Səndən qar ələnir, məndən yağışlar.
Sən sakit, ağıllı, mən dəli-dolu,
Sevənlər, sevənlər məni bağışlar.
BİR MÜDİRƏ MƏKTUB
Susuz, cadar-cadar torpaq kimiydin,
Elə yan keçirdi yaz yağışları.
Həsrətdən titrəyən yarpaq kimiydin,
Yağırdı taleyin qış alqışları.
Bir şair qayğısı yetdi hayına,
Güldü torpağın da, güldü daşın da.
O getdi, yeri sə düşdü payına,
Bu cavan yaşında, stol başında.
…Ömrünə selləmə yağışlar yağır,
Pöhrələyib minbir budaq olmusan.
Harda sa yollara səhralar baxır,
Bəs niyə onlardan uzaq olmusan?
Özündən böyüyə hey diş ağartdın,
Sən mənim üzümə gülmədin, qardaş.
Neçə yad-yalanın dilini tapdın
Sən mənim dilimi bilmədin ,qardaş.
Çoxunun könlünə yaman dəyirsən,
Demə bu hikməti çətin ki duyam.
Elə dillənəndə—“VƏTƏN “”deyirsən,
Mən ki bu vətənin bir parçasıyam.
DUMANDA RÖYA TƏK İTƏN BƏNÖVŞƏM…
Uzaqdan – uzağa qoy sevim səni,
Uzaqdan –uzağa əlim çatmasın.
Uzaqdan-uzağa qoy sevim səni,
Sənə söz deməyə dilim çatmasın.
Uzaqdan –uzağa buluda dönüm,
Dolub başın üstdə sıxım gözümü.
Uzaqdan –uzağa qoy sınım- enim,
Eşqimin önündə əyim özümü.
Uzaqdan –uzağa çəkim şəklini,
Qarqar sahilində bitən bənövşə.
Xəyaldan yıxılıb, boylanıb baxsam
Dumanda röya tək itən bənövşə.
…Dinmə, boynubükük bənövşə kimi,
Bircə “yox”-sözünlə durdun qəsdimə.
Qəlbimdə doğulan körpə eşqimi
Hicrana bələyib atdin üstümə.
Uzaqdan –uzağa qoy sevim səni,
Başımın üstündə Ay kimi dolan.
Soyuq şəfəqlərin elə bəsimdi,
Təki sən göyümdə belə alış,yan…
Mən sənə yaraşmam, gözəlsən , gülüm,
Yazdığım şeirlər yaraşa , bəlkə .
Varsan sa ölmərəm, yoxsan sa ölləm,
Cismim torpağına qarışa , bəlkə.
HAYANDA SƏN VARSAN…
Daha məni gəzmə,məni arama,
Qar gəlir, Lələsiz Kərəməm burda.
Məlhəm olammazsan könül yarama,
Hayanda sən varsan mən yoxam orda!
Canımı almısan quru kölgəyəm,
Ruhum keşik çəkir qaralan yurda.
Gör necə talesiz ,bədbəxt ölkəyəm-
Göylərdən daş yağır- sən yoxsan orda!..
Acıma ömrümə yağan qarıma,
Deyinmə qaramca: “Hardasan, hada…”
Gəlmə oğrun-oğrun yuxularıma,
Hayanda sən varsan, mən yoxam orda!..
HƏR ŞEYI TƏZƏDƏN BAŞLAYAM GƏRƏK
Ömür-gün əriyir yağan qar kimi,
Yollarda nəfəsim təngiyir daha.
Ömür-gün dönərmi ilk bahar kimi,
Ömür-gün dönərmi durnalar kimi?
Ümidim qalıbdı gələn sabaha,
Hər şeyi təzədən başlayam gərək.
Ayın sinəsini alıbdı bulud,
Səhərə nə qədər qalıb bilmirəm.
İtən günlərimi ürəyim,unut,
Onu kim əlimdən alıb bilmirəm.
Saçıma qar yağdı ömrün qışından,
Ayrılıb əlimin işsiz işindən,
Ayrılıb gözümün axan yaşından,
Hər şeyi təzədən başlayam gərək.
