UCALIQ UZAQDAN YAXŞI GÖRÜNÜR
Kiş kəndinin ən yüksək nöqtəsi Moskvadan görünür. Çiyələyinin bihüşedici ətriylə, qızılgüllərinin rəngarəng çalarlarıyla, hətta yayın cırcıramasında bir anda coşub ətrafı lərzəyə salan, yekə daşları futbol topu kimi qabağına qatıb gətirən gurultulu selləriylə və üstünə gözəllərin min bir niyyətlə pənah gətirdiyi Cumay ocağı ilə. Bu gün söhbətimizin qəhrəmanı o ocağın varisi, həmin ocağa güyümlə su gətirməyə gedən, nədənsə qorxurmuş kimi tələsən, həyəcandan ayağı dolaşıb az qala yıxılan gözəli yerə dəyməmış tutan və aradan əlli il keçməsinə baxmayaraq bu günə qədər də o nəcib əlləri buraxmayan bir dəliqanlıdır.
Bəli, bu gün o “dəliqanlı” 74 yaşın kürəyini yerə vurub yubiley ilinin hesabını açmış Vaqif Aslandır. Əcdadlarımız, böyüklərimiz körpəyə ad verəndə mütləq onları bir ilahi qüvvə idarə etmiş olmalıdı ki, qoyulan ad sahibini ömrü böyu öz məhvərində saxlasın, onun üçün bələdçilik eləsin.
Azərbaycanın müasir qələm adamları arasında poetik-fəlsəfi düşüncələri, elmi-publisistik məqalələri, tarixi mühazirələri, filoloji axtarışları ilə çox yüksək mərtəbədə özünə yer tutmuş bir Şair haqqında bədii təsvirlərlə yazı yazmaq böyük cəsarət, bir də güclü səriştə tələb edir ki, bəndəniz bunların ikisindən də ciddi qıtlıq çəkir, ona görə də pafosu dəyişib bildiyim, tanıdığım, heyranı olduğum, söhbətlərindən həzz aldığım, dostluğu ilə qürur duyduğum Vaqif müəllim haqda mümkün qədər sadə dildə danışmağa çalışacağam.
Bizi yaxınlaşdıran Azərbaycan teatr mədəniyyətində böyük iz qoymuş, həyata vaxtsız vida etmiş Mərdan Feyzullayev, onun yaradıcılığı və nə qədər acı səslənsə də, onun vəfatı olmuşdur. Azərbaycanın əməkdar mədəniyyət xadimi Mərdan Vaqif müəllimi təkcə həmkəndlisi, müəllimi, böyük qardaşı kimi deyil, həm də can sirdaşı, güvən yeri, müdrik insan kimi sevirdi (el arasında dünyasını dəyişmiş adamların sevgisindən söz edəndə “indi sevməsin” deyirlər ki, bu da sevilənə uzun ömür arzulamaq mənasına gəlir). Vaqif müəllim Mərdanın bütün yaradıcılıq axtarışlarında, cəsarətli yeniliklərində ona məsləhət verən, əsərlərin tamaşaya hazırlanmasında nəzmlə və nəsrlə ssenarilər yazan, elmi, tarixi yöndən dəqiqləşdirmələr edən bir havadar idi. O da Mərdanı istedadına, sıxıcı qəliblərə sığmadığına, daimi axtarışlarına görə çox sevirdi və aralarındakı səmimiyyət minlərlə kilometr məsafədə görənlər, tanıyanlar üçün bir hərarət, istilik qaynağı idi.
Mən də uzun illər Mərdanın Moskva fəaliyyətinin şahidi və vurğunu olduğumdan bu dueti trioya çevirməyə çalışırdım. Sonralar Vaqif müəllimlə daha bir ortaq dostumuz olduğunu öyrəndim. Azərbaycan tarixinin və ədəbiyyatının sərraflarından biri, klassik və müasir Azərbaycan poeziyasının incilərini dəyərləndirən hüquqşünas dostum Adil Əsgərov Vaqif Aslanla elə ünsiyyət qurub ki, bir az qısqanclığım tutur. Çünki Gəncə ilə Şəki arasındakı məsafə Moskva ilə Şəki arasındakına nisbətən çox yaxındı və onların (əsasən Adil müəllimin təşəbbüsü ilə) görüşlərini votsap proqramı ilə izləməkdən başqa çarəm qalmır. Amma sağ olsunlar, məni o zövqdən uzaq saxlamırlar.
Şikayət, giley-güzar etməməyə söz versəm də dəndiyimi bir söz deşir: Vaqif Aslan dəyərini almamış sənətkardır. Məqsədim nə iqtidara söz atmaq, nə də kiminsə vəkilliyini etməkdir. Sadəcə dünyanın elə zamanına gəlmişik ki, insan zəkasının qazandığı nailiyyətlər,– ilk növbədə dünyanı “kiçildən” sosial şəbəkələri nəzərdə tuturam, yaxşını-pisi ayırmadan bütün çalarları suyun dibindəki lil kimi üzə çıxarıb və təbiidir ki, bir inci dənəsinə kilolarla, tonlarla palçıq düşür. Belə olanda da qızılaxtaranlar misi qızıl yerinə xırdalayır, daha betəri, heç özlərinə əziyyət vermədən bayat, duzsuz yeməkləri komedixana, stendap, bu şəhərdə kimi menyu ilə xalqa yedirirlər. Nəticə–toliklərdə, nurilərdə, seyidcahanlarda, elgizlərdə efirə çıxan şairkimilər, müğənnivarilər və onların bəzən milyona çatan heyranları olur.
