Şamil Ənvəroğlu-ƏLVİDA
Bu ki yaşamaq deyil, savaşmaqdır biz-bizə,
Bu savaşda önümdə olanlara əlvida!
Daha bəsdir bu zillət, ovunmaq da əbəsdir,
Doğruları məhv edən yalanlara əlvida!
Ömrümüzü zəlitək soranlara əlvida!
Mələk bilib qoynuna şeytan alanlar bilir,
“Lənət şeytana!”-deyib, baş bulayanlar bilir,
Mən nədən danışıram, insan olanlar bilir,
İnsanlıqdan sinifdə qalanlara əlvida!
Qəlbimizdə gor yeri qazanlara əlvida!
Əlindən tutduqların ayağından çəkirsə,
Səndən sevgini alıb ömrünə dərd əkirsə,
Peşman edib hər şeyə, gözlərindən tökürsə,
Yük olub ürəyini yoranlara əlvida!
Öz adını özgəyə qoyanlara əlvida!
Beşgünlük dünyamızı cəhənnəm edənlərə,
ürəksiz “sevənlərə”, saf bilib gülənlərə,
Abrından susanları qul, kölə bilənlərə,
Üzümüzdən gülüşü yuyanlara əlvida!
Şərəfini, “mən”ini satanlara əlvida!
Bu da “icad” olundu–ağlamağın saxtası,
Oskarlıq “oyun” qurur şəxsiyyətin axtası,
Minbir cildə girənin boynunda var xaltası,
Koronasız maskada olanlara əlvida!
Arı, şirə məsəli dalanlara əlvida!
Kişilikdən dəm vurur göy ekrandan mavilər,
Xanımlıqdan “dərs” keçir əxlaqsızlar, q…lər,
Baxırsan başa keçir pul gücünə gədələr,
Bizləri bu günlərə salanlara əlvida!
Layiq olmayan yerə dolanlara əlvida!
Sevinməli gün də yox, adam nəyə sevinsin?
Hansı günə sevinək? Kim nə ilə öyünsün?
Hamı deyir “ya qismət”, qismət var ki görünsün?
Dərdimizi dağ boyda edənlərə əlvida!
Onun, bunun cibini güdənlərə əlvida!
Pulun varsa, gücün var, pulun yoxsa, öl kasıb,
Çox danışma yerindən, yoxsa, gedər dil, kasıb,
Xoşbəxtliyi, huzuru yaddaşından sil, kasıb,
Hələ bundan betəri edənlərə əlvida!
Sürtülmüş sifətləri gülənlərə əlvida!
Döydüyün qapılardan səs gəlir–“kim göndərib?”
Mətbuat da dəyişib, təzə “xəbər” əndərib-
“Kim kimi harda tutub? Kim kimə harda “verib?”
Başımıza bu külü tökənlərə əlvida!
Ömrümüzə “paz” olub çökənlərə əlvida!
“Həci” davası gedir otellərin önündə,
“Patı” satanlar artır küçələrin tinində,
“TikTok”da canlı açır, paltarı yox əynində,
“Müasirlik” adıyla gələnlərə əlvida!
İçimizi bu adla yeyənlərə əlvida!
Sonra yediyi qabı söyənlərə əlvida!
Arvadını kişiylə tutub çəkənlər artıb,
Namus, şərəf, vicdanı çoxdan itənlər artıb,
Ümidi də, səbri də artıq ölənlər artıb,
Əlimizdən ümidi alanlara əlvida!
Bizləri bu günlərə salanlara əlvida!
Şamil Ənvəroğlu, Bakı
09.10.2024