Təhlil – BU RAMAZANDA
Allahı sevirsiz, yaxud şeytana xidmət edirsiz, fərqi yoxdur, əvvəlcə bir gözlərinizi açın!
Zatən Yaradan da, ona “qafa tutan” da nə yuvanın quşu olduğumuzu açıq gözlə baxsaq da, qəflət yuxusunda olsaq da bilirlər. Əsas olan bizim özümüzü aldatmağımıza son qoymaqdır.
Uzun illər öncə Moskvada, o məşhur “Bolşoy teatr” deyilən mədəniyyət məbədində Azərbaycanla bağlı bir tədbir keçirilirdi. O vaxt da bilet, dəvətnamə paylayan “ixtiyar sahibləri” ilə cici-bacı olmadığımdan mənim yerim balkonlardan birində idi. Söhbət yerdən şikayətdən getmir. Oradan səhnə də yaxşı görünür, “seçilmişlərin” oturduğu parter də. Tədbirin hərəkətli məqamlarında diqqətimi ön sıralarda oturan, bütün məziyyəti bu gün orada oturmaqdan ibarət birisinin teleoperatoru tez-tez yanına çağırıb göstəriş verməsi cəlb elədi. Operator da quzu kimi onun təlimatı ilə turklər demiş “evirib-çevirib” onu sağdan, soldan, öndən çəkir, əlacı olsa bir oturub yerdən də çəkərdi. Restoranda ümumi tədbirlərdə özünə özəl xidmət istəyən adamlar olur, ofisiantın cibinə beş quruş salıb istədiyinə nail olur. Gözümün önundəki səhnə tam restoran-ofisiant əhvalatı idi- Böyük teatrda! Sonralar buna alışdım. Bir də tək mən yox, Rusiya məkanından Azərbaycana verilən reportajları izləyən bütün tamaşaçılar alışdı. İndi buraya qədər oxuyub “ax səni, pulgir operator” deyib ağızbüzənlər olacaq, amma tələsməyin. Və heç də yaxanızı kənara çəkməyin. Biz buyuq! Moskvanın dünyaca ünlü mədəniyyət ocağında baş verən OLAY bizlik deyil, vacib olan BİZ ordayıq, MƏN ordayam. Beləcə illərlə adını yaza bilməyən, iki cümləni nə ana dilində, nə onillərlə yaşadığı Rusiyanın rəsmi dilində qura bilməyən cahillər Azərbaycan teleekranının Moskva təmsilçiləri oldular. Bu gün Rusiyanın müxtəlif bölgələrində öz ağlı, fəallığı ilə nüfuz qazanmış birinin, mətbuatda “birinci sırada oturmaq üçün 7000, çıxış etmək üçün 50000 rubl istənirdi” deməsi sadəcə ürək ağrısı deyil, rəzalətdir. Məhz o pulları istəyənlər son 10-15 ildə “tərəqqi” sözünün mənasını belə anlamayan onlarca, bəlkə yüzlərcə adama respublikanın “Tərəqqi” medalını peşkəş etmişlər.
Adıma “Deyingən” damğası vurduğumdanmı, yaşın təsirindənmi elə bil heç yaxşı əlamət görə bilmirəm. Bəlkə var belə əlamətlər, mənim gözümün nuru azalmış ola bilər. Təbiətən nikbin olduğumu zənn edirəm, di gəl ətrafa baxanda məni ürəkdən sevindirəcək halların savadsızlıq, şöhrət və rüşvətpərəstlik çəmbərində boğulduğunu görüb qapılıram bədbinliyə. Əminəm axı, biz bu kökdə olmamalıyıq.
Bu yazıda məqsəd “Avgi tövlələri”ni1 bir şəkildə təmizləməyə çalışmaqdır
Uşaq vaxtı atam bizi nadir hallarda oxşayanda (çox idik, ona görə hər kəsə növbə nadir hallarda düşürdü) deyərdi: Səni o qədər çox istəyirəm ki, səni görməyəndə iti itmiş çobana dönürəm.
