SÖZ XƏZİNƏMİZ Yazmaq xatirinə şeir yazmayan şair
Sərlövhəyə çıxardığım ifadə dünyasını vaxtsız dəyişmiş, yaşadığı illərdə sevginin, sevməyin, sevilməyin nə olduğunu əsil aşiq çılğınlığı ilə nümayiş etdirmiş, gənclərin könül həmdəmi, sevənlərin cəsarət qaynağı olan Nüsrət Kəsəmənlinin 1995-ci ildə öz avtoqrafı ilə nəşr olunmuş kitabında oxuculara müraciətindən götürülüb:”Bu şeirləri müxtəlif ovqatlarla—ya dəli kimi sevib, ya da dəli kimi nifrət edib yazmışam. Deməyim odur ki, elə-belə, yazmaq xatirinə şeir yazmamışam”.
Keçən əsrin 80-ci illərindən xalqımızın başı üzərini alan qara buludlar Kəsəmənli şerinə başqa nisgilli ovqat əlavə etmişdi və nəticə etibarilə şairin çağlar qəlbini durduran da elə bu sağalmaz yara oldu.
Nüsrət Kəsəmənli haqqında ötəri, söz xatirinə söz demək də onun poeziya dünyasına, göylərə qaldırmağa müvəffəq olduğu sevgi dünyasına, vətən eşqinə xəyanət olardı. Bu səbəbdən şair haqqında gələcəkdə sanballı yazılarla qarşılarına çıxmağa ümid bəslədiyimiz oxuculara əvvəlcə Kəsəmənli bağından acılı-şirinli bir sovqat hazırladıq. (Cəfər Sadıq)
İKİMİZİN YERİNƏ
Sevdiyimiz bir nəğmə var…
Bu sevgidən sən qorxursan, eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr.
Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı-yaman fərqini.
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,–
Mən öpərəm ikimizin yerinə…
Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə.
DİLƏNÇİ
Qapıma gəlibsən yenə nə üzlə?
Gəlibsən hədəylə, ya şirin sözlə,
Gözlə, ömrün boyu qapımda gözlə,
Əl açma, dilənçi, əl açma mənə.
Sel gəldi, sürünü bir çay apardı,
Küləklə gəlmədik, kələklə köçdük.
Hər gələn dilənçı bir pay apardı,
Özümüz dilənçi kökünə düşdük:
Əl açma, dilənçi, əl açma mənə.
Dilənə-dilənə varımı yığdın,
Buğdamı sovurub, darımı yığdın,
Nə Allah eşqinə, bəndə eşqinə
Özümə bir ovüc unum qalmadı.
İnamım qalmayıb daha heç kimə,
Bazarda hər şeydən ucuz satılan
Ümid almağa da pulum qalmadı.
Əl açma, dilənçi, əl açma mənə…
Hər dəfə min dillə aldatdın məni,
“Yetiməm” söylədin, “yazığam” dedin.
Çaldığın havaya oynatdın məni,
“Oyna! Mən oyundan uzağam”-dedin.
Zurnamı apardın, “Ənzəlim” getdi,
Tarımı apardın, “Vağzalım” getdi,
Əslini apardın, yandı Kərəmim,
Mən kimdən istəyim “Uzundərə”mi?
Daha torban dolub, a Qıdı kirvə,
Bizə olan olub, a Qıdı kirvə.
Gülürsən, kefin kök, damağın çağdır,
Ağrın-Ağrı dağın zirvəsindədir.
Dilənçiyə nə var?—qovmaq günahdı,
Çətini—qapıdan girməsindədir.
Taxçada-boxçada yoxsa da nə qəm,
Bir ovuc torpaqda gözün var yenə.
Heç çay daşını da sənə vermərəm,
Əl açma, dilənçi, əl açma mənə…
Sən mənə bir zaman “qardaş” deyirdin,
İnandım, aldandım gör necə sənə…
Atam ki, bu qədər əyyaş deyildi,
De, hardan doğuldun sən qardaş mənə?
Böldüm nəyim varsa, qardaş malıtək,
Qalxıb diş qıcartdın qargıdalıtək.
Kök atıb bu torpaq mənimdir, dedin.
Dedin, necə dedin dilin yanmadı?
Bir vaxt dilənçitək uzandı əlin,
İndi necə oldu əlin yanmadı?
Yox, daha gördüyün uşaq deyiləm,
O tülkü dilinə aldanam yenə,
Əl açma, dilənçi, əl açma mənə…
VALLAH, BU MİLLƏTİN…
Dağları kamandı, qayası oxdur,
Yurduna göz dikən ayısı çoxdur,
Vallah, bu millətin dayısı yoxdur,
Vallah, bu millətin yiyəsi yoxdur…
Olsaydı, içindən əriyərdimi,
Dərdi ayaq tutub yeriyərdimi,
Uca kürsülərdə kiriyərdimi,
Qəzəbi paslı bir xəncərə dönüb
Qınına çəkilib çürüyərdimi?!
Vallah, bu millətin yiyəsi yoxdur…
Kərəm sorağıyla lələsi gəlib,
Eləsi gedibdi, beləsi gəlib…
Ağıllı oturub hey fikirləşir,
Gölə daş atmağa dəlisi gəlib,
Vallah, həqiqətdən şayiəsi çoxdur
Vallah, bu millətin yiyəsi yoxdur…
Hey çaxmaq çəkirlər, piltə alışmır,
Danışa bilənlər susur, danışmır,
Meydandan çıxanlar daha qarışmır
Vallah, bu millətin yiyəsi yoxdur…
Topu var, di gəl ki, lüləsi yoxdur,
Paslı tüfənginin gülləsi yoxdur,
Əl atır, belindən xəncər sıyırsın,
Neyləsin, xəncərin tiyəsi yoxdur,
Tankın zirehinə qəzəblə dəyən,
Yalın əllərinin şilləsi çoxdur,
Vallah, bu millətin yiyəsi yoxdur…
Biri dağa çəkir, biri arana,
Biri xaça çəkir, biri Qurana,
Xalq özü az qalır heykəl ucalda
Xalqa gecə-gündüz tələ qurana,
Bir cavab axtaran niyəsi çoxdur,
Vallah, bu millətin yiyəsi yoxdur…