QOCALMA, VAQİF, QOCALMA!


QOCALMA, VAQİF, QOCALMA!
Elə ilk dəfə tələbə olmağımızın qırx illiyi ilə əlaqədar bir cızmaqara hazırlayım deyirdim ki, “525-ci qəzet”də Vaqif Bəhmənlinin şeirlərinə rast gəldim. Sevə-sevə oxuduğumu deməyim belə artıqdır. Amma seirlər toplusuna da sərlövhə olmuş başlıq xoşuma gəlmədi.

İnsan oğlunun acınacaqlı halı fiziki olaraq qocalıb ruhən cavan qalmasıdır. Anam yaşının, Allahın lütfü ilə doqquzuncu onilliyini xırdalayır. Di gəl ki, bir az qocafəndi paltar alanda “bu nədi almısınız,–deyir,–mən o qədər qocayam?” Onun qocaldığını biz görürük, o isə elə bilir ki, Ənvər Rza demiş,

Göylər daha guruldamır.
Elə bilir
Sular daha əvvəlkitək şırıldamır.
Elə bilir tilsimlənib
Yaylaq yolu,
Dağlar qaçıb uzaqlaşıb,
Təbiətin ağlı çaşıb.


Yəni elə bilir ki, hər şey dəyişib, korlanıb, korşalıb, özü isə elə cavan qalıb. Əfsus ki, elə deyil və elə olmur. Biz dəyişirik, biz qocalırıq, Günəş həmin Günəşdi, təbiət həmin təbiətdi.

Amma yenə birdən-birə Vaqif qocalıqdan danışanda, nə gizlədim, cırnadım. Nə tez, dedim, gəldi keçdi bu cavanlıq? Dünən deyildimi ürkək-ürkək Bakıya gəldiyimiz? Bir-birimizlə danışmağa da cəsarət eləmədiyimiz? Bir az Bakıda çox qalanda kəndimizə xəyanət elədiyimizi düşündüyümüz? “Bircə bu tələbəlik qurtarsın, görün nə oğullar doğub analar” deyib qürrələndiyimiz? Diplom alıb işsiz qalanda bir-birimizə ürək-dirək verməyimiz? Qəzetlərdə imzamızı, televizorda simamızı görəndə göyün yeddinci qatına çıxmağımız?

Yazıram, sonra da gözümün qabağına o illər gəlir. Hanı o illərin Bakısı? Yefim Saratov küçəsində ağzının sarısı getməmiş biz cücələr. Bu təzə xammaldan cəmiyyətə yararlı vətəndaş hazırlamaq üçün külüng çalanlar: Həyasından hər mühazirədə bığ yeri hərfən tərləyən Tofiq Rüstəmov, şahin baxışlı, həlimxasiyyət Nəriman Zeynalov, zəhmli-zabitəli Nüsrət Bağırov, Seyfulla Əliyev, “moozuları” ilə bizi jurnalistika qatarında səyahətə çıxaran Nəsir İmanquliyev, marksizmin bir ideologiya kimi müəmma olduğunu dərk eləyən əzəmətli Xəlil Əlimirzəyev, şıfahi ədəbiyyatı, dilimizin zənginliyini, ədəbiyyat tarixini gözlərimiz önundə canlandıran Vaqif Vəliyev, Zinət Əlizadə, Famil Mehdi, Mir Cəlal Paşayev, Firuz Sadıqzadə, Əzizə Cəfərzadə, tərcümə sənətini dili zənginləşdirməyin bir yolu sayan Cəlil Xəlilov kimi gözəl insanlar taleyimizdə iz buraxıblar. O məktəbin Şirməmməd Hüseynov, Yalçın Mahmudov, Cahangir Məmmədli kimi ağsaqqal və peşəkarları bu gün də cavanlara sənət dərsi keçirlər. Əlbəttə, hamısının adını çəkmək mümkün deyil. Hələ bu gün jurnalistikanın məşhur simalarına çevrilmiş Zeynal Məmmədlinin, İlham Mazanlının, Ələddin Əsədovun, Qulu Məhərrəmlinin, Adil Cəmilin, Ramiz Əsgərin, Aqil Dadaşovun tələbə yoldaşlarımız olduğunu düşünəndə qürürlanmamaq olmur.

Gələk Vaqifin “qocalması” məsələsinə. Onu anlamaq asandır ki, son 20-25 ildə başımıza gələni yaşayıb cavan qalmaq arsızlıq olardı. Dilbər güşələri itirib, Kazımağa, Alı, Salatın, Çingiz kimi övladları şəhid verib, qisaslarını almadan, qanlarını yerdə qoyub cavan qalmaq şüursuzluq və namərdlik olardı. Amma qocalmaq, qocalığı etiraf eləmək təkcə təbiət qarşısında itaət olmaqla qalmır, həm də şüurlu olaraq geri çəkilmək, təslim olmaq mənası da verir. Bəlkə tezdi, Vaqif!?

Qocalanda uduzmaq var, küsmək var, əylisliləşmək var, özün demiş, çullanmaq var. Bəlkə gözləyək bir az da?..
Bilirsən, şairlik ilahi vergidir və “şairəm” demək böyük məsuliyyətdir. Minlərlə nəzməçəkənimiz, qafiyədüzənimiz olsa da içində sən olmaqla fəxr ediləsi cəmi 5-6 şairimiz var. Odur ki, aşağıdakı bəndləri sənə şairlik iddiasıyla deyil, türklər demiş, əfvinə sığınaraq dostcasına ünvanladığımı bilməyini istəyirəm. Hələ qocalma, görüləsi çox iş var.

Allaha ağıl öyrətmə,
Qocalma,Vaqif, qocalma!
Sevənlərini incitmə,
Qocalma,Vaqif, qocalma!

Üzünə “üz” çəkdirmirsən,
Başına saç əkdirmirsən.
Heç villa da tikdirmirsən.
Qocalma, Vaqif, qocalma!

Utanc başı dik saxlamaz.
Ağıllı baş tük saxlamaz,
Sən nə qədər ək, saxlamaz.
Qocalma, Vaqif, qocalma!

Kazımağanın yası var,
Xocalının qisası var,
Şuşanın alınması var.
Qocalma, Vaqif, qocalma!

Demə quruyub arxımız,
Demə dönübdü çarxımız,
Hələ çıxmayıb qırxımız.
Qocalma, Vaqif, qocalma!

Cəfər Sadıq,
Mart, Moskva


Bir cavab yazın