Gözüm su içməyir bu gələn qışdan,
Bu ayın, bu günün sonu görünmür.
Göylərə baxıram durub obaşdan,-
Günəş hayandadır, hanı, görünmür.
Yatır qar altında yallar-yamaclar,
Yatır mışıl-mışıl bir uşaq kimi.
Yazda gül açacaq otlar, ağaclar,
Yaza çıxmaq ücün bu torpaq kimi,
Hər şeyi təzədən başlayam gərək.
Mənə gözdağıdır qoca Savalan,
Elə, hey göstərir yağan qarını-
Araz aralıqda dönüb günaha,
Sanki lilli-lilli axıb sabaha,
Yuyub təmizləyir günahlarını.
Araztək yumaqçün günahlarımı,
Hələ çox axmalı ,durulmalıyam.
Hələ görəmmirəm özüm özümü,
Diklənən yollarda yorulmalıyam,
Hər şeyi təzədən başlayam gərək.
Dağlara dirənir yolumun ağzı,
Bilirəm dizimi daş aparacaq.
Gərək ağlamayam, sızıldamayam,
Ağlasam gözümü yaş aparacaq.
Min ildir yatıram fil qulağında,
Bu yollar hələ çox baş aparacaq.
Bu xəzan altında uyuyur ruhum,
Nə vaxtsa göyərib çıxmalıyam mən.
Bir vaxt od oğrusu olubdu adım,
Dünyaya Günəştək baxmalıyam mən,
Hər şeyi təzədən başlayam gərək.
Dəyişib ünvanım, dəyişib adım,
Dəyişib deyəsən yaxınım,yadım.
Qəlbim yad ürəkdə donur, deyəsən,
Adım bir dodaqda yanır deyəsən.
Qırıb ruhumdakı buz laylarını,
Könlümə-gözümə bahar gələcək.
Dolanıb taleyin dolaylarını,
Alnıma yazılan o yar gələcək.
Yetər, yağan qardan,qışdan gileyim,
Yollarıma yağan daşdan gileyim,
Hər şeyi təzədən başlayam gərək.
Hər şeyi təzədən başlayam gərək.
MEYDAN TÜLKÜ MEYDANIDI…
Zəmanə bəd gəldi ,lələ,
Meydan tülkü meydanıdı.
Ömrüm yanıb döndü külə,
Meydan tülkü meydanıdı…
Pələnglər quyruq bulayır,
Qurdlar xəlvəti ulayır,
Tülkülər meydan sulayır,
Meydan tülkü meydanıdı…
Tutuquşu, Alabaxta
Çıxıb taxta –hər şey saxta.
At ölüb, şir , pələng – axta ,
Meydan tülkü meydanıdı…
Tozanaqda yortur yabı,
Daş daşıyır , yoxdur tabı .
Ayı əti, neft şərabı–
Meydan tülkü meydanıdı…
Haqq söyləyən –əsir-yesir,
Bu meydanda nə qurd ,nə şir.
Mələk dönüb tülküləşir,
Meydan tülkü meydanıdı…
Zina –azad, yalan – azad ,
Fırıldaqla dilən – azad,
Əyil, alçal ,dolan – azad,
Meydan tülkü meydanıdı…
Alışır boş sac ocaqda,
Kündə qıcqırır tabaqda.
Köç dönür, axsaq qabaqda,–
Meydan tülkü meydanıdı…
Düz söz dedim , pis ad oldu,
Biclik elm-savad oldu.
Yandı könlüm, bərbad oldu,-
Meydan tülkü meydanıdır…
BU GECƏ YUXUMA GƏLMİŞDİN
Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Sən məlhəm olmuşdun dərdi-sərimə.
Başımı qoymuşdum köksünə elə…
Ətrini çəkirdim ciyərlərimə…
Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Heç belə deyildim ilk baharımda.
Əllərim , qollarım bənövşə idi,
Qızılgül açmışdı ağ saçlarımda…
Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Çökmüşdün ruhuma ağ duman kimi…
Necə bəxtəvərdim … necə gözəldin …
Şirin xəyal kimi,xoş güman kimi.