Vaqif Aslan yaradıcılığını təhlil etmək nə bir günün, nə bir həvəskar müəllifin işidir. Bu yaradıcılıq sanballı ədəbi təhlil, ədəbi tənqid və ədəbiyatın, əsil poeziyanın təbliği işidir. Yubiley ilinə start verən bu başlanğıc yazısında Şairin bir-iki əsərinə istinad edərək yubileyə qədər onun barəsində yazılacaq, ədəbiyyatımızı gözəl təhlillərlə zənginləşdirəcək əsərlərə meydan vermək, söz sərraflarının fikrini dinləmək istərdim.
Vaqif Aslan yaradıcılığı populyarlaşdırılmağa deyil, düşünməyə, düşündürməyə vadar edən yaradıcılıqdır. Vətənpərvərlik, öz soyuna, kökünə sahiblənmək, xalğın minillərdən bəri topladığı, qoruduğu mənəvi dəyərləri, söz sərvətini gələcək nəsillərə ötürmək, bu xalıya öz naxışlarını vurmaq Vaqif Aslan yaradıcılığının ana xəttidir.
Azərbaycan tarixinin ən ağrılı-acılı yaxın keçmişi hamı kimi Şairə də əzab verir, mənfur düşmənin cəzasızlığı, azğınlığı bəzən ümid çırağının öləziməsinə gətirib çıxarırdı. Dəyərlərin ayaq altına atıldığı bir vaxtda qələmə aldığı “Şəhid köynəyi” zülmə, vəhşiliyə, biganəliyə, işğala üsyan kimi səslənir.
Şanlı ordunun, mətin xalqın, tədbirli Ali Baş komandanın birgə səyləri alnımızın ləkəsini silməyə, əyilmiş qəddimizi düzəltməyə imkan verdi. İgid vətən oğullarının şücaəti də Vaqif Aslan yaradışılığında özünəməxsus çalarlarla tərənnüm edilir.
Ona alimmi demək doğrudur, yoxsa şairmi? Əslində hər iki yöndə böyük uğurlar qazanıb. Bir də onun haqqında oxuduğum məqalələrin birində haqlı olaraq qeyd edildiyi kimi o, tarixi şeirlə yazan alimdir.
Ana dilinin təmizliyinin, ülviliyinin, ucalığının keşiyində duran şairdir. Sadə olduğu qədər bəşəri, eləcə də bəşəri olduğu qədər sadədir. Bu sadəliyin arxasında danılmaz bir əzəmət durur. Qobustan qayalarının, Kiş dağının, Cumay ocağının əzəməti. Ən gurultulu həqiqətləri həzin səslə, lazım gəlsə pıçıltı ilə anlada bilmək əzəməti.
Yarım əsrdən çox xoş bəxtini bölüşdüyü Yarına–yarısına xitabla yazdığı “Sən mənə sözünü çoxdan demisən” şeirində yaranışın və görüşün heç də təsadüf olmadığını belə anladır şair:
Onda sən özün də doğulmamışdın.
Cənnətdə şeytanın sözünə uyub
Mənimlə birlikdə qovulmamışdın.
Tanrı dəftərində var idik, amma
Bir gün yer uzunə biz düşəsiydik
Burda nə sirr vardır, nə də müəmma
Vaxtımız çatanda görüşəsiydik.
Vaqif Aslan gəlişigözəllik üçün deyilən mənada yox, sözün tam mənasında müəllimdir. Bütün hərəkətləri, davranışı ilə, həyası və öyrətmək, maarifləndirmək qabiliyyəti ilə. Az qala uşaqların yaşlılarla “çilingağac” oynadığı, arsız danışıqlarda sərhəd tanımadığı indiki vaxtda uşaqlar və gənclər lap o bizim uşaqlıq vaxtımızda olduğu kimi Vaqif müəllimi görəndə özünü yığışdırır, gizlənməyə yer axtarır. Halbuki indiyə qədər onun kiməsə sərt davrandığını, səsini yüksəltdiyini görən olmayıb.
Qarşıdan yubiley gəlir. Nədənini, səbəbini bilmirəm, amma mənim aləmimdə Vaqif müəllim müdriklikdə bu yaşdan da çox böyük, həyat eşqinə, sinəsi dolu planlarına, layihələrinə görə isə çox gəncdir. Tanrının təqdirini bizdən daha yaxşı bilən dostuma ətrafının, həmkarlarının, dostlarının müdriklikdən uzun müddət zövq ala bilməsi üçün yeni-yeni yubileylərə hazır olmağı, sənət nümunələri, poeziya inciləri yaratmağı tövsiyə edirəm.
Cəfər Sadıq,
Moskva, avqust 2024-cü il.
Mən onda anadan olmamış idim.
Mən atam belindən anam bətninə
Axıb damcı-damcı dolmamış idim
Sən mənə sözünü çoxdan demisən
Görüşdük, dayandıq qabaq-qabağa
Necə kip oturduq bir-birimizə.
Qoy canım canına olsun sadağa
Sevənlər sevgiylə baxsınlar bizə.
Sən mənə sözünü çoxdan demisən.
Biz həmən o sözdən doğulanlarıq.
Yarı sən, yarı mən, nə var ki burda
Həmən o söz ilə var olanlarıq.
Var olub yarına yar olanlarıq,
Yar olub yarından yariyanlarıq.
Harda ki çıxırıq qabaq-qabağa
Bir olub qol-boyun sarılanlarıq.