Samux rayonunun Sərkar kəndində ilaxir çərşənbə təntənəsi VİDEO- FOTO


Samux rayonunun Sərkar kəndində Novruzun ilaxır çərşənbəsi təntənə ilə qeyd edildi. Kəndin mərkəzində Novruz adət-ənənəsinə uyğun bəzədilmiş meydanda böyük bayram tonqalı kənd sakinlərini ətrafına toplamışdı. Bir yanda Sərkar kənd orta məktəbinin yetirmələri olan gənc güləşçilər güclərini sınayır, digər tərəfdə azyaşlı məktəblilər şahmat taxtasında bir -biri ilə yarışır, bir yanda isə rəqs edən bahar qızların “Hakışta” səsləri, Novruzun simvolu Kosa ilə Keçəlin baməzə söhbətləri, yaz nəfəsli təranələr bir-birinə qarışmışdı. Uzun qışdan sonra təbiətin oyanması ilə insan ruhunun təzələnməsinin ovqatları şənlədirməsi gülən üzlərdə bahar günəşi kimi bərq vururdu. Açıq səma altında belə bir bayram təntənəsi isə Sərkar kəndində ilk dəfə yaşanırdı.

Samux rayonunun Sərkar kəndində ilaxir çərşənbə təntənəsi  VİDEO- FOTO Sərkarda qeyd edilən son çərşənbə axşamı gecəsi təntənəsində sakinlərlə bayramlaşmağa gələn Samux rayon icra hakimiyətinin başçısı Alı Qocayev çıxış edərək, daha çox əkinçinin, cifçinin sevinci olan bahar bayramı münasibətilə hamını təbrik etdi. Torpağın oyanışı, fəslin yenilənməsi kimi qeyd edilən Novruz bir də dostuq, barış, əmin-amanlıq bayramıdır deyən Alı Qocayev torpaqları işğal altında olan Azərbaycanımızda Novruz tonqallarının o yurdlarımızda çatılmasını arzu etdi. “Köksü şəhidlərimizn qanı ilə suvarılan Qarabağımızın azad edilməsini elliklə bayram edəcəyimiz o gün uzaqda deyil”-dedi.

Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov da çıxışında həmkəndlilərini və bütün Azərnaycan xalqını Novruz münasibətilə təbrik edərək, onlarla bayram diləklərini paylaşdı. “Süfrələmiz bol nemətli, torpaqlarımız ruzi -bərəkətli olsun-Bayramınız mübarək!”


Novruzun belə böyük təntənə ilə təşkil eidlməsinin baş memarı olan Sərkar kənd icra hakimiyyətinin nümayəndəsi Təhmasib Əliyev də öz növbəsində başda Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev olmaqla, rayondan gələn bütün məsul şəxsləri salamlayıb onlara “xoş gəldin” etdi. Novruzun kiçik bir kənddə belə böyük miqyasda ilk dəfə keçirilir. Novruz həm də bölüşmək, paylaşmaq, barışmaq, birləşməkdir-deyə hər kəsə sülh, əmin-amanlıq dolu bir dünyada yaşamaq arzuladı. “Gün o gün olsun ki, bu bayramımızı Qarabağda keçirmək nəsibimiz olsun”- diləyiylə mərasimə toplaşanları və bütün Azərbaycan xalqının bayramını təbrik etdi.

Meydan ulu Dədə Qorqudun xeyir-duası ilə saza-sözə verildi. İnsanlar paxlavalı-şəkərburalı bayram süfrəsi ətrafında Sərkar kənd məktəbinin şagirdlərinin və mədəniyyət evinin hazırladığı maraqlı bayram proqramıni izlədilər.

Taleyi kəşməkeşlərdən keçən, uzun illər yasaqlar görmüş, evlərdən, dalanlardan o yana çıxmasına icazə verilməyən Milli bayramımız 1967-ci ildə ilk dəfə geniş arenda elliklə qeyd edilmişdi. O vaxtdan keçən yarım əsr, azadlığının 50 illiyini yaşayan və hər zaman qadağalara rəğmən yaşadılan Novruzun bir ayrıcalığı da budur. Hər bir atributu ilə özünəməxsusluğu ilə seçilən və sevilən Novruzun ilaxır çərşənbəsinə həsr edilmiş mərasim insanlara sözün təsvir edə biləcəyindən daha şən və xoş anlar bəxş etdi.

Tünzalə Vəliqızı,
Moskva-Gəncə-Moskva
15.03.2017

VİDEOLAR və FOTOLAR

Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev sakinləri bayram münasibətilə təbrik edir

Sərkar kənd icra nümayəndəşiyinin rəhbəri Təhmasib Əliyev

Samux rayon Mədəniyyət mərkəzinin rəhbəri Şəlalə Tağıyeva

Təbriklər


Bir cavab yazın