ÜRƏKDƏN GƏLƏN SÖZLƏR…


ÜRƏKDƏN GƏLƏN SÖZLƏR...
Sevimli Türkiyəmizin Çanaqqala şəhərində yaşayan bir dost, bir şair, dadlı-duzlu qələm sahiblərindən olan Mustafa Berçin haqda yazmaya bilməzdim. Bu insanın sözləri onun qəlbinin duruluğunu, saflığını və Azərbaycanımıza olan məhəbbətini əks etdirir çünki.

Mustafa Berçin – 1959-cu ildə Malatya vilayətinin Akçatoprak kəndində anadan olub. Doğma kəndində orta məktəbi, Ankarada Ticarət və Turizm Ali Məktəbini, Çanaqqala 18 Mart Universitetini bitirib.
Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub.
Hazırda Ali Təhsil Akademiyasında inzibati işlə məşğuldu.
Həm də Akademi Şeir Dərnəyinin rəhbəridi.

Mən bu gözəl insanla əziz şairimiz Məmməd İsmayıl vasitəsilə, bu ilin 18 mart Dəniz Zəfəri günlərində iştirak edərkən tanış oldum. Mustafa bəy mənə iki kitabını hədiyyə etdi. Həmin günlərdə keçirilən şeir çölənlərində Şiir Akademiyasının diplomu ilə təltif olundum.

Aprel ayında Türkiyədə Avrasiya Yazarlar birliyinin üzvü seçilərkən bu istedadlı insanla görüşmək mənə bir daha nəsib oldu. Daha iki şeir və hekayələr kitabını mənə bağışladı Musfafa bəy.
“Ülkü ocaqları”” tədbirində şəhidlərin anımı günü və ondan sontakı toplantıda, şairin həyat yoldaşı və iki gözəl övladı ilə də tanış oldum.
Həm gözəl şair, həm mehriban ata, həm də qayğıkeş həyat yoldaşı olmaq kimi bütün gözəl keyfiyyətləri özündə cəmləşdirən, şəxsiyyətinə dərin hörmət bəslədiyim Mustafa Berçinin şeirlərini Azəri türkcəsinə uyğunlaşdırıb xalqıma çatdırmağı özümə borc bilirəm.

Türk xalqı hər zaman istedadlar yetişdirib və hər zaman da yetişdirəcəkdir.
Qardaş eldə yaşayan qələm dostuma uğurlar arzulayıram!

Avrasiya Yazarlar Birliyinin üzvü
Afaq ŞIXLI. Moskva

AMAN XƏZƏR!

Çevirən: Afaq Şıxlı

Əsrarəngiz gecələrdə, Bakıda
Bədrlənmiş ay salamlar Xəzəri.
Ona bənzər gözlərinin rəngi də…
İşıq saçar ləpələrin üzəri.

Göy mavisi – Türküyümün nişanı,
Qırmızısı – şəhidimin al qanı.
Yaşıl rəngi təmsil edər İslamı.
Uzaq olsun bədxahların nəzəri.

Aman Xəzər, yaslı Xəzər, can Xəzər!
Sahilində dalğa-dalğa qəm gəzər…
Hüzünlüsən, bayrağından qan sızar!
Qalmayıbdı duaların kəsəri.

Qarabağda üfüqlərin qaralı…
Şair sinəm Xocalıdan yaralı!
Mustafa da düşüb sizdən aralı…
Zəfərədək od alacaq məzarı!

ƏLİNƏ DÜŞDÜ

Bir gözəl sevəndən, elimdən uzaq,
Sevdam aşıqların dilinə düşdü.
Aldı ürəyimi məndən Qarabağ,
Gözüm bir nazənin gəlinə düşdü.

Gözümdən uzaqdı, könlümə yaxın!
Bitməz ki, həsrəti… Qəm axın-axın!
Mənə tuş eylədi məhəbbət oxun,
Ahım kəmənd oldu, belinə düşdü.

Çağlama, ey Xəzər, dərdim oyanar!
Kükrəyib çoşaram – rüzgar dayanar.
Xarı bülbül desəm, ürəyim yanar
Vətənim yağılar əlinə düşdü.

Çıxıb Ağrı dağa dumana batsam,
O Cıdır düzündə, çöllərdə yatsam!
Tutarmı əlimi, yara uzatsam?
Günəşin səfəqi telinə düşdü.

Əriyib getsə də dağların qarı
Silmədi könlümdən qəmi, əfkarı…
Bu qanın, davanın iti rüzgarı
Qoca Şəhriyarın elinə düşdü!

Tutqun xəyallarım üfüqdə buzlar…
Qəlbim bu həsrətdən sızlar ha, sızlar!
Nədən kədərlidir elimdə qızlar?
Bəxtləri ayrılıq selinə düşdü?!

MƏNIM BULUDLARIM HÜZÜNLƏ DOLMUŞ

Mənim buludlarım hüzünlə dolmuş,
Göz yaşı axıdar qəm olan yerə.
Yığışıb sellənib ümmana dönmüş…
Nolardı, “sevirəm” desə bir kərə?!

Mənim buludlarım yoldaşdır yelə,
Bülbültək aşiqdir bir qızılgülə.
Sevən ürək üçün atəşdir çilə –
Yaxar bu dünyada, qoymaz məhşərə.

Mənim buludlarım susar, çağlamaz,
Sevdaya düşməyən, ürək dağlamaz.
Bozarar, qaralar, amma ağlamaz,
Baş əyməz zülümə, nə də qədərə.

Mənim buludlarım dağlara həmdəm,
Enməz düşsə belə qəm üstünə qəm.
Bu sevgim mirasdır sizlərə məndən,
Vəfasız kim olsa, düşsün kədərə.”


Bir cavab yazın