–İti itmiş çoban nətər olur ki?
—Çox kefsiz olur, qoyunları kim qoruyacaq deyə, bir qurd gəlsə nə edərəm deyə.
İtə bənzədilmək xoşumuza gəlməsə də yararlı olduğumuzu düşünmək bizi inciməyə qoymurdu. Halbuki atamın sevgisi səmimi idi və çoban-it məsələsi sadəcə onun sevdiyi bir zarafat idi.
________________________________________________________________________
1. Yunan əsatirinə görə uzun müddət təmizlənməyən Avgi tövlələrini Herakl çayın səmtini həmin tövlələrə yönəltməklə təmizləyib
Bizi şikəst edən türkəçaralıqdır
Yanlış xatırlamıramsa, Bəhman Vətənoğlunun bir şeirində belə misralar var.
Qoy məni öldürsün bir loğman əli,
Amandı yarama naşı dəyməsin!
Naşılar ətrafımızda elə çoxalıb ki, peşəkarlar danışmağa utanırlar. Yenicə oxuduğum bir yazıda (Feysbuk kimliyindən və keyfiyyətindən asılı olmadan elə “materiallar” verir ki, oxusan bir dərddi, oxumasan başqa dərd) yeni peyda olmuş gənc hüquqşünas azərbaycanlıların Rusiyadakı “dərdinə” “məlhəm” tapdığını, yeni yaradacağı təşkilatın adını ortaya qoyur. Adam haqqında artıq-əskik danışmadan onun fikrini niyə müzakirə etmək ehtiyacı duyduğumu deyim. Ay qardaş, nə zamana kimi biz çay gəlməmiş çırmanmaqla məşğul olacağıq? Təşkilat yaratmaq qoz-fındıq yemək deyil. Həm də bütün azərbaycanlıları bir çətir altda toplamağı iddia edən təşkilat. Müstəqillik illərində Azərbaycanda neçə və necə təşkilatlar yarandığını deyə bilmərəm, amma bu müddət ərzində Rusiyaya üz tutan həmvətənlərimizin burada təşkilat yaratmaq, hamını birləşdirmək arzusu çox “diqqətəlayiqdir”. Bu təşkilatkimilərin ən böyük dərdi naşılıq və türkəçaralıqdır.
Bunun səbəbini bir arayıb-axtaran da yoxdur. Çünki əslində səbəb cəhdlərin qabaqcadan uğursuz olacağının görünməsindədir. On min, yüz min adamı bir araya gətirmək iddiasında olan adamı bir az araşdırsan indiyə kimi heç on adamla dil tapıb iş görmədiyini üzə çıxararsan. Bəs niyə bu adamlar özlərində belə cəsarət tapıb sağa-sola müsahibə verir, həqiqətən bir güclü təşkilata ümid bəsləyən sadəlövh insanları yanıldırlar? Ona görə ki, meydan boşdur. Həm də boş olması günah sayıla biləcək meydan. Xalqın sözünün deyilə biləcəyi meydan. Başqa millətlərin hiyləgər nümayəndələrinin haqqımızı yedikləri, sərvətimizi mənimsədikləri meydan. Bu gün Fuad Abbasovun fəallığının və populyarlığının əsas səbəblərindən biri onun federal efirlərdəki cəsarəti, hər məsələnin üzərinə getməsi ilə yanaşı həm də o boşluqla, xalqın bir rəhbərə, ağrılı məsələləri dilə gətirən birinə olan ehtiyacla bağlıdır. Boşluğun da min bir səbəbi var ki…
Desəm öldürərlər, deməsəm ölləm!
