Vüqar Bayramovdan Şeirlər



Vüqar Bayramovdan  Şeirlər
ƏZİZİM

Qoy aşım kəsdiyin bəndi, bərəni,
Başqa bir istəyim yoxdur, əzizim!
Mən sənin sehrinə yaman düşmüşəm,
Baxışın qəlbimə oxdur,əzizim!

Həyatda heç nədən qorxan deyiləm,
Hər yana, hər səmtə axan deyiləm,
Gündə bir gözələ baxan deyiləm,
Gözlərim səninlə toxdur, əzizim!

Bu şirin sözlərim tədarük deyil,
Sənə məhəbbətim mənə yük deyil,
Bilirəm ürəyim ən böyük deyil,
Bəlkə də istəyim çoxdur, əzizim.

MƏNİM

Heyif uzaqdasan gələ bilmirəm,
Necəsən, hardasan bilə bilmirəm,
“Ulduzu”” görməsəm ölə bilmirəm,
Bu gecə yuxuma gələrsən mənim!

Kədər məni sıxıb, üzməyə qoyma,
Dərdi dərd yanına düzməyə qoyma,
Gəl məni həbs elə gəzməyə qoyma,
Bu gecə yuxuma gələrsən mənim!

Yaxşı zamandırsa, yaxşı vaxtdırsa,
Qəlbində istəyin bir az çoxdursa,
Əlində bir vacib işin yoxdursa,
Bu gecə yuxuma gələrsən mənim!

DÜNYADA

Məni görməyənlər, eşidin, bilin!
Mən yalan deyiləm, varam dünyada.
Ömrümü günümü elə yaşadım,
Dilimə dəymədi haram dünyada.

Gözlərim yaş oldu nəmə alışdım,
Çox kiçik sevincli dəmə alışdım,
Kədərə alışdım, qəmə alışdım,
Heç vaxt sağalmadı yaram dünyada.

Heç kimə tor qurub hörə bilmədim,
Sandılar nə qayda, törə bilmədim,
Dedilər… Uzağı görə bilmədim,
“”bəlkə də gözləri toram dünyada””

Kim deyə bilər ki, mətin olmadım?
Qəlbi yumşaq oldum, çətin olmadım.
Nə qədər yaşadım bütün olmadım,
Bilmədim hardadı param dünyada!

QARDAŞIM

Fəsil – fəsil gedir ömrüm,
Hər günü qışdı, qardaşım.
Öyrənmişəm dərdə yaman,
Üzü tanışdı, qardaşım.

Həvəssizdir teldə daraq,
Həmdəmimdi qələm, varaq,
Harda oldum məndən qabaq,
Bəxtim danışdı, qardaşım.

Həyat verdi cəm yükünü,
Həm qəmini, həm yükünü,
Daşıyıram nəm yükünü,
Bu da bir işdi, qardaşım.

Yoruldum dərdi bölməkdən,
Qorxum yoxdur tez ölməkdən.
Vallah yalandan gülməkdən,
Üzüm qırışdı, qardaşım!

Vüqar Bayramov
09.09.2017


Bir cavab yazın