Torpaq bir məzarlıq qədər daha azaldı – ETİMAD ƏSƏDOVla


Torpaq bir məzarlıq qədər  daha azaldı - ETİMAD ƏSƏDOVla
Biz orada olmadıqca, biz orada ölmədikcə qəbirlərə atılan torpaq azalır. Bir məzarlıq torpaq qədər.

Hər tarixin biriləri üçün fərqli anlam yükü var.
Bu gün ev kirayəsinin vaxtıdır…
Bu gün kreditin vaxtıdır…
Bu gün doğum günü…
Bu gün anım günü…
Bu gün, bu gün günlərdən ölüm günü…
Bu gün bir günlərin hamı üçün ağ-qara çaları içində ümumidən xüsusiyə dəyişmə əmsalı da fərqlidir.

Hər gün özünə görə özəldir. Dil təəssübkeşləri bağışlasınlar məni. (Mən də az təəssübkeş deyiləm. Amma xüsusidən daha xüsusi kimi “özəl-öz gün” daha mənalı gəlir mənə. Bəlkə də yanlışam).

Əsas məsələ o deyil, amma…

Amma ilə başlayan cümlələrin hamısından mənfi bir “əmma” çıxacağını kim deyib?! Ammadan əvvəl gələn bütün cümlələr boşdur-deyə yazmışdı biri. Amma ammadan əvvəl gələn cümlə sonrakının əhvalını hazırlayır.

Bu ammalar-əmmalar içində

Bura o qədər təəssüf, xəyal qırıqlığı, ruh düşkünlüyü ilə yanaşı, təəssüb, yanğı, iradə, əqidə… sığışdırmaq olar ki… Yetər ki, zəmin ölümə deyil, oluma köklənsin.

Ammadan əvvəl və sonra arasındakı “əmmalar” bir vergül qədər qısa olsa da, bi nəslin ömrü qədər uzunmuş…

Bu gün… Bu günlükdən geridə qalan dünənlər və ya sabah olacaq bu günlər…

Adımız taleyimizdə kodlaşıb-postulatı. Ya nə istərsəniz deyin. Adımızın taleyimizdə paradoksu bu postulatları yıxacaq qədər teoremlər var. Nə imiş-demək heç nəyə baxış mütləq deyilmiş. Sadəcə bir şeydən başqa. VƏTƏN, TORPAQ, MİLLİ TƏƏSSÜB.

Nə qərib- Həm də Xudu Məmmədovun “Uşaqlarınıza VƏTƏNİ sevməyi öyrətməyin. Siz sadəcə VƏTƏNİ anladın, onlar özləri sevəcəklər” təlqinindən yoğrulmuş VƏTƏN olan o uşaqlardan birinin günü- Bu gün. Günlərdən Vətəninin Etimadı onun çiyininə borc olaraq qoyulmuş bir qəribin döyüş meydanından yaralı çıxsa da, bir parçası ilə çoxdan buralara yad-qərib olub oralarda olduğu və…Öldüyü gün-bu gün. Nə fərq edər ki, təqvimdə hansı gündür. Sadəcə onun olmadığı, pasofla yaşadacıq deyib –unutmayacağımızın zəmanəti olmayan günlərdən biri.

Bu gün və hər yurdundan uzaq qəriblikdə yerə düşən, xəyalları çilik-çilik olanın, onu təşkil edən hər hücrəsini-bədəninin üzvlərinin onu bütünlükdə tərk etdiyi gündür.

Nə tanımaq nəsib oldu, nə görmək. Amma BİRİLƏRİNİN səndən olması, səndə olması üçün onu şəxsən tanımaq nə qədər önəmlidir, ya deyil, bilmirəm. Sənin onu sevmən və ya onun səndə sevgi, rəğbət, fəxarət doğurmasına elə böyük əngəl də deyil!!! Bəlkə də daha saf, məsum yanaşmadır, kim bilir.

Bu gün hamı yanğıyla “Bir fədai də Öldü!”-deyə yazır.

Mənə görə QARABAG deyəndə hələ də bağrının başı göynəyən, o yerlərin havasına nəfəsi, nəminə təninin təri hopmuş və həsrətlə yaşamağa bada verdiyi illərə heyfslənərək, son ümid olaraq orada ölməyi arzulayıb burada – onlar üçün qərib olan müvəqqəti deyib təməlli yaşamağı hələ də “məcburiyyət” bilən ƏSLLƏRlə bir daha bir məzarlıq torpaq azaldı. Bir məzarlıq torpaq yenidən işğal edildi.

ETİMAD ƏSƏDOV ÖlDÜ

Sadəcə içimdən gələn yanğı bunu diktə edir: Biz orada olmadıqca, biz orada ölmədikcə qəbirlərə atılan torpaqlar ovuc-ovuc azalır. Həm də tənimizlə, nəşimizlə artacaq olan bir məzarlıq torpaq qədər!!!

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın