“TƏNHA QALARKƏN DÜŞÜNDÜKLƏRİM”” Mən pisəm!”


"TƏNHA QALARKƏN DÜŞÜNDÜKLƏRİM"  Mən pisəm!
Bir zamanlar – o zaman düz 7 il çəkdi- “Tənha qalarkən düşündüklərim”-i yazıya köçürüb köşə yazırdım. Səsli düçüncəmin altına mənimlə əlaqə saxlamaq üçün telefon nömrəmi qoyurdum. Moskva miqrantları, ziyalıları, diaspor nümayəndələri olan oxucular mənim düşüncəmin doğru -yanlış olduğunu anladardılar mənə. Hətta bir çox düşüncələrimin materiali olurdu bu şöhbətlər. Sonra… Tənha qalarkən düşündüklərimi tənhalıqla paylaşmaq zorunda qaldım. Onun da bir səbəbi olsun gərək, deyilmi? Bəlkə hər kəs mənim düşüncəmdə ilişib qalmasın deyə- özümə azadlıq verdim. Amma tənhalığın məngənəsində azadlıq haqqında düşünməklə azad olmaq haraya qədərdir? “Düşüncə sərhədsizdir”-deyirlər, amma düşüncə dairəndə onun da ilişib qaldığı yer nə qədər bilgiyə malik ola biləcəyin yerəcəndir. Demək ki, sərhədsiz heç nə yoxdur. Onu artırmaq üçün özünə qapılmaq yox, ona hər gün yeni nə isə qatmaq lazımdır. Anlamı, dəyəri olan nə isə. Bu gün özümə baxışdan yola çıxaraq “mən pisəm” və ya “pisəmmi” mövzusuyla tənhayam.

Mən pisəm!

Bunu demək cəsarət istər-deyərdim, amma bu “pisəm” etirafının arxasında indi də bu yöndən yaxşı olduğunu başqasına təsdiq etdirmək niyyəti olmasaydı…

Niyyət. Əslində hər şey elə ondan başlar. “Niyyətim safdır”- deyərək. Qeyri-saf, qeyri-təmiz deyənini də görmədim. Hətta oğurluq edənin belə bir evə girəndə hansısa saf niyyətə xidmət edəcəyi sığortası var. Ona görə “mən pisəm” deyənin qəlbinin dərinliyində bunu hansı niyyətlə dediyinə skeptik münasibətim onu kimin deməsində ilişib qalıb cox zaman. Bunu zaman-zaman mən də işlətmişəm, amma… Cavabında “pis olsan, pisəm deməzdin”- şablonu ilə qarşılaşmışam. Niyə? “Mən pisəm” etirafıyla pis ola bilmərəmmi? O zaman “mən yaxşıyam”, mən üstünəm, mən fərqliyəm” etirafı niyə o aspektdən qarşılanmır? Çünki yaxşısansa təvazökar olmaq – birinci şərtdir. Bu şərti pozmaq var, o, özünü tərifdə.

“Bircə ondan razıyam ki, özümdən narazıyam”- ifadəsi ilə sevdiklərimiz düşünürsünüz ki, manipulyasiya etməyiblər?

Manipulyasiyasız deyirəm. Mən pisəm! Mən harada və kiminçün pisəm?

Yaxşı olmaq yolunun pislərlə tutulduğu cığırda gedə bilmədiyim, artıq o cığırın yanlış anlaşıldığına laqeyd qaldığım üçün pisəm.

Mən bu sətirləri başqasına ünvanlamadan, özüm durduğum nöqtədə özümü korlanmamış görüb, amma korlananlara qarşı səsimi çıxartmadığım üçün pisəm!

Mən “mənimi” gözə soxmaqdır qeyib, Tolstoy sayaq “Mən xidmətlərim üçün kimsədən mükafat gözləmirəm, o mükafat bir gün özü gəlib məni tapacaq” düşüncəsinin bu gün keçərli olmadığını anlasam, “hətta mükafat gözləməsəm də, qiymət almaq üçün deyil, o qiymət aliş-verişinidən kənarda qaldığım üçün pisəm!

Mən heç tamaşaçı da deyiləm. Tamaşaçının da reaksiyası var, ya əl çalar, ya fit.

Mən ən pislərin meydanında ən yaxşıların nəyinsə xatirinə yanaşı addımladıqlarını qəbul edəcək qədər düşüncəmdə böyüyə bilmədiyim üçün pisəm.

Mən pisəm! Özümüzlə xəyali dialoq qurduğumuzda özümüzə səmimi olmayan biz –mən və xəyalım, başqasına səmimiyyətdən dərs verirkən, bu “pisəm” nəyə yarar ki.

Hətta xəyalımızla söhbətdə belə insanın “məni”ni haqlı çıxartdığı məqam o qədərdir ki…

Bir gün abstratk olana belə sakitcə təslim olub, haqsızlıq etdiklərimdən özüm haqq umduğum üçün deyirəm. Mən pisəm. Və pisliyi kimsəyə deyil özümə etdiyim üçün pisəm.

Yaxşlıq etmək çətindir deyirlər, imkanların əl verirsə maddiyyatdan, verməyən yerdə isə canından paylaşaraq yaxşılıq etməyi o qədər də böyütməyək gözümüzdə. Ən çətini özünə etdiyin pisliyi görməzdən gəlib onu içində böyüdərək qarşısını ala bilməməyindir, məncə…

“Mən pisəm!”-deməyə nə var ki. Bu pisliyin tərs üzü olanı göstərmək üçün içində başlayan üsyanı susdurmaq yox, onun tələblərini dinləyib yoluna davam etmək üçün deyib bəlkə Tolstoy. “Oxunmayacam, oxumayacaqlar” deyən Nitşe. Ən yaxşı əsərləri yazılanda çap olunmayan “Marten İden”ində özünü təsvir edən Cek London, son arzularını yoluxucu xətsəliklə mübarizə etmədən yaşadığı daxmasının divarlarına çəkib yandıran və yanan Süzen, “Qızım, yüksək salonlarda deyil, ay işığında səndən də yaxşı rəsq edənlər var”- deyən Çaplin, dil qüsuru ilə doğulub sonradan məntiqi nitqi ilə heyrətə salan Ezop, lal-kar-kor olub sonradan danışaraq bir möcüzəni iradəsi ilə bəlkə də Tanrıdan qoparan Yelena Keller…

Etiraf o zaman böyüklük olur!

Tünzalə Vəliqızı
06.06.2013


Bir cavab yazın