Heç kim özünə düşmən qazanmaq istəməz. Bəndəniz də istisna deyil. Fəqət elə məsələlər var ki, nə qədər üstünə getmirsən, nə qədər idarə etməyə çalışırsan, yumşalmaq, düzəlmək bir yana, dönüb olur qarımış qanqal kimi. Nə yeyiləsi olur, nə deyiləsi. Əlacın kəsilir, qalırsan iki yolun ayrıcında: ya tülküyə aslan deyib təzim eləməlisən, ya da tülkülüyünü anladığını üzünə deməlisən. Birinci hal o qədər kütləvi və populyardı ki, o yolu tutdunmu, işin yavər getməsə də boz dəstəyə qoşulub gedəcəksən. İkinci yol bir az köntöydü. O yola ki döndün, vətən xainindən tutmuş dövlət çevrilişinə cəhd edənə qədər “sanballı” titullara real namizədsən.
Dedim yenə adsız-ünvansız yazım, hər kəs öz payını alsın misalı. Düşünüb bu yoldan çəkindim, zira elə birinci növbədə yazının aid olduğu kəslər “əşşi, yenə nə üstüörtülü eyhamlardı e bu, “mıs-mıs” deyincə bir “Mustafa” de bilək kimdən danışırsan” deyə ağız büzəcəklər.
Baş üstə!
Son günlər gündəminin qəhrəmanı Fuad Abbasov dəfələrlə efiri zəbt edərək Rusiyada, xüsusən də Moskvada yaşayan azərbaycanlıları ağ yuyub qara sərir ki, iyirmi beş ildə bu diaspora niyə bir şey eləmir, rəhbəri yoxdur və ilaxır və sair. Bu iddiaların ilk cavabı olaraq uzun müddət Moskvada yaşayan bir azərbaycanlı kimi deyim ki, Fuadın təqdim və təsəvvür etdiyi şəkildə diasporanın indidən belə yüz il keçsə də olmasını şəxsən mən istəmirəm. Səbəbini soruşsanız deyərəm ki, Rusiyada yaşayıb Rusiyanın əleyhinə çıxışlar edən bir diasporanın lazımlığı və mövcudluğu absurddur. Xoşun gəlmədiyi bir ölkədə yaşayıb, onun əleyhinə danışmağa bəlkə göz yumarlar, lakin bu mövqeyi olan bir şəxsi və ya hüquqi qurumu qəbul edən dövlət hələ mövcud deyil.
Bu fəaliyyətin şəffaflığı isə bir vicdan, məsuliyyət məsələsidir. Bu baxımdan, Fuadın dedikləri tamamən yanlış sayıla bilməz. SSRİ dağılandan sonra Rusiyada, ələlxüsus Moskvada yaşayan azərbaycanlılar elə adamların “rəhbərliyi altında” ictimai təşkilatlarda birləşiblər ki, yeddi yaylıq götürüb ağlasan da göz yaşını qurutmaz. Onun belə naümid danışmasının da pərdəarxası səbəbləri var.
Son otuz ildə həmyerlilərimizin daha çox məskunlaşdığı Moskvada (eləcə də Rusiyanın bir çox böyük şəhərlərində) yaranmış, fəaliyyət göstərmiş rəsmi və qondarma təşkilatların “ömür yolu” haqqında məlumatı bilmədən bu günkü inamsızlığın, qarışıqlığın, çəkişmələrin səbəbini anlamaq mümkün deyil.
Bu qurumlardan biri və çox halda özünün təqdim etdiyi kimi birincisi “Ocaq” cəmiyyəti idi ki, son onilliklərdə alışdığımız qaydada ilk və son rəhbəri filoloq Tofiq Məlikli idi. Ədalət naminə demək lazımdır ki, cəmiyyətin Azərbaycan ədəbiyyatını və mədəniyyətini tanıtmaq, təbliğ etmək sahəsində yetərincə tədbirləri keçirilib. Amma… əmma da burdan başlanır. Belə ki, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Səməd Vurğun kimi “sıradan” şairlərin yubileyini və yaradıcılıq gecəsini bir dəfə keçirən cəmiyyət böyük şair və ədib Tofiq Məliklinin və “Ocağ”ın yubileylərini hər beş ildən bir, yaradıcılıq gecələrini hər iki-üç ildən bir qeyd etməklə yadda qalıb. Bu da gözə batmazdı çox həssas bir məqam olmasa. Yubiley tədbirlərinə… pul toplanırmış. Təbii və normaldır. Nüfuzlu həmyerlimizin tədbirinin layiqincə keçməsi üçün imkanlı dostlar yardımı əsirgəmirdi. Zaman keçdikcə bu “təcrübə” adətə çevrildi və hər tədbirə bir sponsor deyil, bir neçəsi, təbir caizsə, “sağılmağa” başladı. Üstəlik sədr tədbirlərin keçirilməsi üçün Moskva hökümətinin pul yardımlarını da çox ustalıqla idarə heyətinin və bütün üzvlərin diqqətindən kənarda tutmağa nail olurdu.
