Türkiyənin müdafiə naziri Hülusi Akar Moskvada suriyalı həmkarı ilə görüşüb
Türkiyə və Suriya müdafiə nazirləri Hulusi Akar və Əli Mahmud Abbas arasında çərşənbə günü Moskvada son 11 ildə ilk görüşü baş tutub. Bu barədə TRT kanalı xəbər verib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da qatıldığı üçtərəfli formatda keçirilən danışıqların nəticələrinə əsasən, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyiş gözləmək olar.
Türkiyə hərbi idarəsinin görüşün yekunlarına dair hesabatında qeyd olunur ki, danışıqlarda Suriya böhranı, qaçqınlar məsələləri və Suriyadakı terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə olunub. “Danışıqlar konstruktiv atmosferdə keçib, tərəflər Suriyada və regionda sabitliyin təmin edilməsi məqsədilə üçtərəfli formatda təmasların davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, – Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
Danışıqlarda Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın da iştirak etdiyi qeyd edilib.
Türkiyə və Suriyanın hərbi idarə rəhbərləri səviyyəsində görüşün keçirilməsinin mümkünlüyü barədə bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat vermişdi. O, dekabrın 15-də prezident dairəsi jurnalistlərinin suallarını cavablandırarkən bildirib ki, Rusiya prezidenti Vladimir Putinə Suriya prezidenti Bəşər Əsədin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, bu sammitdən əvvəl xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.
Yenises.ru