Vaqif Aslan- Şeirlər
Vaqif Cumay oğlu Aslanov 1950-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız və Azərbaycan dilləri” fakültəsinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Şəki sektorunun rəhbəri və Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir. Müxtəlif illərdə nəşr olunmuş şeirlər kitablarının müəllifidir. Qarabağ hadisələrinə həmişə hüznlü, yanğılı, vətənpərvər siqlətli seirləri ilə səs verən Vaqif Aslanın üç seirini bu gün oxuculara təqdim edirik.
ŞƏHİD KÖYNƏYİ
Dəstə-dəstə, qoma-qoma,
Tanrıya göz yuma-yuma,
Bazarlara cuma-cuma
Mal axtaran arxadaşlar,
Ət qaxacı, şəkər tozu,
Yad verən adyal qurtarıb.
Bircə şəhid köynəyi var,
Verəmmərəm onu sizə
Geysəniz də dar gələcək
əyninizə.
Didərginin tikəsəini
yeyənlərim,
Millətini soyundurub,
köynəyini geyənlərim!
Bazarlara yol axtaran
bağrıdaşlar,
a soydaşlar,
a qardaşlar
a yoldaşlar
yol qurtarıb
Yaşınmağa yarpaq, budaq,
kol qurtarıb!
Bircə şəhid köynəyi var,
Necə qıyım onu sizə?
Eybinizi örtmək üçün
Çəkəsiniz əyninizə?!
Kəfən deyil-
candan baha, qandan baha
Köynəkdi bu!
Şivən deyil,
Göz dağıdı, lal fəryadlı
Göynəkdi bu!
Əlvan deyil
bir üzlüdür,
bir ipdəndir
Bir rəngdi bu!
Mənsəb gəzən, taxt axtaran
taxtabaşlar,
gəzdiyiniz hal qurtarıb,
şirin nağıl, yalan vədə
Heç dəyməyib, kal qurtarıb.
Doğru sözə, düz ilqara
qismət olan
buxov, noxta,
nal qurtarıb.
Satılmayan namus, həya,
Satlıq qoyun, mal qurtarıb.
Şor quruyub, yağ tükənib,
bal qurtarıb,
bircə şəhid köynəyi var,
O da mənim
Qalan nə var… sizin olsun,
A qandaşlar
qarındaşlar!
Təkcə isti qan çilənən
Köynəkdəki
O qan-mənim
qada-mənim!…
KƏLLƏ
Göz yeri-oyuq…
Qupquru-soyuq…
Içi boş,
Xatiri xoş…
Səssiz..
Nəfəssiz
Kəllə!
Gördün?…Qorumaq olmur
Bir başı iki əllə.
Diriykən,
Iriykən
Olanlardan biriykən
Papaqda saxladığın,
Yaylıqla bağladığın
Guya gün ağladığın
Başın bu, sonun bumu?
Axirət donun bumu?
Naxışları tökülmüş
Calaqları sökülmüş
Alnın mənə tanışdır.
Salamat baş saxlamaq,
Boş şeydir, aldanışdır.
Nə ağrın var, nə acın,
Nə duyur, nə bilirsən.
Iki əli, bir başı
Olanlara gülürsən.
Göz yeri-oyuq…
Qupquru-soyuq…
Içi boş,
Xatiri xoş…
Səssiz..
Nəfəssiz
Kəllə!
Gördün?…Qorumaq olmur
Bir başı iki əllə.
KİŞİLƏR
Arazdan keçmirik-suyu sərindir
Kürdən adlamırıq-dibi dərindir.
Araz aşığından, Kür topuğundan
Olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
əsliniz, kökünüz, soyunuz sizin,
Axıb qanımıza dolan kişilər!
Sizin yanınızda dilimiz qısa,
Ətəyimiz uzun, əlimiz qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər!
Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb Yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız “hoydu, hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər–kor eşşəyə palan kişilər.
Sizi aldatmasin saxamız bizim,
əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağan tək alan kişilər!
Siz hara? Biz hara? Nə deyək sizə?
Inciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişilər!
Aşır başımızdan Kür də, Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da-qalın bəylər, kalan kişilər!
Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş,
Sizin yerinizdə qalan kişilər!
Indiki kişilər—yalan kişilər!…
/Yenises.ru/