Vüqar Bayramovdan ŞEİRLƏR


Vüqar Bayramovdan  ŞEİRLƏR
Görərsən

Söndürmə gözümdə yanan alovu,
Bir gün ulduzumu sönən görərsən.
Sənin həyatında günəş doğanda,
Mənim taleyimi dönən görərsən.

Büsatın xoş olar öz ünvanında,
Xatirəm dolanar dörd bir yanında.
Tərs dönən bəxtimin nərdivanında,
Məni pillə – pillə enən görərsən.

Mənli günlərinin qoxusu itməz,
Şirin xəyalların yuxusu bitməz.
Yoxluğun əcaib qorxusu getməz,
Hər şeyi tər – təzə, dünən görərsən.

Hicran səhnəsinin, sal pərdəsini,
Endir birdəfəlik al pərdəsini,
Sən könül sazımın lal pərdəsini,
Həsrətdən, hicrandan dinən görərsən.

Soruş

Niyə inanmırsan sevgimə mənim,
Səni sevdiyimi gözümdən soruş.
Sənin həsrətindən çoxalır qəmim,
Nələr çəkdiyimi, özümdən soruş.

Eşqin dumanından görünüm gəlim,
Ayaq izlərinə bürünüm gəlim,
Sən gələn yolları sürünüm gəlim,
Agrını, acını dizimdən soruş.

Sənsiz ürəyimin qəm-kədərindən,
Çatlayan dodaqda kəlmələrimdən,
Mənim sən qoxuyan şeirlərimdən,
Sinəmdən süzülən sözümdən soruş.

Sevərsənmi?

Desəm sənsiz dözmür ürək
Sən, inana bilərsənmi?
Mən səninçün ölüm gərək,
Onda məni sevərsənmi?

Görsən yoxdur sənsiz halım,
Tək sən olsan arzularım,
Desəm, gülüm, qadan alım,
Öz dünyama gələrsənmi?

Dəniztək coşub çağlasam,
Mən sənə ümüd bağlasam,
Səndən ötrü çox ağlasam,
Göz yaşımı silərsənmi?

Eşqin sinəmi dağlayıb,
Gülüm, yaramı bağlayıb,
Mən ağlayanda ağlayıb,
Mən güləndə, gülərsənmi?

Körpəmiz olsa qolunda,
Dünya olsa sağ solunda,
Ölüm olsa eşq yolunda,
Sevgin üçün ölərsənmi?

Nə faydası

Bağrımı min yerdən oyub getmisən,
Sinəmdə bir yara qoyub getmisən,
Qəlbimi oğrutək soyub getmisən,
Eşit nə faydası, bil nə faydası.

Sevgimə qatmadım bir damla haram,
Bu dünya durduqca sevgimlə varam.
Ötsə də üstündən, sağalmaz yaram,
Zaman nə faydası, il nə faydası.

Yoxluğun yolumu bağlayır mənim,
Hicranın sinəmi dağlayır mənim,
İçimdə ürəyim ağlayır mənim,
Qurut nə faydası, sil nə faydası.

Dərdinə dözməyib düşmüşəm xəstə,
Yox olum, qalasan qulağı səsdə,
Dayan sevgilinin məzarı üstə,
Agla nə faydası, gül nə faydası.

İntizarda qalmışıq

İllər keçib, yaş üstünə yaş gəlib,
Bilirsənmi neçə ildir tanışıq.
Görüşümüz görən nəyə tuş gəlib,
İkimiz də intizarda qalmışıq.

Çox çəkmişik həsrətini sevginin,
Bölüşmüşük qismətini sevginin,
Duya – duya hikmətini sevginin,
Ayrılığı niyə, nədən salmışıq.

Küsüşmüşük. ürək yanıb, can yanıb,
Unutmuşuq kim yatıb, kim oyanıb.
Bizdən ötrü vaxt susub, an dayanıb,
Sevgi dolu xəyallara dalmışıq.

Düşünmüşük vüsal adlı büsatı,
Yaşamışıq ömrü, günü, həyatı,
Yaratmışıq neçə şeir, bayatı,
Saz götürüb neçə nəğmə çalmışıq.

Daha bəsdir intizar da, hicran da,
Qoy dəyişsin həyatımız bir anda,
Keçirməyək, ömrü qarda, boranda,
Ömrümüzdən biz kağızmı almışıq.

/Yenises.ru/


Bir cavab yazın