Uşaqkən quşlara daş atan oğlan
Ruslan Dost Əli
Hər şeyi başqa cür düşündük əvvəl,
Yaş ötdü, hər şeyin tərsini gördük.
On bir il məktəbə gedib gəldikcə
Yaşadıq, həyatın dərsini gördük;
Kiçikkən yüz işə meyl salanlar,
Indi ölüm-zülüm bir işə girib.
Körpəykən divlərdən qorxub yatanlar,
Indi divlər ilə döyüşə girib!..
Hər yerdə bir ocaq-od çatan oğlan,
Vaxt gəldi, bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
Böyüdükcə quşa dönmək istədi…
Sularda balığı xoşbəxt görənlər,
Bilirəm, fikriniz dəryada qalıb.
Məftildən düzəldib maşın sürənlər,
Indi görürəm ki, piyada qalıb.
Çərpələng uçurram hərdən havaya,
Nə dərd görübdürsə yerdə, qayıtmır.
Gizlənqaç oynu da dəyişib artıq,
Qaçan elə qaçır, bir də qayıtmır…
Dünyanı gözəl tək görən gözəllər,
Gəlib bu dünyanın çirkinə düşüb.
Gəlinciyin ərə verən gözəllər,
Indi gəlin olmaq fikrinə düşüb.
Qalın kitabları cırıb atanlar,
Indi kitab yazır, varaq bağlayır.
Körpə budaqları qırıb atanlar,
Indi ağac əkir, budaq bağlayır.
” Mənim də uşaqlıq xatirəm durur,
Min ağac başında, min söyüd altda.
Indi övladına öyüd verənlər,
Bir vaxt böyüyüblər o söyüd altda “”.
Hər yerdə bir ocaq-od çatan oğlan,
Vaxt gəldi, bir anlıq sönmək istədi.
Uşaqkən quşlara daş atan oğlan,
Böyüdükcə quşa dönmək istədi…
“