Elə şey olmaz deyib rişxənd edənlərlə mübahisənin mənasını görmürəm. Cəmiyyət siyasətə qoşulmurdu, amma sədr adamların səmimi rəftarından, təmənnasız yardımlarından şəxsi məqsədləri üçün siyasətçi ustalığı ilə sui-istifadə edirdi.
Hər “rəhbərə” bu qədər vaxt sərf etsəm, oxucunu yoracağımı düşünərək birinci “qəhrəmanın” bu yağlı yeri izahatsız “paldır-küldür” buraxıb doğma Bakıya qayıtdığını, Yazıcılar Birliyi binasının divarında yuxarıda qeyd etdiyim “sıravi” ədiblərlə şəklinə, binada da özünə yer elədiyini deməklə bu fəslə son qoyuram.
İkinci zəngin təşkilatımız əsası Ulu öndər tərəfindən qoyulmuş Ümumrusiya Azərbaycanlılar Konqresi idi ki, başçısı həkim Məmməd Əliyev olan bu birimin salnaməsi daha diqqətəlayiq, sirləri isə üzərində daha ciddi tabu olan təşkilat idi. 21-ci əsrin zəngin ilk onilliyində bir çox həmyerlimizi həqiqətən süd gölündə üzdürən bu təşkilata pulu zənginlər “batman-batman” versələr də konqresin tədbirləri öz nüfuzunu və Moskvada yaşayan azərbaycanlıların hörmətini misqal-misqal itirirdi. Məhz bu təşkilatla bağlı ortada gəzən şayiələrin onda birini desəm öldürməsələr də “mitilimə çırparlar”.
Hələ bir də bu direktorun adlarını çəkmək istəmədiyim və ya çəkməyə cəsarət etmədiyim sanballı adamlardan sonra bu məsul vəzifəni şərəfləndirdiyini düşünün. ÜAK-ın da maliyyə məsələlərinə aydınlıq gətirmək istəyən daha bir həmyerlimiz müdirdən “bu işə qarışma” göstərişi aldığı an istefa vermişdi. Halbuki sonralar “dilbilən” icraçı direktor o yeri necə dəyərləndirməyin, kimlərlə dost olmağın vacibliyini böyük məharətlə ortaya qoydu.
Hələ yorulmamısınızsa keçək xalqın Moskva və regionlardakı üçüncü böyük təmsilçisi olan Federal milli muxtariyyət təşkilatına. Yaranışından bu günə (yalan-gerçək 20 illik yubileyə hazırlaşdıqlarını eşitdim) adı məşhur (harda məşhursa) idmançı, siyasətçi, Rusiya Prezidentinin keçmiş (keçmiş yazılmasa olmaz, çünki prezidentin fəal müvəkkilini damlamağa hər adamın gücü çatmaz) müvəkkili kimi çəkilən Söyün Sadıqovla bağlansa da əvvəlcə digər “məşhur” Ağadadaş Kərimov tərəfindən yaradıldığı söylənən bu qurum Azərbaycanda fırtına yaratmış “Milyonerlər İttifaqı”nın da doğum evi olub. Söyün Sadıqov adı və təyinatı milli-mədəni muxtariyyət olan bu təşkilatda ÜAK-dan daha çox siyasətlə məşğul olurdu və “çox zəngin savadı və mükəmməl poliqlotluğu” ilə bu siyasətə daha çox ziyan vururdu. Əslində müəmmalı biznesi olan rəhbər AzərRosa ümidlə baxan və sədaqətlə Azərbaycan mədəniyyətinin təbliğinə qulluq etməyə hazır olan filosof Rafiq Qurbanov, islamşünas professor Qasım Kərimov (bu siyahı kifayət qədər uzundur) kimi vicdanlı ziyalılara maaş təklif edib onları aldadırdı.
