“Şəhriyar” Ədəbi Mədəni cəmiyyəti Moskvada tədbir keçirdi


“Şəhriyar” Ədəbi Mədəni cəmiyyəti Moskvada tədbir keçirdi

Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi mədəni cəmiyyətinin 2013-cü ilin ilk tədbirini buradakı cəmiyyətləri bir araya toplayaraq keçirtdi. Cəmiyyətin ötən ildəki fəaliyyətinin hesabatına həsr olunmuş ədəbi-bədii yığıncağı “Səhriyar” cəmiyyətinin sədri Vasif Məmmədov açdı.

O, rəhbərlik etdiyi M. Şəhriyarın adını daşıyan və təməli Rafiq Qurbanov tərəfindən qoyulan təşkilatın yarandığı gündən Moskvada Azərbaycan ədəbiyyatı, onun tanınmış simalarını yada salmaq, xatırlatmaq missiyasını həyata keçirdiyini söylədi. Burada yazıb-yaradan yazıçı-şairlərimizin doğma ocagına çevirən cəmiyyət neçə-neçə yaradıcılıq gecələrinə, yubiley tədbirlərinə imza atıb deyən Vasif Məmmədov təşkilatın fəaliyyətində əməyi olanlara minnətdarlığını bildirdi. İçtirakçıları və qonaqları salamlayıb “xoş gəldiniz” edən ev sahibi təşkilatın yaşadığımız Rusiyada həmrəyliyimizə vəsilə olduğunu da qeyd etdi.

Ədəbi-bədii gecənin aparıcıları “Şəhriyar” ƏMC-nin üzvlərindən Mehparə Hümbətova və Rövşən Əliyev sədrin çıxışından sonra qonaqları təqdim edərək bir-bir onlara söz verdilər.

Azərbaycan Yazıçılar İttifaqı Rusiya bölməsinin sədri, “Ocaq ” Ədəbi-mədəni cəmiyyətinin rəhbəri Tofik Məlikli “Şəhriyar” məclisi haqqında xoş sözlər deyərək, “ədəbi məclislərdə söz deməzlər şeir oxuyarlar”- deyib, özünün bir neçə şeirini oxudu.
“Şəhriyar” Ədəbi Mədəni cəmiyyəti Moskvada tədbir keçirdi

“Ocaq” cəmiyyətinin digər üzvləri şair Nəsib Nəbioğlu və İlham Bədəlbəyli də çıxışlarında sözdən çox şeirə yer verdilər.

Musiqinin müşaiyəti ilə keçirilən məclisdə aparıcılar Rusiyada keçirilən tədbirlərdə maaliyyə dəstəyini əsirgəməyən, əsl messenat kimi çıxış edən Dünya Azərbaycalıları Konqresinin sədri Mirəşrəf Fətiyevi məhz bu aspektdən təqdim edib söz üçün mikrafonu ona uzatdılar.

DAK sədri harada Azərbaycan adı varsa orada imkanı daxilində maddi və mənəvi dəstək verməkdən məmnun olduğunu söylədi. “Belə yaradıcılıq gecələrində bir yerdə olub birlik nümayiş etdirməkdən gözəl nə ola bilər”- dedi və özünün gözəl rəqsi ilə məclisə rəng qatıb onu canlandırdı.

“Şəhriyar”” cəmiyyətinin mətbuat katibi – tanınmış şairə Afaq Şıxlı və gənc yazar Nilufər A.Şixlı da öz növbələrində gələn qonaqlara xoş arzularını çatdıraraq yaradıcılıqlarından bir neçə şeir ərməğan etdilər. Onların cıxışı alqışlarla qarşılandı.

“Şəhriyar” ƏMC-nin digər üzvləri Əşrəf Hüseynli, Sultan Mərzili, Əliş Əvəz, Abbas Alıyev də təmsil oldunduqları bu ədəbi ocağın işığına nur qatan hər kəsə təşəkkür etdilər.

Həmrəyliyə köklənmiş ədəbi-bədii gecədə səslənən çıxışların ahəngini dəyişən “Azərbaycan” cəmiyyətinin sədri Oktay Hüseynov cəmiyyətlərimiz arasında olan qisqanclıq, ayrı-seçklik kimi nöqsanlardan söz açdı. Əsl azərbaycançılığı təbliğ edib onun yolunda çalışanlara lazımı diqqətin olmamasından, sadəcə hesabat xatirinə keçirilən tədbirlərə pul xərcləyənlərin elələrini gözardı etməsdindən danışdı. O, belə məclislərdə o insanların da adının çəkilib haqqının verilməsini söylədi və “belə yanaşma ilə birləşməyə bu yolla nail olmaq olar”- dedi.

Gecə boyu məclis üzvlərinin şeirləri və Azərbaycan milli-vətənpərvərlik ruhlu mahnıların səslənməsi ilə keçən tədbir elə bu xoş ovqatla da davam etdi.

“Pobeda“ kimsəsiz uşaqlara və veteranlara yardım fondunun xeyirxahlıq məkani olan “Robinzon” restoranında keçən gecənin sürprizi elə onun rəhbəri Famil Ağayevdən gəldi. Gecədə iştirak edən qadınalara “Gülə gül yaraşar”- deyiminə uyğun gül buketləri təqdim olundu.

“Şəhriyar” ədəbi mədəni cəmiyyətinin keçirdiyi tədbirdə Rusiyada fəaliyyət göstərən digər təşkilatlardan- Ümumrusiya Azərbaycanlıarı Konqresindən (VAK) Manaf Ağayev, Azerros-un Moskva əyalət bürosunun sədri Ziyafət Surxayev, “Azərbaycan ” cəmiyyətinin sədri Oktay Hüseynov və digərləri iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/
09.01.2013


Bir cavab yazın