ŞƏRİKSİZ ÇÖRƏK


ŞƏRİKSİZ ÇÖRƏK

Yenə qınaq…. Növbə mədəniyyəti yox-deyə, çörək üstündə bir-birini “qırırlar”-deyə. “Bu millət belədir də?” Necədir? Bir halını soran varmı?

Bu o millət deyilmi, müharibənin acılarını və aclıqlarını birlikdə çəkib? Bu o millət deyilmi, tabaqdakı son çörəyi qonşusu ilə paylaşıb?

İlk əvvəl sosial şəbəkəyə məlzəmə olan o videonu çəkən və paylaşana ayıb olsun deyəcəm də. Ayıbdan nə anladığını bir bilsəm… Onsuz da ayıbımız ekranlardan üzümüzə boylanır. Həm də hər gün.

Ayıbımız Qarabağda, Şuşada qalıb. Gedib onu görürüb gətirə bilmirik. Bakıda, ya Şəkidə… (qafiyə vurğunuyuq, həmqafiyədir deyə yazdım-T.V.) bilmədiyim hansı yerdəsə bir çörək dükanındakı hərəkəti ayıb sayırıq.

Ayıb nədir, bilirikmi? Məncə ayıb xaric küçələrində elə bir tikə çörək xatirinə itən abrımızdır!

Ayıb “Ac ol, kişi ol” -deyiminin anlamını itirib, aclıqla imtahan edilən “”kişiliyin”” sınmasıdır.

Ayıb – “qul bazarında” qara maşınla gəlib oradakılara “pul payladı”-adlı birinin görünməz “qəhrəman” edilməsidir. Jurnalistin, məbuatın olaya -ölkədə qul bazarının olması ayıbına utanmayıb- sədəqə paylayanı başa qaldırmasıdır!

Fağırın, yetim-yesirin haqqını yeməkdir-Ayıb.

Yuxarıda yazdığım kimi, ayıb ekranlardan boylanır. O ekranlardan ki, hər gün evimizə girib-heysiyyatımızla oynayır və onun  “aktyor”, “aktrisalarının” reklamlarına milyonlar xərclənir. O ekranlardan ki, millətin fağır qatı söyülür. Kasıblıq  “ayıb”, aşağılıq kimi  “yazığın” üzünə vurulur. Birinə zirzəmidə-“podvalda”, birinə “damxada”, daxmada (onların üslubuna görə) uşaq dünyaya gətirmə deyirlər. Və bu deyənlər də sanki bu xalqın “əxlaq nümunəsi” qaydalarını yazmış və onu özlərində təcəssüm etdirənlərdir…

Hansı daha çox ayıbdır-deyə müqayisə etməyəcəm. Bəli, hansısa növbədə və ya teatrdan sonra qardirobda “paltomu tez alım”- deyə basabas etmək (yerlər fərqli olsa da) o səpkidən olan ayıblardandır… Yüksək tribunalarda redaktəsiz danışıqlar, davaları demirəm.

Növbə mədəniyyətini bilməmək də ayıbdır! Amma o kütləyə bu mədəniyyətin olduğunu göstərənlərin də mədəniyyəti sorğulanmalıdır. Hər kəs özündə mədəniyyət nədir- sualının cavabını tapsa…

Bu bəyənmədiyiniz kəsimi nə zaman nəyə şərik etdiniz ki? Sadəcə suçladınız. O daxmada, o zirzəmidə doğulan övladlar uşaqlığın nimdaş pencəyini əynindən çxarmağa macal tapmamış əsgər forması geydirib ön cəbhəyə göndərdiyinizdir!

O çörək davası edən – sizin kimi, çöldən içəri girəndə ayaqqabısını – ev “şəpitmi”, “domaşnikmi” deyirsiniz onunla dəyişməyən, şəkli düşəcək yağlı döşəməsi olmayan evlərdə ömür çürüdüb sabaha sizi qorumağa əsgər böyüdənlərdir. Son ümidi də o çörəkdir. Şərik etmədiyiniz o çörək!

Nə edirlər ki… Sizinlə o çörəyin davasını etmirlər ki?! Sadəcə sabaha olub olmayacağına və ya verilib verilməyəcəyinə gümanları olmadıqları çörəyi almaq üçün…. arada “ayıb” edirlər.

Əslində şərik olduğunun davasını etmək varkən…

Hər zaman olduğu kimi bəlkə bunda da sadəcə “Ayıbımıza kör olaq!”

Tünzalə Vəliqızı, Moskva
06.06.2020


Bir cavab yazın