Sabaha saxlama!


Sabaha saxlama!

Afaq Sıxlı

Sabaha saxlama!

İşlərin çoxluğundan çox şeyi unudursan bəzən.
Barmaqlarım arasından süzülüb gedən su kimisən…
Bu get-gəllər arasında səni gözləyən də var,
Sənin şəfqətinə, hənirinə ehtiyacı olan da…
Dayan bir az, nəvaziş göztər,
Sabaha saxlama!

Bax, artıq payız da gəlir.
Bahar sənsən, xəzan mən…
Tökülən yarpaqlar arasında itirdiyim nələr var, bir bilsən…
Yoxluğun da nə soyuq, nə titrəkdir…
Gəl, hardasansa indi gəl!
Sabaha saxlama!

Susma, susduqca susur insan…
Sənin üçün quş tək ötür, mənim üçünsə bitmir zaman…
Səssiz saatlar, qəqiqələr ömrümüzdən gedir.
Susduqca, hər an qəlbimdə bir zərrə inam yox olur, itir…
Susma, qəlbindəkiləri mənə söylə…
Sabaha saxlama!

Mən gözləyərəm, səni gözləmək savabdır.
Mən dözərəm, bilsəm də ki, bu əzabdır.
Yuxusuz da qalaram – bir kəlməni eşitmək üçün.
Hara desən gələrəm – səni görmək üçün.
Amma çağır, çağır, eşidirsənmi?
Xoş sözlərinin arxasında boranlı bir qış gizlətmə!
Qaytar Günəşimi!
Ömrümə yaz gətir!
Sabaha saxlama!
Sabaha saxlama!


Bir cavab yazın