Bu gecə yuxuma gəlmişdin ,gözəl,
Bu xəyal dumanda itmək … nə gözəl…
Batıb ağuşunda bəxtəvərliyin,
Getmək…uzaqlara…getmək ,nə gözəl…
MƏN SÜLH İSTƏMİRƏM.
Məni qınamasın ellər, obalar,
Ağbirçək nənələr, düşgün babalar,
Qoy mənim boynuma bütün baballar-
Biçarə vətənim bölüm-bölümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Kimə yön çevirim, kimə əl açım,
Hələ didərgindir, qardaşım, bacım.
Ölüb-dirilməkdir daha əlacım
Döyüşüm dünyaya təzə gəlimdi,
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Zəhərdi tökülüb aşımın altda
Uyuyan ilandı daşımın alıtda
Tük yastıq kimidir başımın altda
Qəfəsdə oxuyan söz bülbülümdü,
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Qırmızı kədərdi, o, şadlıq deyil
Bir qarın çörəkdi azadlıq deyil
Xaraba könlümdü abadlıq deyil
Bu sülh sönən ocaq, qalan külümdü
Közümüz kül altda, bu sülh ölümdür!
Manqurd papağıdı bu sülh başımda
Gül açan ağacdı qarlı qışımda
Mənim torpağımda, mənim daşımda
Qırılan meşəmdi, solan gülümdü
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Açın tarixləri, kimik, nəçiyik,
Bu Qərbin gözündə hələ kiçiyik.
Sanki yurdumuzda kirayəçiyik
Qalxın, bu fağırlıq, ellər, zülümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Çörəyə qul olduq- Göyçəmiz getdi,
İblisə vurulduq – Zəngəzur itdi!..
Ağbaba qaralıb, kömürə döndü..
Vedinin alışan ocağı söndü..
Qarabağ- gözdağı, qara bağrımız,
Aşağı başımız, bitməz ağrımız..
Yetər, bu çörəyə qul olmağımız !
Yetər, iblislərə vurulmağımız !
Çörəyin qulları, atın çulları!
Qalxın, yurdumuzun mərd oğulları!
Yetər, bu gələn il mənim ilimdi,
Bu necə dözümdü, bu ki, zülümdü!
Mən sülh istəmirəm, bu sülh ölümdür!
Mən sülh istəmirəm, bu sülh ölümdür
GÖZLƏYƏNİN OLA
Gözləyəni ola adamın, Allah,
Biləsən yoluna kim isə baxır.
Biləsən geciksən, bir az ləngisən
Kimi sə xiffətin yandırıb- yaxır.
Biləsən vurnuxur kimsə səninçün,
Biləsən kim isə intizardadır.
Yoxluğun qəlbində ola dağ-düyün,
Vurnuxa…darıxa : “Görən hardadır? “
Sən də ki uçasan yol gözləyənə,
Çatıb sarilasan yanmış, ac kimi.
Öpüb oxşayasan, könlün alasan,
Sən tamarzı kimi , sən möhtac kimi.
O da gülümsəyə güllər açıla,
Batıb barınasan gül dənizində.
Hər yana nur yağa, ətir saçıla ,
Bir hüzur tapasan ceyran izində.
Ovcunda döyünə ilahi narlar,
Pəmbə yanaqlardan alma dərəsən.
Ürəyində – bahar, başında -qarlar,
Bəxtəvər olasan…bir gün görəsən.
Uyuyub yatasan qara gözlərdə,
Baxışı üstündə yorğanın ola.
Orda yer qalmaya kədərə, dərdə,
Sən sə onun ruhu , o canın ola.
Ömrünü -gününü sovurma yelə,
Nə çıxar dərdlərə hey sinə gər, sən.
Səadət deyirlər, budur, bax belə,
Gözləyənin varsa , sən bəxtəvərsən.
Gözləyəni ola adamın, Allah,
Biləsən yoluna kim isə baxır.
Biləsən geciksən ,bir az ləngisən,
Kimi sə xiffətin yandırıb- yaxır.
YENİSES.RU
“