Ayrıca qeyd olunmalı məqam da var ki, Moskvada fəaliyyət göstərən ictimai təşkilatkimilərin böyük əksəriyyəti qanunun tələblərinə uyğun qeydiyyat məsələsində də çox pinti davranırlar. Amma qeydiyyatda olmamaq onların Moskvada fəaliyyət göstərən, öz zəhməti və fərasəti hesabına biznes yaratmış adamlardan müxtəlif yollarla pul qoparmalarını əngəlləmirdi.
Mürüri zamanı (srok davnosti) keçmiş olduğuna görə bir əhvalatı da qeyd etməliyəm, çünki o əhvalat müddət şamil edilməyən Qarabaq hadisələrinin odlu-alovlu dönəminə–doxsanıncı illərin əvvəlinə təsadüf edir. Elmar Məmmədov adlı bir tanınmış iş adamı Moskvada indiki Tverskaya küçəsində yerləşən və o vaxt hələ fəaliyyətdə olan “Bakı” restoranında (Usiyeviç küçəsində İlqar Hacıyevə və dəstəsinə aid olmuş, cəncəlli məsələlərdə adı çəkilən “Bakı” restoranı ilə qarışdırmayın) Novruz bayramı keçirmək üçün vəsait ayırmış, fəal ictimai xadimləri, elm adamlarını, musiqi kollektivlərini dəvət etmişdi. Görkəmli alim Səid Ələsgərovun təklifi ilə məclisi mən idarə edirdim. Gürcüstan əsilli iş adamı İsmayıl mənə yaxınlaşıb: bizim də şirkətin adını çək,–dedi,–bu mənə yox, türk iş ortağımın eşitməsi üçün lazımdır. “Bir dəqiqə,–dedim,–axı, bu tədbirin pulunu başqası verib?” “Bax, mən pulu bu yerlimizə vermişəm,”–deyib, Azərbaycan Vətəndaş Assambleyasının sədri kimi tanınan, bizim söhbətin nədən gedə biləcəyini hiss edərək uzaqlaşmağa çalışan Zahid Qocayevi göstərdi. Yazıçı Çingiz Hüseynov yenicə içəri girmişdi və salamlaşıb yerinə keçmək istəyirdi ki, ondan və Qocayevdən məclisin hiss etməyəcəyi şəkildə mənə yaxınlaşmalarını xahiş etdim. Əhvalatı qısaca nəql edib Çingiz müəllimin nüfuzlu bir şahid kimi yanımızda olmağını istədim. Çünki bir tərəfdən xoş niyyətlə tədbirə yardım göstərmiş adamı, digər tərəfdən ortada ictimai fəallıq göstərəni incitmək istəmirdim. “Zahid müəllim (bu müraciət forması da bir cür üz qarasıdı), sizə bu yığıncaq üçün pul verilib deyir bu qardaş, doğrudurmu?” Tutuldu, cavab verməyə bilməzdi. “Doğrudur”-dedi. “Amma siz o pulu buraya sərf eləməmisiniz…” Bir anlıq fasilə yarandı, sonra qızarmadan: “Mən bu məclisə adamları dəvət etmişəm”,–dedi. Müharibə şəraitində yaşayan xalqın bir oğlu milli ruhu qaldırmaq üçün Novruz bayramı təşkil edir, digəri özünü lider kimi göstərib başqa hərəkət nümayiş etdirir. Şərhə ehtiyac varsa, davam edim. Bu “xadimin” başqa fəaliyyətindən danışmağa ehtiyac qalmadığını düşünürəm, ona görə də barəsindəki (şahidi olmadığım) şayiələri yaymağa lüzum görmürəm.
