Sükutla keçilməz Sizdən


“Yolun düşsə  bu dünyaya bir də gəl”. Sağlığında  bu dünyanı tərk etdiyində məhz bu  sözləri elə o mahnıdakı yanğı ilə dedirtdirənlər azdır.

Bəzi adamlar var ki, yüz metrlikdən ondan obasının-elinin qoxusu gələr. Təbəssüm üzündə günəş şüaları kimi bərq vurar. Üzündəki o nurla doğulub, o nuru həyatın boyu daşımaq da bəlkə ilahi missiyadır.

Bir obanın, bir elin, bir toplumun, bir ordunun Sərdarı.

Saysam cəmi iki-üç dəfə görəm, görməyəm. Amma bir dəfə salam verəndən sonra yüz illərin dostu kimi danışan, qanında mehribanlıq qaynayan bu adam doğmana çevrilir…

Istisudan  almişdi istiliyini. Murovdan almışdı əzəmətini.

Sözü belə bəzəməyə, düzəməyə gərək yox ki, ondan danışanda.

Sadəcə üzündə təbəssüm bir İNSAN gəldi keçdi bu dünyadan.

Kəlbəcərin Yanşaq kəndindəndi. Yanşaq -aşıq, aşiq deməkdir. O da Azərbaycana, doğulduğu torpağa vurğundu.

Sosial şəbəkələrdə, qruplarda  dostları, tanıyanları yazdı. Doğma kimi yazdı.

Hər biri də ürəyindən qopan bir parça kimi.

Vidadi Abbasov:  Ölüm ən yaxşıları seçir.Qürbətdə tanıdığım ən dəyərli soydaşlarımın ilk sırasında olan Sərdar Abdullayevi də itirdik. Həyatda çox az rast gəldiyim xeyirxah, təvazökar və qeyrətli bir insan idi. Çox sarsıldım. Məkanı cənnət olsun!

İsmail Türkel: Nəinki  “Kəlbəcər İctimaiyyəti”, deyərdim daha geniş, ” Azərbaycan və Rusiya İctimaiyyəti” geniş üfuqə sahib bir alimini, yüksək məfkürəyə sahib bir mühəndisini, əməlləri ilə könülləri fəth edən xeyirxah bir iş adamını və ən əsası dəyərli bir ziyalısını itirdi. Sərdar müəllim əməlləri ilə qəlbimizdə daim yaşasa da, fiziki olaraq artıq aramızda yoxdur. Allahdan Sərdar müəllimə rəhmət, yaxınlarına başsağlığı diləyirəm.

Şirvan Kərimov:  Sərdar müəllimlə dəfələrdə ictimai tədbirlərdə görüşmüşük və bir dəfə də Tver şəhərində qonağı olmuşam. Rusiya azərbaycanlılarının ön sıralarında gedən, ictimai fəaliyyəti ilə bağlı təzyiqlərdən qorxub çəkinməyən, sayılıb seçilən, nüfuzlu ağsaqqal idi, Sərdar müəllim… Eldən gedən ziyalıdı! Allah rəhmət eləsin!

Cəfər Sadıq: Kəlbəcərin işğaldan azad olduğu bir vaxtda o gözəl diyarın ləyaqətli oğlunu itirmək hamımızı sarsıtdı! Bütün hallarda üzünün təbəssümü əskik olmayan, hamıya hamilik, havadarlıq, böyüklük, ağsaqqallıq eləməyə hazır olan, Rusiya cəmiyyətinin ən yüksək məqamlarına inteqrasiya etsə də milliliyini unutmayan Azərbaycanın təəssübünü ağayanalıqla çəkən eloğlumuz Sərdar bəyə cənnətin qapıları açılır. Təəssüf ki, tez açılır. Nur içində yatsın!

Hələ dillər dolaşıq, fikirlər qarışıq, əhvallar pərişandı. Çox şeylər deyiləcək, çox ağrılar ağıya dönəcək zaman keçdikcə…

Bu gün Sərdar Abdullaeyvin nəşi vəfat etdiyi Ximki xəstəxanasından doğma Azərbaycana yola salındı.

Allah Rəhmət eləsin! Vətən, başın sağ olsun!

Tünzalə Vəliqızı,

Moskva

Yenises.ru


Bir cavab yazın