YAŞAR SÜLEYMANLININ yeni şeirləri


YAŞAR SÜLEYMANLININ yeni şeirləri
Əziz oxucularımız!
Moskvada yaşayan gənc yazar Yaşar Süleymanlının yeni şeirlərini sizə təqdim edirik!
Fikrimizcə bəyənəcəksiniz…

MƏNİM!

İçim talan, çölüm talan,
Bölünmüşəm dalan, dalan,
Məni məndən ayrı salan
Aradakı bu çay – mənim,
O tay mənim, bu tay mənim.

Vaxtı çatıb yetişməyən,
Birləşməyən, bitişməyən,
Heç kimsəyə yetişməyən,
İçimdəki bu hay – mənim,
O tay mənim, bu tay mənim.

O qədər ki, çəkilib dağ…
Yazıq ürək – sönən çıraq!
Geydiriblər libası ağ,
Neçə ildir bu vay mənim,
O tay mənim, bu tay mənim.

Öz elimdə yada əsir,
Biri asır, biri kəsir.
“Bir “Nəsirəm”, bir də “həsir””,
İçi dolu saray mənim,
O tay mənim, bu tay mənim.

Bəsdi daha! Yetər! Yetər!
Bunca zülüm, bunca xətər!
Düşünməyin gücüm bitər,
Otuz milyon! – bu say mənim!
O tay mənim, bu tay mənim!

BİR PAYIZ GECƏSİ…

Bir payız gecəsi, yenə də sənsiz,
Əllərim qoynumda xəyala dalıb,
Düşünürəm səni səssiz, səmirsiz,
Başımın üstünü duman, çən alıb.

Soyuqdur, bu axşam, üşüyürəm mən,
Xatirən qəlbimi isidə bilmir.
Soyuq göz yaşlarım axır gözümdən,
Xəyalın gözümün yaşını silmir.

Quşlar da oxumur, susub bu axşam,
Yəqin mənim kimi səni anırlar.
Uçur pərvanələr, alovlanır şam,
Qəsd edib canına, məntək yanırlar.

Qovmaq istəyirəm qəmi, kədəri,
Gözümün önündən xəyalın getmir.
Həsrətin çoxdandır çalıb zəfəri…
Nə məni öldürmür, nə azad etmir.

Gözümü yumuram, yuxum da gəlmir,
Yalandan balıncı qucaqlayıram.
İnsafsız xəyalın yaxın da gəlmir,
“Yaxın gəl!” deyərək sayıqlayıram.

Bir payız gecəsi, mən qəmgin, bərbad,
Səni düşünürəm, səndən xəbərsiz,
Bəlkə də yumşacıq yataqda rahat
Çoxdandı yatırsan… məndən xəbərsiz…

SƏNƏ BAĞLIYMIŞ…

Eh, sənə bağlıymış, sanki hər şeyim,
Ümidim, xəyalım, sevincim, nəşəm.
Getmisən, elə bil tükənib heyim,
Bir küncdə quruyub daşa dönmüşəm.

Silinib üzümdən təbəssüm izi,
Yerində kədərin qırışlar salıb.
Mən indi sahilsiz həsrət dənizi,
Üstümü qapqara fırtına alıb.

Çəkilibdi ərşə gözümdən yuxum,
Gecəli-gündüzlü fikrə dalmışam.
Elə bil sənmişsən tək varım, yoxum,
Sənsiz bu dünyada tənha qalmışam.

Ürəyim köklənib sarı sim üstə,
Nəğməsi fəğandır, nəğməsi vaydır.
Necə qar arzular can üstə xəstə,
Dönüşün mənimçün, bax, elə paydır.

Eh, sənə bağlıymış, sanki hər şeyim,
Nə günüm gün olub, nə gecəm gecə.
Getmisən, elə bil tükənib heyim,
Bilmirəm mən sənsiz yaşayım necə…

BU DA BELƏ BIR SEVDADIR

Ürəyimi aldı getdi,
Məni dərdə saldı getdi,
Xəyallara daldı getdi,
Bu da belə bir sevdadır.

Heç üzümü güldürmədi,
Oda saldı, söndürmədi,
Nə də məni öldürmədi,
Bu da belə bir sevdadır.

Sevinc dedim, kədər verdi,
Mey istədim, zəhər verdi,
Nə bar verdi, bəhər verdi,
Bu da belə bir sevdadır.

Bacarmadım, yenik düşdüm,
Hər gün qocaldım, bürüşdüm,
Gah ayrıldım, gah görüşdüm,
Bu da belə bir sevdadır.

Mən Yaşaram, gülməz eynim,
Kədər dolu qəlbim, beynim,
Soranlara dedim “Neynim,
“Bu da belə bir sevdadır”.


GÖRMÜŞƏM!!!

Xeyir olsun, dünən gecə yuxumda,
Millətimi yaman gündə görmüşəm.
Qəm cücərdib səpdiyi hər toxumda,
Dərdlərini edir kündə görmüşəm.

Ürəyini qorxu-hürkü bürüyən,
Haqqı boğub, asıb, kəsib, sürüyən,
Doğruları zindanlarda çürüyən,
Yaltaqları gedir öndə görmüşəm.

Beyinləri manqurtlaşıb, kütlənən,
Ar-namusu çılpaqlaşıb, lütlənən,
Kasıbları səngərlərdə bitlənən,
Varlıları durub gendə görmüşəm.

Doğru yoldan, haqq yolundan sapınan,
İçi keçib, öz içinə qapınan,
Allahını danıb, bütə tapınan,
Neçə belə kafir bəndə görmüşəm.

Ha düşündüm, nədir axı, nədir sirr,
Sual etdim, gəzdim neçə ocaq, pir.
Kimə dedim, bu yuxunu yozun bir,
Dedi “Yaşar, bunu mən də görmüşəm”.


Bir cavab yazın