Bir ara Moskvadakı azərbaycanlıları bir araya gətirməklə kifayətlənməyib dünya azərbaycanlılarını toplamağa qərar verən qurum yaranmağa başladı. Cənubi Azərbaycan əsilli Avropada yaşayan Cavad Dərəxti ilə birlikdə Dünya Azərbaycanlıları Konqresi yaratmış iş və elm adamı Mirəşrəf Fətiyevin fəaliyyəti qeyd olunmalıdır. Qurultaylar keçirən, telekanal təşkil edən bu təşkilatın indi mövcud olub-olmadığını belə bilənlər çox deyil.
“Azərbaycan” adını yaratdığı qurumun üstünə qoyub bu adla güya həm qəzet buraxan, həm vəkillər kollegiyası yaradan, həm tələbə qəbuluna yardım göstərən, həm Rusiya ilə Azərbaycan arasında əmlak alış-verişinə vasitəçilik edən, həm Rusiyadakı siyasi hadisələrə münasibət bildirən, həmyerlilərimizi “İlin adamı” kimi yüksək titullara layiq görən, türkəçaralığı və pintiliyi hər addımda gözə batan bir “holdinqə” də uzun müddətdir rəhbərlik edən başqa həmyerlimiz var—Oqtay Hüseynov. Tanışlığımızın otuz ilə yaxınlaşmasına və bu həmvətənimizin Rusiyanın mötəbər ali məktəblərinin birində uzun müddət işlədiyini, hətta hüquq elmləri namizədi elmi adına sahib olduğunu eşidib bilməyimə baxmayaraq bu günə qədər adamı yazdığının məsuliyyətini daşımağın vacibliyinə inandıra bilməmişəm. Dəfələrlə yazılı şəkildə irad tutsam da bu “təşkilatın” “imzası” ilə yayılan yazılarda adi orfoqrafiya xətaları bir yana “Azərbaycan” sözü belə düzgün yazılmır. Yəqin “təşkilata” iradımın təkcə hərf səhvləri olduğunu düşünürsünüz. Əsla. Söhbət ümumiyyətlə yuxarıda adları çəkilən bütün təşkilatkimilərin ciddiyyətsizliyindən, qeyri-şəffaf olmasından, bu və ya digər şəkildə iş adamlarından vəsait toplayıb onlara hesabat verməyi “özlərinə sığışdırmamasından” gedir. Bu səbəblərin də nəticəsi odur ki, bütün yuxarıda sadalanan təşkilatların otuz-qırx nəfərlik “ortaq” kontingenti var, vəssalam.
Şəhriyarın adını daşıyan iki ədəbi qurumdan, Azərbaycan Yazıçılar Birliyinin Rusiya bölməsindən diaspora iddiasında olan təşkilatlar kimi danışmağa ehtiyac olmasa da qeyd etmək lazımdır ki, adını çəkdiyim otuz-qırx nəfərlik kontingent bu birimlərin də özəyini təşkil edir. Fərq sadəcə bəzilərinin mötəbər AYB vəsiqəsini daşıyıb-daşımamalarındadır.
Son vaxtların dəhşət doğuran əlamətlərindən biri haqqında da danışmaq lazımdır. Dünya qloballaşıb inkişafa doğru getdikcə bizim gənclər arasında iyrənc bir meyl təzahür etməyə başlayıb. Buna fikir vermə deyib keçmək olar, lakin bu yolu tutan bir nəfər də olsa çoxdur. Çünki bu mankurtluğun yayılmasıdır. Məsələnin məğzi budur:
Ona görə ad çəkmirəm ki, onlar hələ dırnağı bərkiməmiş sarıdimdik cücə kimidirlər, bəlkə özlərinə çəki-düzən verib cəmiyyətin normal üzvü ola bilərlər.
Bu qədər bədbinlikdən sonra nikbin notlar da olmasa doğru olmaz. Azərbaycan mədəniyyətini, tarixini, dilini Rusiyada yaşadanlar heç bir təşkilat tabeliyinə baxmadan öz işlərini fədakarlıqla, dilə, tarixə, mədəniyyətə sonsuz sevgi ilə yerinə yetirirlər. Məsələn, hörmətli və görkəmli diplomatımız, həyatı və fəaliyyəti ilə həqiqətən əsil ağsaqqal titulunu qazanmış
Hələ adının çəkilməsini istəməyən, çətinliklərlə qarşılaşmış həmyerlilərimizin problemlərini sakitcə və ən ciddi maddi yardımlarla həll edən onlarla həmyerlimizdən, bölgələrdə ən yüksək yerli qurumlarla sıx əlaqə saxlayan, mərkəzdəki rəzaləti sakitcə seyr edən savadlı, qabiliyyətli Vətən oğullarından danışmıram.
Əlqərəz, bu gün gəldiyimiz vəziyyət elədir ki, Azərbaycanla iki yüz ildən artıq ortaq tarixi bölüşən, yaxın qonşu və strateji müttəfiq olan Rusiyada yaşayan azərbaycanlıların ciddi bir quruma ehtiyacı var. Elə bir quruma ki, ərazisində yaşadığı dövlətlə əsla qarşıdurma və narazılıq toxumları səpməsin, əksinə, burada yaşayan həmvətənlərimizin bütün rəsmi orqanlarda layiqincə təmsil olunmasına şərait yaratsın, dövlət qurumları ilə bərabərhüquqlu sıx əməkdaşlığı təmin etsin, müxtəlif səbəblər üzündən burada yaşamağa məcbur olan həmvətənlərimizin bütün hüquqlarının qorunmasında, sosial imtiyazlardan istifadə edə bilməsində onlara yardım etsin, heç cür radikallığa, fanatizmə yol verməsin.
Belə qurum isə bir günə, bir adamın iddiası ilə, sosial şəbəkələrdə “atam-anam sənə qurban, ölmüşük yerdən götür” çağırışları ilə yarana bilməz. Meydan və küçə mitinqləri psixologiyası ilə deyil, öz iş, həyat və fəaliyyətləri ilə nüfuz qazanmış həmyerlilərimizin ümumi müzakirəsi ilə ciddi təşkilat yaratmaq mümkündür.
…Onu deyirdim axı. Bu yazını oxuyanların arasında diş qıcayanlardan tutmuş, xəlvətcə daş gizlədənlərə, “deyingənsən, get deyinməyinin dalınca” deyənlərə qədər hamı ola bilər. Halbuki uzun müddətdən bəri bilib susduğum bu həqiqətləri yazmağa vadar edən heç kimə qarşı şəxsi-qərəzlik deyil, yaranmış vəziyyəti səthi də olsa təhlil etmək və mümkün hesab etdiyim yolu müzakirəyə vermək idi. Reallıq ortadadır. Öndə gedən “zəncirliləri” sadaladım ki, davamını siz düşünəsiniz.
Yazının əvvəlində misal çəkdiyim çoban-köpək məsələsinə gəlincə, Vətənimizə bir çoban timsalı baxsaq, onun məhəbbətini qazanmaq üçün köpək ölmaq da şərəfdir.
Cəfər Sadıq,
Moskva, 4 mart 2019-cu il
P.S. Təhlil son həqiqət statusuna iddialı deyil, indiyədək mövcud olmuş və olan bütün qurumların adını çəkmək təəhhüdünü üzərinə götürməyib və müəllif Rusiyadakı həmyerlilərimizin tamhüquqlu yaşayışını təmin edə biləcək hər hansı təklifi müzakirə etməyə hazırdır.